AZƏRBAYCAN MILLI MƏCLISININ XALQ QOŞUNLARININ TƏŞKILI HAQQINDA QANUNU

Azərbaycan Milli Məclisinin 21 dekabr 1945-ci il tarixli 4-cü ümumi iclasında xalq qoşunlarının təşkili haqqında aşağıdakı qanunu təsdiq oldu:

1-ci maddə – Xalq Qoşunları Nazirliyi Azərbaycanın ehtiyaclarının tələbindən çıxış edərək xalqı əməli olaraq tezliklə xalq ordusunu yaratmaq üçün öz milli vəzifəsini (əsgəri xidmət – red.) icra etməyə dəvət edir.

2-ci maddə – Qoşunun miqdarı və onun müntəzəm dəstələrə ayrılması, həmçinin zabitlərin və komandirlərin dərəcələr (rütbələr – red.) üzrə qruplaşdırılması dövlət heyətinə həvalə olunur.

3-cü maddə – Milli əsgərlik vəzifəsinin müddəti bir il yarımdır. 20 yaşına çatmış olan bütün azərbaycanlılar müəyyən şərait daxilində qoşuna çağrılır.

4-cü maddə – Xalq Qoşunları Nazirliyi milli qoşunu idarə etmək üçün hərbi məlumata malik olan azadlıqsevən şəxslərdən bir Ali şura təşkil edir. Bu şuranın daxili nizamnaməsi, vəzifə və səlahiyyət qaydalarını müəyyənləşdirilməsi dövlət heyətinə tapşırılır.

5-ci maddə – Ali şuranın qərarları Xalq Qoşunları Nazirliyinin və baş komandanın təsdiqindən sonra icraya qoyula bilər.

6-cı maddə – Ali şura qoşunun idarəsi və ordu bölmələri üçün xüsusi nizamnamə tənzim edib Xalq Qoşunları Nazirliyinin və dövlət heyətinin təsdiqi ilə icraya qoyulur.

7-ci maddə- Qoşunun geyim və dərəcələri (rütbələri – red.) də Ali şuranın qərarı və baş komandanın təsdiqi ilə təyin olunur.

8-ci maddə – Zabitlərin dərəcələrini (rütbələrini – red.), onların artırılmasını və qəhrəmanlıq göstərən fədailərin təltifi Xalq Qoşunları Nazirliyinin təklifi və baş komandanın əmri ilə təyin olunur.

9-cu maddə – Xalq Qoşunları Nazirliyi dövlət heyətinin təsdiqi və baş komandanın qərarı üzərə ölkənin müdafiəsi və xalqın azadlığını təmin etmək üçün lazımi silah, sursat və sair hərbi texnikanın təchizi və qoşunu müasir hala salmaq üçün Milli Məclis tərəfindən qəbul olunan büdcə üzrə ciddi tədbirlər görməyə borcludur.

10-cu maddə – Xalq qoşunları sırasına dəvət etmək üçün lazım olan nizamnamə və qərarların tənzimi dövlət heyəti ilə Milli Məclisin rəyasət heyətinə tapşırılır. Bu nizamnamə Milli Məclisin gələcək ümumi iclasınadək sınaq üçün icraya qoyulur.

11-ci maddə – Xalq qoşunlarının şəxsi heyəti (fədailər) və zabitləri ümum vətəndaşların malik olduğu hüquqlara və ictimai haqqa malik olmaqla seçilmək və seçmək kimi milli vəzifələri istədikləri kimi yerinə yetirə bilərlər.

12-ci maddə- Vətən və azadlıq yolunda şəhid və şikəst olanların ailələrinin asayişini təmin etmək üçün Xalq Qoşunları Nazirliyi tezliklə bir layihə tənzim edib Milli Hökumət vasitəsi ilə Milli Məclisin rəyasət heyətinə təqdim etməlidir.

13-cü maddə- Milli vəzifə təşkilatı qurulub əməliyyata başlayan günə qədər mövcud fədai dəstələri ölkənin azadlığını müdafiə etmək vəzifəsini icra edir. Onların müntəzəm qoşun halına düşməsi isə Xalq Qoşunları Nazirliyinə tapşırılır.

14-cü maddə- Bu qanunun icrası Xalq Qoşunları Nazirliyinə həvalə olunur. Azərbaycan Milli Məclisinin rəisi Hacı Mirzə Əli Şəbüstəri.

Azərbaycan Milli Məclisinin katibi M. Vilai
Təbriz. 21 dekabr, 1945-ci il.
“Azərbaycan” qəzeti. ADF orqanı, say 120, 7 fevral 1946-cı il

Şərhlər bağlıdır.