HƏSƏN AZƏRBAYCAN İSTANBULDA ANILDI

Bu günlərdə İstanbulda İsvec Azərbaycan Federasiyası, Stokholm Azərbaycan Evi və Höteborq Azərbaycan Birliyinin təşkilatçılığı ilə milli azadlıq mücahidi Həsən Dəmirçinin (Həsən Azərbaycan) xatirəsinə həsr edilmiş anım gecəsi keçirilib.

 Azerbaycan-ruznamesi.org Kult.az-a istinadən xəbər verir ki, tədbirdə Güney və Quzey Azərbaycan, Türkiyə, ABŞ və Avropa ölkələrindən onlarla soydaşlarımız qatılıblar.

Anım gecəsini giriş sözü ilə şair Azəryar Danişvər açdıqdan sonra İsveç Azərbaycan Federasiyasının təmsilçisi Eldar Qaradağlı Həsən Azərbaycanın millətimiz üçün önəmi və onun ülvi şəxsiyyəti haqda geniş çıxış edib. Mərasim iştirakçıları Azəryar Danişvərin hazırladığı “Dəmir Mizrab” sənədli filmini izləyiblər. Sonra tanınmış güneyli ziyalılar Yaqub Təqəvi, Məhəmməd Rəhmanifər, eləcə də İsveç Azərbaycan Federasiyasının sədr müavini Teymur Eminbəyli, Federasiyanın sədri Azər Heydərqızı çıxış edərək Həsən Dəmirçi haqda öz xatirələrini bölüşüblər. Anm gecəsində “Həsən Azərbaycan” adına təsis olunan mükafat da ilk sahibinə – Həsən Dəmirçinin həyat yoldaşı Zəkiyyə xanıma təqdim edilib. Həsən Dəmirçinin oğlu Babək Dəmirçi çıxış edərək tədbirin təşkilatçıları və bütün iştirakçılara öz təşəkkürünü bildirib. Anım gecəsi Təbrizdən gələn və Həsən Dəmirçinin qurduğu və bu gün onun adını daşıyan musiqi qrupunun alqışlarla müşayiət olunan çıxışları, eləcə də tanınmış güneyli ozan Yanar Sönməz, Elcan Danişvər və Hüseyn Nəsirlinin solo ifaları ilə davam edib.

Şərhlər bağlıdır.