ÖTƏN HƏFTƏNİN ƏN YADDAQALAN ÇIXIŞI:

BU ŞƏXS AZƏRBAYCAN VƏTƏNDAŞI DEYİLDİ

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevlə Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi doktor Vəli Kaleci arasında diqqətçəkən dialoq yaşanıb.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, Vəli Kaleci son illər iki ölkə arasında münasibətlərin xeyli inkişaf etdiyini vurğuladıqdan sonra Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən bəzi iranlı azərbaycanlıların İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxış etdiyini deyib.

MÖVZU İLƏ BAĞLI:

“Həsən Ruhaniyə siyahı təqdim etdim, onların heç biri bizə təhvil verilmədi” – İlham Əliyev

“Tədbirdə iştirak edən bəzi iranlı azərbaycanlılar İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxış etmişlər.

Bu, ölkəmin şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə aid olan sözlər idi. Əfsuslar olsun ki, bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək xülyası həmin şəxslər tərəfindən aydın şəkildə səsləndirildi. Bu cür məsələ bir çox həmkarlarım və İrandakı insanlar arasında narazılıq yaratdı. Dünən mənim bu məsələyə dair Hikmət Hacıyev ilə söhbətim oldu.

Cənab Prezident, son üç onillik ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı İranın mövqeyi Sizə məlumdur. İranın mövqeyi, həmçinin İkinci Qarabağ müharibəsində kifayət qədər aydın idi. İranın Azərbaycan bölgələrində insanların və Azərbaycan xalqının ümumi dil, din və dəyərləri iki ölkə arasında münasibətlərin inkişafında güclü meyardır və sosial zənginlikdir.

O, iki ölkə arasında separatizm üçün siyasi alətə çevrilməli deyil, fərqlər və gərginlik yaratmalı deyil.

Həmin şəxslər Şuşada keçirilmiş rəsmi hökumət tədbirinə dəvət olunmuşdu. Gözləyirdik ki, İranda narahatlığı və gərginliyi azaltmaq üçün Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanatlara, müsahibələrə və nitqlərə reaksiya versin. Sizin məsələ ilə bağlı mövqeyinizi və rəyinizi bilməkdən çox məmnun olardım və bu, İranda birmənalı olaraq yaxşı qarşılanardı”.

Prezident İlham Əliyev: Siz qeyd etdiniz ki, kimsə İranın ərazi bütövlüyünü şübhə altına alıb. Bunu edən Azərbaycan hökumətinin nümayəndəsi idi? Siz Şuşa konfransını qeyd etdiniz. İranın ərazi bütövlüyünü şübhə altına alan bizim hökumət nümayəndəsi idi?

Doktor Vəli Kaleci: Hökumət nümayəndəsi deyildi. Ankarada yerləşən Təbriz Tədqiqatları Mərkəzinin nümayəndəsi idi.

Prezident İlham Əliyev: Yəni, onun Azərbaycan hökuməti ilə hər hansı bir bağlılığı yox idi, elə deyilmi?

Doktor Vəli Kaleci: Xeyir, ancaq o, Şuşa konfransında iştirak edib.

Prezident İlham Əliyev: Yəni, bu şəxs Azərbaycan vətəndaşı deyildi.

Doktor Vəli Kaleci: Xeyir, ancaq həmin tədbirdə rəsmi olaraq iştirak edirdi.

Prezident İlham Əliyev: Baxın, bu gün burada konfransda neçə ölkədən iştirakçı var. Onların hər biri öz ölkəsini təmsil edir. Məsələn, siz başqa dövlətin vətəndaşı olaraq nə isə demiş olsanız, İran hökuməti buna görə məsuliyyət daşımamalıdır. Bu səbəbdən, hesab edirəm ki, sizin söylədiklərinizin Azərbaycan-İran əlaqələrinə heç bir aidiyyəti yoxdur. Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik.

Həmin tədbirdə 400-dən çox iştirakçı olub və demokratik cəmiyyət olan Azərbaycanda insanlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Biz bununla razılaşa və ya razılaşmaya bilərik, ancaq biz iştirakçılara nəzarət etməmişik.

Biz onlara tezislər verməmişik ki, nəyi demək olar, nəyi isə yox. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə.

Bununla yanaşı, biz xaricdə yaşayanların müxtəlif mövzularla bağlı fərqli mövqelərinə görə məsuliyyət daşımırıq. Vacib olan odur ki, qonşu ölkələr ilə və ümumiyyətlə bütün ölkələrlə münasibətlərdə Azərbaycan Hökumətinin və onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir.

Sizin söylədiklərinizlə bağlı bir nümunə deyim. İranda sığınacaq tapmış bir sıra şəxslər var ki, onlar Azərbaycanın ərazi bütövlüyünü müntəzəm qaydada şübhə altına alır.

Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində mənim ovaxtkı Prezident Həsən Ruhani ilə görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə təkcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, onlar elə ifadələr işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir.

Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi.

Beləliklə, heç Azərbaycan vətəndaşı olmayan bir şəxs Şuşada nə isə deyibsə də – Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır.

İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik”.

Şərhlər bağlıdır.