Ermənilərin Paşinyana münasibəti: Baş nazirin reytinqi düşüb – SORĞU

Əhalinin 38 faizi Baş nazirin vəzifəsini davam etdirməli olduğunu, 45 faizi isə istefa etməli olduğunu hesab edir

Ermənistan vətəndaşlarının təxminən yarısı ölkənin Baş naziri Nikol Paşinyanın istefaya getməli olduğunu düşünür. AYNA xarici mediaya istinadən bildirir ki, “Gallup” beynəlxalq təşkilat 25 noyabr – 2 dekabr tarixləri aralığında telefonla anket sorğusu aparıb. Təşkilatın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan sorğunun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, sosioloji sorğu Ermənistanın bütün şəhər və rayonlarını əhatə edib.

““Paşinyanın indi nə etməli olduğu” sualına respondentlərin 38 faizi Baş nazirin vəzifəsini davam etdirməli olduğunu, 45 faizi isə istefa etməli olduğuna inandığını söyləyib”, – deyə Navasardyan qeyd edib.

2020-ci ilin iyul ayında “Gallup”un keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 85 faizi Paşinyanı dəstəkləyirdisə, indi onun dəstəkçiləri 38 faizə enib.

Navasardyan vurğulayıb ki, Baş nazirin reytinqi iki hadisədən sonra – oktyabrın 26-da canlı yayımda Ermənistanın güzəştə getməli olduğunu deməsindən və 9 noyabrda Qarabağla bağlı üçtərəfli bəyanata imza atmasından sonra kəskin şəkildə düşüb.

Respondentlərin 42 faizi Baş nazirin 6 aylıq böhran əleyhinə proqramı ilə tanış olduqlarını, yarısından çoxu, 53 faizi tanış olmadığını deyib.

Ermənistan əhalisinin 41 faizi erkən parlament seçkilərinə ehtiyac görmür, respondentlərin 46 faizi seçkilərə ehtiyac olduğunu hesab edir.

“Respondentlərin 32 faizi Ermənistanın prezident idarəetmə formasına qayıtmağı üstün tutur, 38 faizi parlamentli respublika formasından razıdır. Cavab verməkdə çətinlik çəkənlərin sayı isə 30 faizdir”, – Navasardyan deyib.

Respondentlərin yarısından çoxu – 56 faizi Qarabağ müharibəsindən sonra Ermənistanda özlərini təhlükəsiz hiss etmədiklərini qeyd ediblər. 19 faiz isə özlərini qorunan hiss etdiklərini söyləyib, çünki onlar Ölkədə təhlükəsizliyin təmin edilməsi baxımından heç bir şey dəyişmədiyini hesab edir.

“Gallup”un Ermənistan nümayəndəliyinin direktoru bildirib ki, ilin sonuna qədər daha iki anket sorğusu keçirəcəklər.

1 şərh
  1. zE6boKP9DM yazır

    aza

Şərhlər bağlıdır.