TƏBRİZDƏ QACARLARIN İRSİNƏ MÜNASİBƏT

TARİXİ EVLƏRİN ƏVƏZİNƏ GÖYDƏLƏNLƏR

İran mediası Təbrizdə tarixi evlər dağıdıldığı barədə məlumatlar yayımlayır. Təbriz Şəhər Şurasının başçısı Rəsul Bərgi xəbəri təsdiqləyir.

Rəsul Bərgi deyib ki, şəhərdə tarixi və köhnə evlərin dağıdılması təəssüf doğurur.

Şura rəhbəri yerlərin daha çox qorunması üçün vahid sistemin təşkil edilməsi və evlərin nəzarətə götürülməsini təklif edib.

“Təbrizin bir sıra bölgələrində, o cümlədən Şəkilli məhəlləsində tarixi evlər dağıdılır, yerində yeni binalar tikilir. Onların vahid sistem vasitəsilə nəzarətə götürülmələri lazımdır”-deyə, Bərgi noyabrın 1-də jurnalistlərə verdiyi müsahibədə bildirib.

Doğrudur o, Təbriz bələdiyyəsi ilə Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsi arasında əlaqəli fəaliyyətin vacibliyini vurğulayıb, bunun şəhərin tarixi yerlərinin qorunub saxlanılmasındakı əhəmiyyətini qeyd edib.

Təbriz şəhərində əksəriyyəti Qacarlar dönəminin memarlıq nümunələri sayılan yüzlərlə tarixi ev və tikili mövcuddur.

Onların bir çoxu dağıdılıb və yerində çoxmərtəbəli yeni tikililər qurulub. Son vaxtlar isə tarixi tikili və abidələrin istifadəyə yararsız evlər adı altında satışa çıxarılması halları da artıb.

Qəribə də olsa tarixi tikililər satış elanlarında istifadəyə yararsız binalar kimi göstərilir. Binaların tikinti tarixləri də dəyişdirilir, tarixi dəyərinin olmadığı göstərilir.

Elanlarda Qacarlar dövründə tikilən Hacı Şeyx Təbrizinin evinə də bu yolla satış qiyməti qoyulmuşdu.

Bu tikili 2003-cü ildə 9414 qeydiyyat nömrəsi ilə milli əsərlər siyahısına daxil edilmişdi.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.