31 mart – Azərbaycanlıların Soyqırımı Gününə tarixi baxış

Erməni şovinistləri mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə tarixin müxtəlif dönəmlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Bu fikirləri Azerbaycan-ruznamesi.org saytına açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov söyləyib.

O deyib: “Tarixboyu dini məkandan çox hərbi-siyasi təşkilat kimi fəaliyyət göstərən erməni Eçmiədzin kilsəsi öz düşmənlərinə qarşı “qisas aləti” kimi “Daşnaksutyun”, “Qnçak” və sair terror təşkilatlarından da istifadə edib. Azərbaycanlılara qarşı soyqırımları təkcə Bakıda, Qarabağda, Şirvanda, Naxçıvanda deyil, Tiflis və Borçalı bölgəsində də davam etdirilib.

1905-1907-ci illər I rus inqilabının başlanması ilə məhz Cənubi Qafqaz erməni ekspansionizminin mərkəzi oldu. “Daşnaksutyun”dan başlayaraq erməni kilsəsinə qədər bütün erməni qüvvələri qızğın fəaliyyət göstərdilər. Bakıdakı erməni kilsəsi ermənilər üçün rəsmi dövlətçiliyi müvəffəqiyyətlə əvəz edən xüsusi teokratik qurum olan Eçmiədzinin funksiyalarını əvəz edirdi. Bu kilsənin zirzəmiləri silah anbarına çevrilmişdi. 1905-ci ilin fevralın 6-dan 9-dək Bakıda erməni radikalları tərəfindən millətlərarası münaqişə qızışdırıldı, “erməni-müsəlman” qırğınları törədildi. Fevralın 20-21-də Naxçıvanda, İrəvanda kütləvi iğtişaşlar baş verdi. Daşnaklar öz mənfur siyasətlərini pərdələməkdən ötrü panislamist müsəlmanların ermənilərlə dini cəhətdən düşmənçilik etdiklərini qərəzli olaraq irəli sürürdülər.

Çar Rusiyasının süqutundan sonra Bakı neftinə böyük ehtiyacı olan bolşevik Rusiyası şəhəri ələ keçirməyə böyük əhəmiyyət verirdi və burada onun ən böyük dayağı S.Şaumyanın rəhbərlik etdiyi yerli bolşeviklər idi. V.Lenin, həmçinin 1917-ci il dekabrın 29-da “Türkiyə ermənilərinə” muxtariyyət verilməsi haqqında dekret imzalamış, marksistdən çox daşnaklara yaxın olan Stepan Şaumyana Şərqi Anadoluda da sovet hakimiyyətini qurmağı tapşırmışdı.

Cənubi Qafqaz siyasətinin müəyyənləşdirilməsində S.Şaumyan daşnak liderləri ilə əlbir fəaliyyət göstərirdi. Nəticədə daşnak–bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba və Azərbaycanın digər şəhər və kəndlərində azərbaycanlılara qarşı soyqırımı törədiblər.

1918-ci il mart soyqırımı dövründə Lənkəran qəzasında 40-dan çox kənd yandırılıb, yüzlərlə günahsız insan qətlə yetirilib. Aprel ayında Bakı Soveti Lənkəranda hakimiyyəti ələ keçirib, türklərə qarşı mübarizədə daşnaklarla, eserlərlə birləşib.

Qafqaz İslam Ordusunun Azərbaycanı xilas əməliyyatı çərçivəsində Nuru paşanın sərkərdəsi, çavuş Yusif Camal bəy 1918-ci il mart qırğınları dönəmində əhalinin müraciətindən sonra Lənkəran qəzasına gələrək, daşnak-bolşevik qüvvələrinin törətdiyi qətliamların qarşısını almaq üçün yerli silahdaşları ilə birgə düşmənlərə qarşı vuruşub. Onun qəbri Astara rayonu Pensər kəndindəki Hacı Teymur məscidinin həyətindədir.

I Dünya müharibəsindən qayıdan erməni və rus əsgərləri dinc həyata qayıtmayaraq, Qafqazda təşkil olunan erməni və bolşevik birliklərinə qatılırdılar. “Daşnaksutyun” partiyasının yerli təşkilatı da müsəlmanların tezliklə bölgənin xristian əhalisinə qarşı çıxış edəcəkləri barədə şayiələr yaymaqla rus-malakan əhalisini bu təxribatlara sövq edirdilər. Halbuki daha öncə bütün etnik və dini icmaların nümayəndələri “Quran”a, “İnci”ə and içərək, bir-birlərinə toxunmayacaqları sözünü vermişdilər. Üç minlik bolşevik-erməni-malakan birləşmələri 1918-ci il martın 29-dan aprelin 10-dək Şamaxıya kiçik fasilə ilə iki dəfə hücum edərək, bütün müsəlman məhəllələrini və evlərini, şəhərdəki 13 məscidi içərisində sığınacaq tapmış insanlarla birlikdə yandırıb, azərbaycanlılara məxsus bütün ticarət və mülki obyektləri məhv ediblər. Yandırılan evlərdən qaçan qadın, uşaq və qocalar da öldürülüb.

Mart qırğınları zamanı daşnaklar tərəfindən Qubada 4 mindən çox müsəlman qətl edilib. Əldə olan sənədlərə görə, 1918-ci il soyqırımı hadisələri zamanı Qubada və digər bölgələrdə yəhudilər də daşnak terrorunun qurbanı olub, 101 yəhudi ailəsi qətliama məruz qalıb.

Təxminən 7 minlik Quba yəhudiləri daşnaklara qarşı özünümüdafiə qüvvələri yaradıb mübarizə aparıblar. 1918-ci ildə ortaq düşmən – daşnak terroru və soyqırımı hadisəsi bu iki xalqı – yəhudiləri və azərbaycanlıları bir-birinə yaxınlaşdırdı.
Törədilən soyqırımı cinayətləri türk-müsəlman əhalisinin tamamilə məhv edilməsi təhlükəsini ortaya qoyduğundan, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yardım üçün Osmanlı dövlətinə müraciət etdi. Ənvər paşa tərəfindən paytaxt Gəncəyə hərbi yardıma göndərilən Nuru paşa komandanlığındakı Osmanlı ordusu burada sevinclə qarşılanmışdı. Bu yardım ancaq Osmanlı Türkiyəsinin Azərbaycana qardaş köməyi sayəsində mümkün olub.

1918-ci ilin fevral-aprel aylarında Cənubi Azərbaycanda da yerli türklərə qarşı qırğınlar törədilib. Bu qırğınların əsas səbəbkarı Urmiya ətrafındakı xristian əhalini təhrik və təşkil edən bolşevik Rusiyası, Fransa, İngiltərə və ABŞ-ın yerli diplomatik nümayəndəlikləri idilər. Öncə Rusiyaya, sonra isə Qərb dövlətlərinə arxalanaraq müsəlmanlara zülm edən aysorlar və ermənilər Qacarların hərbi zəifliyindən istifadə edir, burada öz dövlətlərini yaratmaq istəyirdilər. Təkcə Urmiya şəhərində 10 min müsəlman əhalini qırdıqdan sonra erməni-aysor qüvvələri Salmas və Xoyu da ələ keçirməyə çalışdılar. Əksəriyyəti müsəlman olan 130 min adam bu döyüşlərdə öldürülüb. Erməni-aysor hücumları nəticəsində soyqırımlarına məruz qalan müsəlman əhalinin imdadına Osmanlı ordusu yetişib.

Cənubi Azərbaycan müsəlmanlarına qarşı hücumlarda “böyük Ermənistan” arzusunda olan daşnak terroristi Andranik da əsas rol oynayıb. 1918-ci ilin iyununda onun silahlı dəstəsinin Xoy şəhərinə hücumu yerli əhalinin müqaviməti və Əli Ehsan Paşanın komandanlığındakı Osmanlı ordusunun müsəlmanlara yardımı nəticəsində dayandırılıb. Görkəmli İran tarixçisi Ə.Kəsrəvi yazır ki, “Osmanlı ordusunu qarşılayan əhali bilmirdi ağlasın, ya sevinsin”. Lakin geri qayıdan Andranikin daşnak dəstəsi Naxçıvanda soyqırımı törədib. Əli Ehsan Paşanın komandanlığı ilə Osmanlı ordusu Urmiya və Salmasda erməni-aysorların türklərə qarşı etdiyi soyqırımlarının qarşısını aldıqdan sonra Təbrizə daxil olub. Beləliklə, Azərbaycan türkləri şimalda olduğu kimi, cənubda da millət kimi yox olmaqdan xilas olub.

Tarix heç zaman unudulmur, həm də yazılır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Hər il xalqımız soyqırımı qurbanlarının xatirəsini anır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsidir. Bu faciələri unutsaq, gələcək soyqırımları qaçılmaz olar”

Şərhlər bağlıdır.