“Molla Nəsrəddin” jurnalında maarifçilik və İran məşrutə inqilabına baxış

Azərbaycan və İran xalqlarının XX əsrin əvvəlində yaşadığı ictimai-siyasi, iqtisadi, sosial problemlər, dini xurafat və mövhumatın tənqidi, İran məşrutə inqilabı mövzusu “Molla Nəsrəddin” jurnalının səhifələrində də geniş yer tutur. Jurnalın səhifələrində yer alan “Babilər” (1908), “Həmşəri” (1907), “İranda hürriyyət” (1906), “İran fəhlələrinin pulu hara gedir?” (1906), “İran işləri” (1908), “İran konsulları” (1906) və s. məqalələrində dövrün problemləri və çıxış yolları təqdim olunmuşdur.

İranda sadə xalqın ac qalıb, bütün torpaqların xanların, nüfuzlu mollaların, şahzadələrin və hər cür insafsız qolçomaqların əlində olduğunu bildirən “Molla Nəsrəddin” jurnalı belə yazırdı: “Təbriz bazarında satılan çörəyin bir hissəsi un və üç hissəsi torpaqdır”. Həmçinin jurnalda göstərilirdi ki, qıtlıq səbəbilə “Təbrizdə dul övrətlər, yetim və fəqirlər torpaq yeyir”. Lakin şah hökuməti bu kimi problemlərə əncam çəkmirdi və Müzəffərəddin şahın hakimiyyəti dövründə bu vəziyyət belə davam edirdi. Vəliəhd Məhəmmədəli Mirzə isə xalqa zülm etməklə, talançılıqla vaxt keçirirdi. Məhəmmədəli Mirzənin sonralar məşrutə əleyhinə olan irticaçı fəaliyyəti də buna sübutdur. Vəliəhdin xalqa zidd siyasətini ifşa edən “Molla Nəsrəddin” jurnalı belə yazırdı: “İranın dağlarını-daşlarını çörək əvəzinə yedirtdi Təbriz əhlinə”. Bu insanların acınacaqlı halını işıqlandıran “Molla Nəsrəddin” jurnalı iranlı fəhlələrin dili ilə belə yazırdı: “Əhli-əyalımız İranda acdırlar, gəlmişik onlara çörək pulu qazanaq”. Jurnala görə İran xalqının bu ağır vəziyyətinin günahı “cəllad və quldur” dövlət və din xadimlərində idi.

İranda sənayenin olmadığını, torpağın isə iri mülkədarlara məxsus olduğunu bildirən “Molla Nəsrəddin” jurnalı öz vətənindən baş götürüb qaçan iranlı fəhlələri belə təsvir edirdi: “Bu, İran fəhlələridir. Onlar öz vətənlərində yeməyə bir şey tapmırlar. O, vətənini, arvadını və uşağını qoyub qaçır. Çünki acdırlar”. “Həmşəri” adlandırılan Qafqazdakı iranlı fəhlələrə münasibəti “Molla Nəsrəddin” jurnalı belə göstərirdi: “Mən indiyə kimi elə bilirdim ki, həmşəri milçəkdir, torpaqdır, daşdır, kol-kosdur, amma heç bilməzdim ki, həmşəri də adamdı. Acından dağılıblar Rusiya torpağına”. “Ərdəbildəki Şeyx Səfi məqbərəsinin vəqf mülkü olan var-dövlətin və kəndlərin saysız-hesabsız olduğunu bildirən “Molla Nəsrəddin” jurnalı ərdəbilli yoxsulun diliylə vəqfin başçısından soruşurdu: “Ay qardaş, niyə fəqir-füqəranın malını yeyirsən?”. Jurnal müsəlmanlar arasında həmrəyliyin, birliyin də olmadığını, qafqazlı müsəlmanların “Bizə nə dəxli var, biz qafqazlıyıq”, iranlıların isə “Biz iranlıyıq, bizə nə dəxli var qafqazlıların işinə qarışaq?” deyərək, bir-birlərinə kömək etmədiklərini göstərirdi. Jurnal bu problemlərin həlli üçün bütün zəhmətkeşlərin xanlara, bəylərə, mollalara qarşı birləşməsi gərəkdiyini irəli sürürdü.

İrandakı müsəlmanların aclıq səbəbilə xaricilərə qul olduğunu yazan və bu cür ictimai problemlərə göz yuman ruhaniləri qınayan “Molla Nəsrəddin” belə yazırdı: “Müctəhid hacı Mirzə Həsən ağa dəyirmanın sularını kəsib və əhali acından ölür”; “Müctəhidin gözünün qabağında minlərcə müsəlman övrət-uşaqları əcnəbilərin evindədir”.

Deyə bilərik ki, ölkədə xurafat və mövhumatın yayılması demokratik xalq hərəkatının, elm və maarifin qarşısında ən böyük əngəl idi. Məsələn, İrandakı dini cəhaləti ortaya qoyan “Molla Nəsrəddin” jurnalı belə yazırdı: “Guya Avropanın veyilxanalarında elm oxuyubsan, bir mənə de görüm cinlərin adını tapdın? Mən bunları iranlı bir tələbədən öyrəndim. Elm budur, əzizim! Yoxsa nə Firəngistan, nə qəzet, nə məktəb? O məktəblərdən çıxan şeytan deyilmi?”.

Cənubi Azərbaycanın Mirzə Həsən Rüşdiyyə kimi mütərəqqi ziyalılarının mübarizə apardığı mollaxana tədris üsulunu tənqid edən “Molla Nəsrəddin” jurnalı “İrşad” qəzetinin 14-cü nömrəsinə istinadla bu haqda belə yazırdı: “İran müəllimxanalarında uşaqlar əbcədin hecasını səkkiz ildə qurtarırlar”. Bir çox mütərəqqi ziyalı məktəb islahatının əsasını ərəb əlifbasının dəyişdirilməsində görürdü. Şimalda M.F.Axundzadənin ortaya qoyduğu əlifba islahatı mövzusu İranda Mirzə Mülküm xan, Mirzə Yusif xan kimi ziyalılar tərəfindən də dəstəklənirdi. Qacarların İngiltərə səfiri olan Mirzə Mülküm xanın əlifba islahatı yolundakı fəaliyyətini təqdir edən C.Məmmədquluzadə onun belə dediyini nəql edirdi: “Əgər götürək üç yüz milyondan ibarət erməni və yunan mətbuatını, görərik ki, erməni və yunan mətbuatı bütün müsəlman mətbuatından yüksəkdir. Buna da səbəb ərəb hürufatının (hərflər) çətinliyidir”. Lakin mürtəce ruhanilər ərəb əlifbasını ilahi bəxşiş sayır, onun xaricindəki əlifbaları “murdar” adlandırırdılar.

C.Məmmədquluzadə öz yaradıcılığında Cənubi Azərbaycanın mütərəqqi ziyalılarına geniş yer verirdi. “Molla Nəsrəddin” jurnalında Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” “Oxuyun, oxuyun, oxuyun!” deyə daim təbliğ edilir və əsərdən nümunələr verilirdi. İran parlamentinə deputat seçilən görkəmli ziyalı Ə.Talıbovun Tehrana getmək istəməməsinin səbəbi də jurnalda izah edilmişdi. Bunun bir səbəbi də Şeyx Fəzlullah Nuri kimi mürtəce ruhanilərin onu dinsiz elan etməsi idi. Ə.Talıbovun əslində məhz müctəhidlərin bu fitvasından qorxduğunu “Molla Nəsrəddin” belə göstərirdi: “Müctəhidlərin bu təkfirini (küfr) eşidən kimi Talıbov küsüb Bakıdan birbaşa gedib, əyləşdi Teymurxanşuradakı öz evində və Tehrana getmək istəmədi”. Mürtəce ruhanilərin və müstəbid şah hakimiyyətinin qorxusundan Vladiqafqazda yaşayan yazıçı əslində ruhən Təbrizə bağlı idi. Onun özü bu haqda belə deyirdi: “Təbrizin müqəddəs torpağını sevirəm”.

“Molla Nəsrəddin” jurnalı şahlıq rejiminə qarşı mübarizə aparan “Həblülmətin” qəzetini də dəstəkləyirdi. Qeyd edək ki, 1893-cü ildən Kəlküttədə İran mühacirləri tərəfindən farsca nəşr olunan “Həblülmətin”, şahlıq rejiminə qarşı məşrutə hərəkatını dəstəklədiyinə görə İrana və Qafqaza gətirilməsi bir müddət qadağan edilmişdi.

Məhəmmədəli şah Qacar məşrutə düşməni ruhanilərlə də birləşmiş və belə fikir yayırdı ki, guya məşrutə şəriətə ziddir. “Molla Nəsrəddin” jurnalı bu haqda belə yazırdı: “Qanuni-əsasinin (konstitusiya) təsdiq olunmağını tələb eləyəndə Məhəmmədəli şah həmişə cavab verir ki, müctəhidlər qoymurlar, çünki məşrutiyyəti şəriətə zidd tapırlar”. Lakin şah ancaq öz şəxsi mənfəətinə xidmət edən müctəhidlərin fitvalarını nümunə göstərirdi. Mürtəce İran ruhaniləri deyirdilər ki, “Məşrutiyyət şeytan işidir”.

“Molla Nəsrəddin” jurnalı Qacar parlamentinin məşrutəçi deputatlarını dəstəkləyərək yazırdı ki, “İranda millətvəkilləri yapışsınlar vəzirlərin yaxasından ki, gərək bizim iznimiz olmamış heç bir qərardad eləməsin”. Qeyd edək ki, parlamentin məmurların gəlir və xərclərinə nəzarət etmə arzusu və məmurların buna qarşı mübarizəsi “Molla Nəsrəddin” jurnalında öz əksini tapmışdı. Məsələn, jurnalda iranlı bir konsulun dili ilə belə yazırdı: “Mənim cəmi əmlakımı dəyər-dəyməzə satın, pul eləyin və göndərin qoyum ingilis bankına; ondan ötrü ki, Tehranın Millət Məclisi yapışacaq yaxamdan və var-yoxumu alıb, xəzinə malı eləyəcək, özümü də məhkəməyə verəcək. Daha bundan sonra konsulluğun nə ləzzəti?”. Jurnal bəzi iranlı konsulların xalqın problemlərini həll etmək əvəzinə bu problemləri daha da artırdığını belə göstərirdi: “İran konsullarının hümmətindən tiryək və mərizxanadakıların sayı artdı”.

Məhəmmədəli şahın parlamentə olan mənfi münasibəti “Molla Nəsrəddin”də belə ifadə olunmuşdu: “Padşah quldurlarını aparıb düzüb ətrafına və məclis üzvlərinə yol vermir ki, şahın hüzuruna yetişib, vəzirlərin xəyanətini padşaha ərz etsinlər”. Parlamentin dağıdılmasını və məşrutəçilərə edilən zülmü təsvir edən “Molla Nəsrəddin” jurnalı belə yazırdı: “Məhəmmədəli şah millət vəkillərinə zülm eləyib. Qurana and içəndən sornra məşrutəni pozub. Bizə xəbər gəlib ki, neçə millət mücahidlərini Məhəmmədəli şah boğdurub və neçə-neçə günahsız müsəlmanların uşaqlarını gözüyaşlı qoyub. Məhəmmədəli şah İrana edən zülmü heç Neron eləməyib”. Təsadüfi deyil ki, məhz mürtəce ruhanilərin dəstəklədiyi şah rejiminin qorxusundan hətta xalqın seçdiyi millət vəkilləri də ölkədən qaçır və ya İrana ayaq basa bilmirdilər.

İranda əsrlərdən bəri davam edən məzhəb qovğaları XX əsrin əvvəlində də davam edirdi. “Sünni-şiə ittihadının əleyhinə yazılan fətvalar”ı qınayan “Molla Nəsrəddin” şiə məzhəbin öz daxilindəki “Üsuli və şeyxi davası”ndan da şikayət edirdi. Babilik isə yarandığı andan etibarən maarifçiliyi, qadın haqlarını, din və vicdan azadlığını təbliğ etdiyi üçün İran ruhanilərinin və dövlətin hədəfində idi. Ruhanilər məşrutəçiləri babi elan edib qanlarını da halal sayırdılar.  Məsələn, öz şeirlərində babilik mövzusuna toxunan dahi satirik M.Ə. Sabir cahil xalqın və nadan ruhanilərin bu addan necə sui-istifadə etdiklərini qeyd edirdi:

“Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!”.

O, qəzet oxuyan, uşaqlarını məktəbə göndərən savadlı, maarifpərvər, yenilikçi şəxsləri babi adı ilə töhmətləndirən, bu addan bir ləkələmə vasitəsi kimi istifadə edənləri tənqid edir, eyni zamanda babilərin maarifpərvər bir camaat olduğunu da göstərmiş olurdu.

Əksinqilabi qüvvələr məşrutəçiləri məhv etmək üçün dini terminlərdən istifadə edir, kafir babi adı altında inqilabçılara, şah rejiminin əleyhdarlarına divan tuturdular. “Molla Nəsrəddin” jurnalı 1908-ci il Təbriz hadisələri ilə əlaqədar belə yazırdı: “Biz görürük ki, bütün Təbriz camaatı hücum çəkib məşrutəçilərin məhəllələrini dağıdıb, özlərinin qanını içirlər. Heç kəs deməsin ki, hücum çəkənlərin qəsdi padşahın düşmənlərini yox eləməkdir və köhnə idarəni geri qaytarmaqdır. Xeyr, … Təbrizdə bir adam tapılmaz ki, buna razı olsun. Bəs bu nə qovğadır? Bir az işlərə diqqətlə baxsaq, görərik ki, burada bir belə hikmət var: Hacı Mirzə Həsən Təbriz meşələrində ot otlayan müsəlmanları inandırıb ki, məşrutiyyət istəyənlərin hamısı babidir. Dəxi qurtardı getdi. “Dədəm mənə kor deyib”. “Al-gəldi, qırın bu babiləri!” Budur Təbriz davası! Və özgə çür də ola bilməzdi. Məsələn, mənə deyirlər ki, filankəs babidir; yəni mürtəddir. Mən də bilirəm ki, onun qətli vacibdir. Dəxi qurtardı getdi. Yoxsa bir də özümə zəhmət verib başlayım sual-cavabı ki, aya doğrudanmı filankəs babidir, yainki hürriyyəti-vicdan adına durum hələ bir az fikir də eləyim?”.

Şah rejiminə qarşı mübariz Səttarxanın məşrutə inqilabındakı rolunu qeyd edən “Molla Nəsrəddin” jurnalı belə yazırdı: “Səttarxan şahın qoşunlarını basdı. Az qalıb ki, bütün Azərbaycana padşah olsun”.

Deyə bilərik ki, “Molla Nəsrəddin” jurnalı XIX əsrin sonu – XX əsrin əvvəlləri dövrünün mükəmməl qaynaqlarından biridir və təkcə Şimali Azərbaycanın deyil, Cənubi Azərbaycan tarixinin də güzgüsüdür. Təəccüblü deyil ki, mürtəce ruhanilər “Molla Nəsrəddin” jurnalının oxunmasına qarşı idilər və deyirdilər ki, “oxumayın o mürtədin məcmuəsini. İran hökumətinin tənəzzüldə olmasının baisi məhz “Molla Nəsrəddin”dir”. “Babi olmaq məsələsində hamı gərək sərbəst olsun” deyən “Molla Nəsrəddin” isə o dövrdə həm babilik ittihamı ilə törədilən cinayətləri qınayır, həm də din və vicdan azadlığını tərənnüm edirdi. Lakin mürtəce din xadimlərinin və şah rejiminin qarşı çıxmasına baxmayaraq, “Molla Nəsrəddin” xalqın mütərəqqi nümayəndələri tərəfindən sevilərək oxunur və yayılırdı. O dövrdə olduğu kimi günümüzdə də jurnaldakı məqalələr müstəbid dövlət xadimlərinin, mürtəce ruhanilərin xalqa zidd fəaliyyətinin ifşası, Səttarxan kimi azadlıq qəhrəmanlarının mübarizəsini öyrənmək baxımından əhəmiyyətlidir və daha çox tədqiq edilməlidir.

Milli Azərbaycan Tarixi Muzeyində də “Molla Nəsrəddin” jurnalının müxtəlif nüsxələri qorunur, tədqiq və təbliğ edilir.

 Əli Fərhadov,

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı

 

Şərhlər bağlıdır.