XAMENEİNİN YERİNƏ OĞLU HAKİMİYYƏTƏ GƏTİRİLİR?

İRANDA BAŞ QALDIRAN YENİ SİYASİ PROSESLƏR

Sentyabrın 11-də dünyanın aparıcı mətbuat orqanları İranın rəhbəri Əli Xameneyinin vəfat etməsi barədə iddia ilə çıxış edib. Lakin bu xəbərlərin yayılmasına baxmayaraq, rəsmi Tehran bu barədə heç bir açıqlama verməyib.

İddialara edilir ki, hadisə İranda ciddi prosesləri başladıb və ölkə daxilində qarşıdurmaya yol açıb. Yayılan məlumatlara görə, hətta səhər saatlarından İsfahan və Təbrizdən ordu hissələri Tehrana aparılıb. Buna səbəb isə yeni dini rəhbər postuna iddiada olan  bir neçə qrupun mübarizəsi göstərilir.

Politoloq Sədrəddin Soltan məsələ ilə bağlı Ednews-a danışıb. Azerbaycan-ruznamesi.org onun söhbətini oxuculara təqdim edir. Politoloq söhbət zamanı İranda son bir neçə ildə ciddi etiraz aksiyaların davam etdiyini, hakimiyyətin bu aksiyaları zor gücündən yatırdığını bildirib.

“Hazırda İranın müxtəlif bölgələrində müəllimlər və fəhlələr əmək haqlarının verilmədiyinə görə,  etiraz aksiyları keçirirlər. Ölkədə vətəndaşların sosial problemləri günü-gündən artmaqdadır. Bu isə İranda ciddi problemlərin yaranacağından xəbər verir. Odur ki, İran bu vəziyyətə görə hakimiyyətdaxili məsələləri cəmiyyətdən, ən əsası kütləvi informasiya vasitələrindən gizli saxlamağa çalışır. Son günlər sosial şəbəkələrdə İranın ali rəhbəri Seyid Əli Xameneyin ölüm xəbəri ilə bağlı məlumatlar yayılıb. Bu ilk hadisə deyil. Az qala 10 ildən artıqdır ki, dünyanın və ölkədə hakimiyyətə müxalif olan media qurumlarında bu kimi xəbərlər tez-tez yayılmaqdadır”.

Siyasi analitik həmçinin deyib ki, əgər yayılan iddialar özünü doğrultsa belə Xameneyinin ölümü hakimiyyət tərəfindən müəyyən müddətə qədər gizli saxlanılacaq.

“Hazırda Xameneyinin yerinə kimin gələcəyi barədə müzakirələr aparılır, hətta İran mediasında bu barədə məqalələr yazılır, çıxışlar edilir. Aparılan təbliğatlarda onun oğlu Müctəba Xameneyinin adı çox hallanır. Hətta deyilənlərə görə, o, qeyri-rəsmi səviyyədə dövlətin idarə edilməsində əsas fiqurdur. Bu şəxs mühafizəkar cəbhənin bir qolu tərəfindən dəstəklənir. Nəzərə alaq ki, İranın hazırki prezidenti Ebrahim Rəisi də mühafizəkar qanadı təmsil edir. Bu baxımdan ehtimal etmək olar ki, Müctəba ali dini rəhbər postuna gətirilə bilər”.

Söhbət əsnasında politoloq, İranın konstitusiyasına əsasən ali rəhbərin Dini Ekspertlər Şurası tərəfindən seçildiyini qeyd edib.

“Qeyd edim ki, 2016-cı il mayın 24-də Tehranda Dini Ekspertlər Şurası (Məclis-e- Şuraye- Xübreqan) 5-ci çağırışının birinci iclası keçirilib. Şuranın indiki tərkibi bu ilin fevralın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində formalaşıb. Şuranın 88 üzvü var. Onlar İranın tanınmış və nüfuzlu din xadimləri sayılırlar. Şuraya seçkilər 8 ildən bir keçirildiyindən yeni tərkibin səlahiyyət müddəti də 2024-cü ildə başa çatacaq”.

Politoqun fikrincə, İranda Müctəba Xameneyi qədər hakimiyyətin içərisində ali rəhbər vəzifəsini daşıya biləcək ikinci bir şəxs olmadığı iddia edilir.

“Prespektivə baxanda, inqilabdan qalan din xadimlərinin bu vəzifənin icra edilməsi üçün imkanları azdır. Digər tərəfdən sabiq prezidentlər – Məhəmməd Xatəmi, Həsən Ruhani və İran parlamentinin sabiq sədri Əli Laricani də bu vəzifəyə iddialı ola bilər. Lakin bir məqamı nəzərə almaq lazımdır ki, Xatəmi və Ruhani islahatçı sayıldığından, mühafizəkar Laricani ali rəhbər postuna daha yaxın hesab olunur. Amma bu da ehtimal edilir ki, Laricani qardaşları da Müctəbanı müdafiə edəcək. Əgər fövqəladə hadisə baş verərsə, ola bilsin ki, bütün qüvvələr Müctəba Xameneyinin namizədliyini dəstəkləyəcək, yaxud da İranda hərbiçilər hakimiyyəti ələ keçirərək ali rəhbər postuna növbəti təyinatı müəyyən edəcək”.

Sonda Sədrəddin Soltan bir məsələyə aydınlıq gətirərək, İrandakı siyasi proseslərə kənar qüvvələrin müdaxiləsi ilə bağlı ehtimalın az olduğunu bildirib.

“Hazırda xaricdə İranın daxili məsələlərinə müdaxilə edəcək bir qüvvə yoxdur.  Məsələn, Əfqanistanda Taliban hərəkatı xarici qüvvələrin dəstəyi ilə çevriliş edib yenidən hakimiyyətə gəldi. İranda belə bir imkanlara malik qüvvələr yoxdur. Olanlar isə hakimiyyəti ələ keçirmək üçün zəif görünürlər.  Əgər hakimiyyət dəyişikliyi baş verərsə, bu dəyişiklik ilk növbədə hakimiyyətin daxilində olacaq. Bunun uğursuz olduğu təqdirdə isə İranda siyasi gərginlik geniş miqyasda artacaq, bunun fonunda isə İrana xarici qüvvələr müdaxilə edəcək”.

Yunis Abdullayev

Şərhlər bağlıdır.