XIX əsr Qacar dövrü mətbuatında demokratiya və dini reform mövzuları

“Qanun” qəzetinin nümunəsi

XIX əsr İran cəmiyyətinin bir sıra məsələləri o dövrdə Cənubi Qafqazda gedən proseslərlə də sıx bağlıdır. Bu baxımdan farsdilli “Qanun” qəzetinin araşdırılması Azərbaycan və İran publisistikasının tarixinin araşdırılması baxımından əhəmiyyətlidir. Məqalədə bu kimi məsələlər təqdim edilmişdir.

XIX əsrin II yarısı əsasən Qacar sülaləsinin IV hökmdarı olan Nəsrəddin şahın hakimiyyət illəridir. Nəsrəddin şah ziddiyyətli bir şəxsiyyət olub, onun ətrafında həm müstəbid dövlət xadimləri, mürtəce ruhanilər, həm də Cəmaləddin Əfqani, Mirzə Mülküm xan (və ya Mirzə Melkum xan) kimi xalq hakimiyyətini və konstitusiya quruluşunu müdafiə edən ziyalılar fəaliyyət göstərmişdir. Lakin şah əsasən mürtəce ruhanilərə və müstəbid dövlət xadimlərinə üstünlük verib, mütərəqqi ziyalıların fikirlərinə qarşı biganəlik yolunu seçmişdi.

Qeyd edək ki, Nəsrəddin şah dövrünün tanınmış ziyalılarından biri olan Mirzə Mülküm xan (1833-1908) mənşəcə Qarabağ xristianlarından olub, babaları I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) Qarabağdan  İsfahana köçmüş və islamı qəbul etmişdilər. İran tədqiqatçısı Ə.Kəsrəvi yazır ki, “Mirzə Mülküm xan İsfahani Nəsrəddin şah dövründə ölkəyə və kütləyə ürəkyandırmaq və xalqın oyanışı istiqamətində çalışmışdır”.

Bir müddət  Nəsrəddin şahın şəxsi tərcüməçisi, sonra isə şah hökumətinin İngiltərə səfiri olan Mirzə Mülküm xanın 1890-1898-ci illərdə Londonda gizli nəşr etdirdiyi “Ruznameyi-Qanun” (“Qanun” qəzeti) müstəbid Qacar hökumətini daim tənqid edirdi və bu səbəbdən İrana gətirilməsi qadağan idi. Qacarların İngiltərədəki səfirliyinin dəftərxana müdiri Mirzə Məhəmmədəli xan Qaragözlü Həmədani (ö.1915) Mirzə Mülküm xanla dost olub, qəzetdə müxalifətçi məqalələr yazdığına görə 1889-cu ildə 22 ay İranda həbsdə yatmışdı.

“Molla Nəsrəddin” jurnalında “Qanun” qəzetini və onun naşiri Mirzə Mülküm xanın müsəlmanları vəhdətə dəvət edən yazılarından nümunələr verən C.Məmmədquluzadə  belə yazırdı: “Mirzə Mülküm xan “Qanun” qəzetinin onuncu nömrəsində üzünü müsəlmanlara tutub deyir: “Əgər sizdə şüur olsaydı və ən azı ittifaqın mənasını bilsəydiniz, o vaxt hansı zalım cürət edə bilərdi ki, sizin insanlıq hüququnuza əl uzatsın?”.

Şah rejiminə qarşı demokratik ideyaları müdafiə edən Mirzə Mülküm xan ərəb əlifbasının çətinliyini müsəlmanların elmi, ictimai-siyasi inkişafına mane sayırdı.  Mirzə Mülküm xanın əlifba islahatı yolundakı fəaliyyətini təqdir edən C.Məmmədquluzadə onun belə dediyini nəql edirdi: “Əgər götürək üç yüz milyondan ibarət erməni və yunan mətbuatını, görərik ki, erməni və yunan mətbuatı bütün müsəlman mətbuatından yüksəkdir. Buna da səbəb ərəb hürufatının (hərflər-Ə.F.) çətinliyidir”. Lakin İran və Osmanlı hakimiyyəti və mürtəce ruhanilər ərəb əlifbasını müqəddəs sayıb, hər hansı bir islahata qarşı çıxırdılar. Mirzə Mülküm xan M.F.Axundzadəyə yazdığı məktubda buna işarə edərək yazırdı ki, ruhanilər ərəb  əlifbasını “dinin bir parçası” sayırlar.

C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında Mirzə Mülküm xanın maarifçilik fəaliyyətini təqdir edərək belə yazırdı: “Alimi-yeganə (Mirzə Mülküm xan-Ə.F.) məzlumlar barədə bir kitab yazıb; tapın həmin kitabı və oxuyun”. Görkəmli Azərbaycan ziyalısı Ə.Hüseynzadə isə “Füyuzat” jurnalındakı məqalələrində Mirzə Mülküm xanı “Üsuli-insaniyyəti təlqin edən xadim” adlandırmışdı.

“İran zəiflik və çürümə içindədir. Xəzinə boş, təbii qaynaqlar kəşf edilməyib. İki güclü dövlət (Rusiya və İngiltərə) İranın müstəqilliyini təhdid edir” deyən Mirzə Mülküm xan Avropalılaşmağa çağırır və Qərbin dövlət idarə sistemini İranda tətbiq etməyə çalışırdı. Onun ən böyük tənqidçiləri isə mürtəce ruhanilər idi və küfr saydıqları konstitusiyalı idarə sistemini rədd edirdilər. Mirzə Mülküm xan isə demokratik idarə sisteminin insanlığa daha faydalı olacağını bildirirdi. O, qeyri-məhdud hakimiyyətə malik olan şahın səlahiyyətinin parlament tərəfindən məhdudlaşdırılması ideyasını irəli sürürdü.

Nəsrəddin şahın yaratdığı Dövlət Şurası Məclisini tənqid edən Mirzə Mülküm xan belə deyirdi: “Məclisə bu sualı vermək istəyirəm. İranın hansı problemini həll etdiniz? Dövlətimizi bu zillətdən qurtarmalıyıq”. Ölkənin əsas probleminin elmsizlik, qohumbazlıq və layiq olmayanların vəzifəyə gətirilməsi olduğunu bildirən Mirzə Mülküm xan “Kim ki, qanundan bəhs edir, onu xain və kafir elan edirlər” deyərək şikayətlənirdi.

Demokratik Avropa idarəetmə sistemini İranda tətbiq etməyə çalışan Mirzə Mülküm xan “Avropa millətləri bir çox mücadilədən sonra ədalət, azadlıq, seçib-seçilmə haqqına sahib oldular. Əgər müsəlmanlar həqiqətən də bu haqlara sahib olmaq istəyirsə, niyə Avropanı təqlid etmirlər?” deyirdi. Volter, Russo kimi Qərb filosoflarının xalqı zülmə qarşı mübarizəyə çağırdığını deyən Mirzə Mülküm xan  “Məzlum zülmə dözməməlidir” deyərək, xalqı şah rejiminə qarşı mübarizəyə səsləyirdi.

Ölkədə günahkarlara verilən cəzaların da qeyri-müəyyən və adama görə müxtəlif olduğunu yazan mütəfəkkir – “Cəzalar hər bir günahkar üçün aydın və bərabər olmalıdır”, deyirdi. “Qanun, bütün İran məmləkətində, bütün İran təbəələri üçün bərabər olmalıdır; Heç kimə qanunsuz cəza verilməməlidir; Etiqad azadlığı olmalıdr” deyən Mirzə Mülküm xanın ən böyük əleyhdarı şahpərəstlər və mürtəce ruhanilər idi.

“İranda hər şeyi bir nəfər (şah-Ə.F.) zəbt edib” deyən Mirzə Mülküm xan belə yazırdı: “Ya zalımlar zülmü tərk etməli, ya da məzlumlar zülmə dözməməlidirlər”. Mirzə Mülküm xanı “Ruhül-qüds” (“Müqəddəs ruh”) adlandıran M.F.Axundzadə onun belə dediyini nəql edirdi: “Məzluma demək lazımdır ki, ey nadan! Sən ki, qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan?”.

Mütəfəkkir – “İslam dini mədəniyyətə müxalif deyil” deyir, lakin fəlsəfə və s. dünyəvi elmlərin də məktəblərdə tədrisini tələb edirdi. Mirzə Mülküm xan İranın və islam dünyasının Qərb qarşısındakı məğlubiyyətini nadan din və dövlət xadimlərində görür və onları tənqid edirdi. “Bu ruhanilərin nə üstünlükləri var ki, belə geniş imtiyazlara malikdirlər?” deyən mütəfəkkir  onların öz rəzilliklərini vəzifə ilə pərdələdiklərini deyir, Avropanın inkişafını keşişlərin yaratdığı xurafat və mövhumatların qanlı mücadilələr nəticəsində  yox edilməsiylə əlaqələndirir və müsəlmanları bundan nümunə götürməyə çağırırdı. Mütəfəkkir despotizmin və şəriət qanunlarının hakim olduğu İranda demokratik darəetmə sisteminin qəbuluna çalışırdı.

Nəticə olaraq deyə bilərik ki, Mirzə Mülküm xan XIX əsr İranında demokratik dəyərlərin yayılmasında, şahlıq rejiminə və xurafatçı din xadimlərinə qarşı mübarizədə böyük rol oynamışdır. İran məşrutə inqilabının təməllərinin qoyulmasında da onun demokratik ideyaları təsiredici olmuşdur. Mirzə Mülküm xanın yaradıcılığı Cənubi Azərbaycandan olan ziyalılara – C.Əfqaniyə, İran parlamentinin məşrutəçi deputatı Seyid Həsən Tağızadəyə böyük təsir göstərmişdir. XX əsrin əvvəllərində məşrutəçilər “Qanun” qəzetini yenidən nəşr etmişdilər. Qəzetin ideyaları İranda şaha qarşı konstitusiya hüquqlarını tələb edən məşrutəçilərin ilham qaynağı idi. Mütəfəkkirin maarifçilik fəaliyyəti M.F.Axundzadə, C.Məmmədquluzadə kimi azərbaycanlı ziyalılar tərəfindən də təqdir edilmişdir. C.Məmmədquluzadə öz felyetonlarında Mirzə Mülküm xana, onun “Qanun” qəzetinə dəfələrlə müraciət etmişdir. Mirzə Mülküm xanın və “Qanun” qəzetinin tədqiqi XIX əsr – XX əsrin əvvəlləri İran və Azərbaycan tarixinin öyrənilməsi baxımından xeyli əhəmiyyətə malikdir.

Əli Fərhadov,

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı

Şərhlər bağlıdır.