“TÜRK ƏDƏBİYYATI”NDAN NİZAMİ DÜNYASINA TÖHFƏ

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü və yaxından iştirakı ilə türk dünyasının ən məşhur və nüfuzlu ədəbiyyat dərgilərindən olan, qədim ənənələrə malik elmi-publisist “Türk ədəbiyyatı” jurnalının sentyabr (eylül) sayında dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına geniş yer verilib.

Azerbaycan-ruznamesi.org Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu ilin “Nizami Gəncəvi ili” elan edilməsi mütəfəkkir şairin irsi ilə bağlı tədqiqat və araşdırmalara yeni rəvac vermişdir. Dünyanın Azərbaycan sevdalısı və Azərbaycan ədəbiyyatı həvəskarı olan hər bir guşəsində məlum sərəncamdan irəli gələn tədbirlərlə əlaqədar görülən işlər hər kəsin bu ilə töhfə vermək istəyinin gözəl ifadəsidir.

50 ildən artıqdır ki, Türk ədəbiyyatının, o cümlədən onun ən böyük qolu olan Azərbaycan ədəbiyyatının təbliği və tədqiqi işində əhəmiyyətli xidmətləri olmuş “Türk ədəbiyyatı” dərgisinin bu sahədəki fəaliyyəti şair, yazar və tərcüməçi İmdad Əfşarın dərgiyə redaktorluğa başladığı dönəmdən xüsusi istiqamət almışdır.

Hər sayda Azərbaycan ədəbiyyatına ayrıca yer ayıran, öz sözlərilə desək, Azərbaycan ədəbiyyatına sevə-sevə xidmət göstərməsi ilə şərəf duyan və haqlı olaraq “Azərbaycan ədəbiyyatının dostu” adlandırılan İmdad Əfşar bu sayın giriş sözündə yazır: “ Bu il Türkiyədə həm “Yunus Əmrə və Türk dili İli”, həm də “Məhməd Akif və İstiqlal Marşı İli” elan edilərkən qardaş Azərbaycanda isə “Nizami İli” qeyd olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə ötən il keçirdiyimiz iki ölkə arasındakı ədəbi münasibətləri inkişaf etdirməklə bağlı razılaşmaya əsasən, bu sayımızda Nizami dosyesinə yer verməyi uyğun gördük. Dosyeyə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatının dünya gözəli Nizami Gəncəvinin Yeddi gözəli”, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı araşdırmalar”, Siracəddin Hacı “Nizami Gəncəvinin yeddi gözəl məsnəvisində dövlətçilik prinsiplərinin təsviri və təşviqi”, dosent Təhminə Bədəlova isə “Nizami Gəncəvinin Məhzənül Əsrar məsnəvisində tarixi şəxsiyyətlər” adlı məqalələri ilə önəmli töhfələr verdilər. Bu məqalələrin Şərqin klassik ədəbi zirvələrindən olan Nizami Gəncəvinin həyatı, sənəti, düşüncələri, şeirlərində istifadə etdiyi dil və əsərləri ilə bağlı fərqli mövqelər təqdim edəcəyinə ümid edirəm”.

Bu sayda Talib Mərd, Barış Berhem Acar, Rahid Ulusel, Əhməd Duran Arslan, Necati Tonqa, Harun Ceylan, Hakan Kaya, Dərya Çətin, Zəkəriyyə Şimşəkin məqalə, müsahibə və hekayələri, Mustafa Kubur, Ağacəfer Həsənli, Bülənt Sayak, Vəhdəddin Oqtay Bəyazlı, M.Faruq Həbiboğlu, Kazım Bal, Burhan Kazım Çalık, Şahnaz Şahin, Aqşin Yenisey və Əjdər Olun şeirləri də yer almışdır.

Ümidvarıq ki, “Türk ədəbiyyatı” dərgisinin hər sayı kimi sentyabr (eylül) sayı da oxucular tərəfindən maraqla qarşılanacaq və sevə-sevə oxunacaq.

Təhminə Bədəlova

Şərhlər bağlıdır.