21 Azər hərəkatına aparan yol

XIX əsr – XX əsrin əvvəllərində türkdilli Qacar xanədanının tərkibində olan İran və Cənubi Azərbaycan əhalisi həm monarxiya və feodalizm zülmünün, həm mürtəce ruhanilərin, həm də İranı işğal etməyə, təbii ehtiyatlarını zəbtə çalışan çar Rusiyası və İngiltərə kimi imperialist dövlətlərin zülmü altında əzilirdi. Qacarlar türk mənşəli olsalar da, Azərbaycan türklərinin milli-mədəni hüquqlarına, inkişafına o qədər də diqqət etmirdilər. İran xalqı XIX əsrdə babi üsyanları, tənbəki və çörək qiyamları ilə monarxiyaya və daxili-xarici təzyiqlərə öz etirazını bildirmiş, qismən öz istəklərinə nail olmuşdu. Mütərəqqi ruhanilər, ziyalılar da xalqı dəstəkləyirdilər. Azərbaycan mənşəli İran mütəfəkkiri Cəmaləddin Əfqaninin ruhanilərə və xalqa müraciəti əsasında Qacar hökmdarı Nəsrəddin şah özü də qətl edilmişdi. Monarxiya zülmünə, təzyiqə tab gətirə bilməyən İran və Cənubi Azərbaycan xalqı məşrutə (konstitusiya və parlament) tələbi ilə inqilaba başladı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl – 1906-cı ildə konstitusiyanı imzalamalı oldu. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur etdi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. Beləliklə də xalqın davamlı etirazları nəticəsində İranda ilk parlament, konstitusiyalı hakimiyyət yaradıldı.

1905-1911-ci illər inqilabında azərbaycanlı Səttarxanın rəhbərliyi və şücaəti Təbrizi İran inqilabının beşiyi və müdafiəçisi etdi. Onu İranın Hannibalı adlandırırdılar. Lakin bu inqilab çar Rusiyasının hərbi müdaxiləsi sayəsində məğlub edildi, Səttarxan və Bağırxan kimi mücahidlər şəhid edildi.​

Bundan bir qədər sonra keçmiş məşrutəçi, görkəmli din xadimi Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə yeni bir inqilab başladı. M.Xiyabani də İranda konstitusiya, parlament və xalq hakimiyyəti tələbilə mübarizəyə başlamış, İran Azərbaycanında inqilab bayrağını qaldıraraq Azadistan hökumətini yaratmışdı. O, İranın ərazi bütövlüyünə qarşı olmasa da, mürtəce şah rejiminə qarşı muxtar, demokratik Azərbaycan ideyasını irəli sürürdü.​ Şah diktaturasına, İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparırdı. O, yazırdı ki, “Ey qeyrətli Azərbaycan! Sənin cavanlarının, qocalarının, qadınlarının və qızlarının səsi İran səmalarında tərənnüm edir. Ey ölməz Azərbaycan, başını yuxarı tut, yaşa, həmişəlik yaşa!”. Ancaq bu inqilabi hərəkat da 1920-ci ildə şah hökuməti tərəfindən yatırıldı.

Səttarxan və Xiyabani hərəkatının böyük təsiri ilə və onun davamı olaraq Cənubi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri 12 dekabr 1945-ci ildə zəfər çalan 21 Azər hərəkatı ilə yazıldı. Şah rejiminə qarşı mübarizə aparan Azərbaycan Demokrat Firqəsi (ADF) və Azərbaycan vətənpərvərləri, S.C.Pişəvərinin öz ifadəsilə desək, Səttarxan və Xiyabani başda olmaqla Məşrutə inqilabı başçılarının yolunu ehtiramla yad edib davam etdirdilər. Bu zaman İran dövləti qatı farsçılıq siyasətini icra edən, türklərin və digər yerli xalqların milli hüquqlarını yox etməyə çalışan Pəhləvi şah hakimiyyəti tərəfindən idarə olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq edirdi. Buna görə də II Dünya müharibəsi başlayandan bir müddət sonra – 25 avqust 1941-ci il tarixində (İran təqviminə müvafiq olaraq şəhrivər ayında) 26 fevral 1921-ci il tarixli Rusiya-İran müqaviləsinin müvafiq maddələrini əldə əsas tutan Sovet Ordusu öz cənub sərhədlərinin təhlükəsizliyini qorumaq adı altında İrana müdaxilə etdi. Bundan istifadə edən S.C.Pişəvərinin sədri olduğu Azərbaycan Demokrat Firqəsi və azad yolla seçilən Azərbaycan Milli Məclisi 1945-ci ilin 12 dekabrında (İran təqvimi ilə 21 Azər günü) Azərbaycan Milli Hökumətini qurdu, S.C.Pişəvəri Baş nazir seçildi.

Qeyd edək ki, S.C.Pişəvəri daha öncələri İran Kommunist Partiyasının, “Ədalət” partiyasının, İran Tudə (Xalq) Partiyasının görkəmli xadimlərindən biri olmuşdur. S.C.Pişəvəri yazırdı ki, “Mənim xalqımın, vətənimin nicatı və səadəti Rusiya inqilabçılarının hakimiyyətinin bərqərar edilməsindədir. Rusiyada Leninin iftixarlı zəfər bayrağından başqa bir bayraq dalğalanarsa, İranın istiqlalı və azadlığı təhlükə qarşısında qalacaq”. Görkəmli şərqşünas-tarixçi Məhəmməd Şəmsi “İranın ictimai və siyasi xadimləri Böyük Oktyabr Sosialist İnqilabının əhəmiyyəti haqqında” adlı məqaləsində S.C.Pişəvərinin “Kommunizm ideyası kapitalizmin və imperializmin qələsini qətiyyətlə yıxır” fikrini qeyd edir, bolşevik inqilabının İranı müstəmləkəçilikdən xilas etdiyini vurğulayırdı.​

S.C.Pişəvəri 1944-cü ildə XIV İran parlamentinə deputat seçilmiş, lakin irtica qüvvələri tərəfindən deputat mandatı ləğv edildiyindən Azərbaycana dönmüş və 1945-ci ildə Azərbaycan Demokrat Firqəsini yaratmışdı. 21 Azər hərəkatının qələbəsində o, sözsüz ki, Sovet hökumətinin müvafiq dəstəyindən yararlanmışdı.

Pişəvəri hökuməti əslində İranın istiqlalı və ərazi bütövlüyünə qarşı çıxmamışdı, lakin Pəhləvi şah hakimiyyətinin anti-demokratik, anti-xalq, Qərb müstəmləkəçiləri ilə işbirliyi siyasəti ADF-ni milli-demokratik azadlıq hərəkatına məcbur etdi. S.C.Pişəvərinin öz sözlərilə desək, – “Biz İran istiqlalını etiraf edirik, Tehran isə bu istiqlalı pozmaq yolundadır. Tehran irtica tərəfinə gedərsə, biz azadlıq yoluna onsuz davam edəcəyik”. Milli Hökumətin Proqramında da – “Mərkəzi İran hakimiyyəti, İranın ərazi bütövlüyü və İran hökumətinin Azərbaycanın muxtariyyətinə zidd olmayan tələblərinin tanınacağı” bildirilirdi.​ ​

Bundan sonra Cənubi Azərbaycanda milli təhsildən sənətə, hərbdən mədəniyyətə qədər bir çox sahədə islahatlar başladı. Cənubi Azərbaycan tarixində ilk dəfə rəsmi dil kimi Azərbaycan türkcəsi qəbul edildi. Bu dildə kitablar, qəzet və jurnallar nəşr olunmağa başladı. Ana dilində məktəblər, kitabxanalar və mədəniyyət ocaqları açıldı. Təbriz Dövlət Universitetinin, Dövlət Teatrının, milli radionun, milli orkestr və filarmoniyanın, ana dilində orta məktəblərin təməli atıldı, torpaq və sənaye islahatı keçirildi. Səhiyyə və təhsil xidmətləri yalnız şəhərlərlə məhdudlaşmadı, Cənubi Azərbaycanın bütün kəndlərinə çatdırıldı. Tamamilə Azərbaycan əhalisindən ibarət olan və Azərbaycan Milli Ordusunun əsasını təşkil edən “Fədai” birlikləri quruldu. Bir il ərzində milli-mədəni sahədə böyük nailiyyətlər əldə edildi.​

Lakin bu istiqlal uzun sürmədi. Sovetlərlə anlaşan şah hökuməti İranın şimalındakı neftin çıxarılmasını icra edəcək “Sovet-İran müştərək neft şirkəti”nin yaradılacağını Stalinə vəd etdi. Stalin hökuməti Pəhləvi hakimiyyəti ilə, onları dəstəkləyən Qərb dövlətlərilə aralarındakı müvafiq rəsmi anlaşmaları əldə əsas tutaraq İranı, onun şimal-qərb bölgəsini sovet qoşunlarından təxliyə  edərək  Azərbaycan Milli Hökümətini meydanda tək və əliyalın qoydu. Nəticədə, Azərbaycandakı milli-demokratik hərəkat, bu hərəkat nəticəsində qurulan milli dövlət 1946-cı ilin dekabr ayının 12-də ABŞ-dan lazım olan miqdarda maliyyə dəstəyi və taktiki döyüş silahları almış İran dövlət qoşunları qarşısında  silahı yerə qoymağa və təslim olmağa məcbur oldu.​ Beləliklə də, Qərbin və Amerikanın dəstəklədiyi Pəhləvi şah ordusu Azərbaycan Milli Hökumətini devirdi.

Şah hökuməti Pişəvəri hökumətinin bir il ərzində icra etdiyi bütün demokratik, milli islahatları məhv etdi. Kütləvi qətllər, həbs və sürgünlər başladı. Bir çox hökumət üzvləri öldürüldü.

Sovet Azərbaycanına dəvət edilən Milli Hökumət başçısı S.C. Pişəvəri Stalin tərəfindən aldadıldığını qeyd edərək ona belə yazırdı: “Siz bizi uçuruma yuvarladınız və rüsvay etdiniz”. Stalinə qarşı çıxan S.C.Pişəvəri 1947-ci ilin iyun ayının 11-də Gəncədən Şəkiyə doğru hərəkət edərkən Mingəçevir stansiyası (indiki Aran qəsəbəsi) ərazisindən keçən şosse yolunda şübhəli bir avtomobil qəzasında həyatını dəyişdi.​

Cənubi Azərbaycanda 21 Azər hərəkatı qanla yatırılsa da, xalq yenə də o keçmiş azad və xoşbəxt günlərin, milli, demokratik islahatların geri qayıdacağı ümidi ilə yaşayır.​

Ölməz lider S.C.Pişəvərinin əsasını qoyduğu 21 Azər hərəkatı bütün İranda monarxiyaya qarşı milli-demokratik azadlıq hərəkatının əsası oldu. Onun öz ifadəsilə desək, “ADF-nin sadəcə Azərbaycana deyil, bütün İrana etdiyi tarixi xidmətlər yüz illərlə yad ediləcəkdir”, İran xalqlarının demokratiya və insan haqlarının qələbəsi arzusunun sönməz şöləsi olacaqdır. Pişəvərinin ölməz ideyaları yaşayır və daim yaşayacaqdır.​

S.C.Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin (ADF) orqanı olan “Azərbaycan” qəzetinin nüsxələri Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunur (SMF. İnv. №3347). 1945-1946-cı illərdə Təbrizdə dərc olunan qəzetin sonrakı nəşrləri ADF-nin məğlubiyyəti səbəbilə Bakıda buraxılmışdır. Bunlar, qəzetin 1947-48-ci illərdə çapdan çıxmış 128 saydan ibarət məcmusudur. Qəzetdə Səttar xan, Xiyabani kimi azərbaycanlı inqilabçılar, həmçinin şah hökumətinə qarşı mübarizə haqqında məqalələr nəşr olunurdu. Qəzet İran və Azərbaycan tarixinin tədqiqi baxımından da əhəmiyyətlidir. Həmçinin Muzeyin Təsviri materiallar fondunda S.C.Pişəvərini, N.Nərimanovu və ilk sovet dövlətinin banisi V.İ.Lenini əks etdirən rəsm əsəri saxlanılır (İF. İnv.№ 137, ağac, sümük). Əsərin üzərində onun Azərbaycanın Rusiyaya birlşdirilməsinin 150 illiyi münasibətilə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi tərəfindən Azərbaycan Kommunist Partiyasına hədiyyə edildiyi qeyd olunub.

Son olaraq deyə bilərik ki, 21 Azər hərəkatı ilə bağlı Muzeydə qorunan materiallar şanlı Cənub tariximizin, Azərbaycan-İran-SSRİ əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir və daim tədqiq, təbliğ edilməlidir.

Əli Fərhadov,

Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Şərhlər bağlıdır.