İRANIN UĞURSUZ VASİTƏÇİLİYİ

Azərbaycanın 2020-ci ilin payızında apardığı Vətən müharibəsi ilə 30 ildən bəri pozulmuş ərazi bütövlüyünün bərpa etməsi sözdə özünü  “İslam aləminin himayədarı” elan etmiş qonşu İranın rəhbərliyini nəinki sevindirməmiş, əksinə, dərindən kədərləndirmiş və təcavüzkar Ermənistanın məğlubiyyətinə anlaşılmaz bir yas tutulmuşdur.

Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş sərhədlərinə sahib çıxmasını Ermənistanla “sərhədlərini itirilmiş” hesab edən, az qala, bütün dünyanın təqdir etdiyi Zəngəzur dəhlizinin açılmasını isə “strateji təhlükə” sayan İslam dövlətinin son iki ildə Ermənistanda revanşizmə dəstək olan əsəbi addımlarını necə anlayasan?! Bu sualın cavabı, əvvəla, son 30 ildə Azərbaycanla münasibətlərdə ritorik platforma olmuş “ortaq dəyərlər – ortaq maraqlar”  anlayışına yenidən və əsaslı surətdə baxmağı zəruriləşdirmişdir. İkincisi, Ermənistanla təəssübkeşlik məramı ilə İran–Azərbaycan münasibətlərində birtərəfli qaydada gərginlik yaradılması – qonşu İslam dövlətinin bizə düşmən ölkə ilə ortaqlaşan addımlar atması,  anti-Azərbaycan aksiyalar keçirməsi, istər-istəməz, əlaqə və əməkdaşlığımızın uzaq və yaxın mərhələlərini yada salır.
Tarixdən bilirik ki, 3 min illik tarixi olan İran dövlətinin ən böyük əyaləti olan Azərbaycanın Araz çayından şimaldakı hissəsi 1813-cü  və 1828-ci illərdə Rusiya imperiyasına güzəşt edilmişdir. Tarixi Azərbaycanın şimalında – 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətini müstəqil dövlət kimi İran şahlığı qəbul etmək istəməmişdi. Bu zaman İran Şərqdə ilk olaraq yaradılmış gənc və suveren demokratik dövlətə “Azərbaycan” adının verilməsinə qarşı ultimatum vermiş, onun müstəqilliyini tanımaqda uzun müddət tərəddüd etmişdi. AXC varisi olan müstəqil Azərbaycan Respublikasının bərpa edilməsini də İran İslam Respublikası kədərlə qarşılamış, “Tanıma”nı əsasız olaraq ləngitmiş, sözdə ifadə etdiyi qonşuluq və dostluq  prinsiplərinə sadiq qalmamışdır.

Son 30 ildə Qarabağ münaqişəsi zəminində Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanla İranın sıx əməkdaşlığı, “dost-qardaş” dediyi Azərbaycana hərbi təcavüz etmiş dövlətə hərtərəfli yardım göstərməsi, erməni vandalları ilə Qarabağın talan edilməsində əlbir olması ölkəmizin maraqları ilə birbaşa ziddiyyət yaratsa da, xalqımız buna dözümlü yanaşmış, müstəqil dövlətimiz bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalmışdır. Hətta Qarabağı viran qoyan ermənilərin vandallığını İran tərəfinin görməzliyə vurması da Azərbaycanın ortaq keçmişi və ümimi dəyərləri üstün tutmasının kölgəsində qalmışdır.

Bu il  aprelin  22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayında Prezident İlham Əliyev tarixi Qarabağ zəfərimizdən söz açarkən bildirdi: “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

Təəssüf ki, “Ermənistanın himayədarları” sırasında qonşu İran da öncül yer alır. AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, fəlsəfə doktoru Səməd Bayramzadə ilə bu barədə söhbət edərkən müsahibimiz dedi:
– Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini Dünya Azərbaycanlılarının Şuşada keçirilən qurultayını İrana qarşı müharibə elanı və təxribat adlandırmışdı. O yazmışdı ki, bu tədbirin Qarabağda “Dünya Azəriləri Konqresi” adı altında keçirilməsi İrana açıq mesajdır, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda, ordu müdaxilə etməlidir. Salar Seyfəddinin Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı açıq təhdid və təxribat adlandırması sözsüz ki, birmənalı qarşılanmadı.

Azərbaycanın öz torpağında qurultay keçirməsindən rəsmi Tehranın hansı səbəblərdən narahat olduğu isə anlaşılan deyildi. Azərbaycan heç vaxt İranın ərazi bütövlüyünə qəsd edəcək addım atmayıb və bu yöndə açıqlama verməyib. Ən azından, İran Qoşulmama Hərəkatının üzvü və rəhbəri olan Azərbaycana buna görə təşəkkür etməli və onun bu mövqeyini qiymətləndirməlidır. Və nəhayət, Şuşa Azərbaycanın əbədi və əzəli torpağıdır. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının özünü yenidən tanıması, torpaqlarına qayıtması və azad olması istiqamətində ciddi bir başlanğıcdır. Bu da İranı bizə qarşı qıcıqlandıran amillərdəndir.

“Sepah” kimi mərkəzlərə bağlı qüvvələr tərəfindən nümayiş etdirilən narahatlıq və nigarançılıq İran rəsmilərinin düşüncələrində Azərbaycana qarşı böyük qısqanclıq hissinin olduğunu göstərir. Onların qorxusu da məhz Qarabağdakı müharibənin qələbə ilə nəticələnməsi, bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirməsi, eyni zamanda vahid qalib azərbaycanlı simasını bərpa etməsi ilə bağlıdır.

İranı narahat edən məsələlər sırasında 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi də var.  Şuşa Bəyannaməsinin imzalanması dost ölkələri sevindirdiyi halda, ölkəmizin güclənməsini gözü götürməyən, ermənilərə havadarlıq edən dövlətləri məyus etdi, onlar üçün çox ciddi narahatlıq yaratdı. Şuşa Bəyannaməsi Qarabağ məsələsinin başa çatdığını, münaqişənin tamamilə həll olunduğunu qətiləşdirdi.  Şuşa bəyanatı ilə təsdiqləndi ki, torpaqlarımıza hücum olarsa, Türkiyə bizi qeyd-şərtsiz dəstəkləyəcək.

İran rəhbərliyi azərbaycançılığa ölkənin münasibətlərində gərginlik yaradan amil kimi baxır. Bu münasibətlərdə İranı daha çox narahat edən suveren Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsi, Avropa, xüsusilə də Türk birliyi dövlətləri ilə inkişafda olan bərabərhüquqlu əməkdaşlığı, dünyanın ən qlobal problemlərinin həllində nüfuz sahibi olan dövlətlərlə bir sırada dayanmasıdır. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinə İranın ermənipərəst mövqeyi də həmin təsirlərin nəticəsi kimi qiymətləndirilə bilər.

Müsahibimiz 8 may 1992-ci ildə Şuşanın  erməni vandallar tərəfindən işğal edilərək amansız şəkildə dağıdılmasını yada salaraq dedi:

– Həmin vaxtlarda Şuşanın işğalında İranın da əli olduğu barədə bir sıra mətbuat orqanlarında və kütləvi informasiya vasitələrində xəbərlər yayılmışdı. Amma Azərbaycan Respublikası sonrakı illərdə İranla qonşuluq, dinc yanaşı yaşamaq və bir-birinin ərazi bütövlüyünü tanımaq və qarşılıqlı hörmət prinsiplərini əldə əsas tutaraq bu cür fikir və mövqelərin rəvac tapmasına yol vermədi. Şuşa işğal olunan ərəfədə İran rəhbərliyinin vasitəçilik adı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovu Tehrana çağıraraq Azərbaycan tərəfə atəşkəs müqaviləsi imzalatdırması ermənilərin Şuşanı maneəsiz işğal etməsinə hesablanmışdı.

Yaqub Məmmədov Şuşa işğal edildikdən sonra bəyan etmişdi: “Sənəd imzalandıqdan sonra biz təcili olaraq Tehrana, təyyarə limanına yola düşdük və Bakıya gəlməli olduq. Tehranda təyyarəyə minərkən bizə məlumat verdilər ki, Ermənistanın hərbi qüvvələri Laçın rayonu tərəfdən Azərbaycan ərazisinə hücuma keçib, Şuşa ətrafında ağır döyüşlər gedir və çox gərgin vəziyyət yaranıb. Biz elə təyyarə limanında İranın prezidenti Rəfsəncaniyə bu xəbəri çatdırdıq və qəti surətdə öz etirazımızı bildirib tələb etdik ki, təcili olaraq Rəfsəncani Ter-Petrosyanla əlaqə saxlasın və bu məsələnin həll olunmasını tələb etsin”. Təəssüflər olsun ki, İran bir neçə saat əvvəl imzalanan sənədin şərtlərinə uyğun öhdəsinə götürdüyü məsuliyyəti yerinə yetirmədi. Buna diplomatiya dilində deyirlər ki, “mən başını qatıram, sən işini gör!”
İranşünas alimin dediklərinə əlavə olaraq bildirək ki, Azərbaycan Respublikasının 44 günlük İkinci Qarabağ savaşında və zəfərlə başa çatan Vətən müharibəsindən sonra belə İran Ermənistanla münasibətlərində mövqeyini dəyişmədi, əksinə, Azərbaycan tərəfinə iddialarından da əl çəkmədi.

Yenidən suallar yaranır: Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı qələbənin reallıqları nə üçün İranda qısqanclıqla qarşılanıb və Ermənistanla əməkdaşlığı dostluq səviyyəsinə qaldırıb? Nə üçün İran Qarabağdakı separatçı rejimin tör-töküntülərinə açıq-gizli yardımlarını davam etdirməklə Azərbaycanla münasibətləri ciddi sual altında qoyur?
30 il davam etmiş işğal dövründə susmuş İran dövləti Ermənistanın məğlubiyyətindən sonra Azərbaycan sərhədlərində niyə və kimə qarşı hərbi güc nümayiş etdirir?

Təəssüf ki, belə arzuolunmaz suallar gündən-günə artır. Son sual isə belədir:  Sözdə daim İslam həmrəyliyindən   dəm vuran İranın türk-müsəlmanların əbədi düşməni olan Ermənistanla qonşuluq münasibətlərinin “dostluq” mərhələsini aşaraq hətta çılğın “qardaşlıq” dövrünə qədəm qoyması müstəqil Azərbaycan dövləti ilə qonşuluq münasibətlərinin üstündən xətt çəkmək, “ortaq dəyərləri – ortaq maraqları” açıqca saya salmamaq, İranda yaşayan 40 milyonluq Azərbaycan türkünü birbaşa təhqir etmək deyilmi?

Mehman SÜLEYMANOV,
hərbi tarixçi, politoloq

Şuşa şəhərinə hücum ərəfəsində – 1992-ci il may ayının 1-də Dağlıq Qarabağ ermənilərinin rəhbərliyi adlanan bir dəstə yenidən dünya ictimaiyyətinə müraciətlər ünvanladı, Dağlıq Qarabağdakı ermənilərin əzilməsi, Azərbaycanın günahı üzündən onların humanitar böhranla üzləşməsi, Şuşa şəhərinin ələ keçirilməsinin Qarabağ ermənilərinin nicatı üçün həyati vacib olması barəsində yalan və iftiralar yaymağa başladılar. Ermənistan rəhbərliyi hətta dünya ictimaiyyətinin gözündə özünü sülhpərvər kimi göstərməyə çalışdı və 1992-ci il may ayının 7–8-də Dağlıq Qarabağ münqaişəsinin dinc yolla nizamlanması üçün İranın vasitəçiliyi ilə Tehranda Azərbaycan rəhbəri ilə görüşməyə də razılıq verdi. May ayının 8-də bu görüşün nəticəsi kimi Tehranda Azərbaycan və Ermənistan rəhbərləri İran Prezidentinin vasitəçiliyi ilə respublika arasında atəşin dayandırılması haqqında memorandum imzaladılar.

Tehranda iki Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla Ermənistan prezidenti Ter-Petrosyan arasında “müzakirələrin başlaması”, əslində, ermənilər tərəfindən Azərbaycanın diqqətinin Şuşanın müdafiəsindən yayındırılması üçün ortaya atılmış bir oyun idi. Çox təəssüf ki, İranın bu rüsvayçı köməyilə erməni işğalçılar öz niyyətlərinə də nail ola bilmişdilər. Çünki erməni hərbi qüvvələrinin Şuşa şəhərinə hücuma başlaması haqqında 704 saylı briqada komandirinin Bakıya məlumat verməsini müdafiə naziri onun panikaya düşməsi kimi qəbul etmiş və hətta onu qorxaqlıqda da günahlandırmışdı. Respublikanın müdafiə naziri hətta Tehranda iki respublika rəhbəri arasında müzakirələr aparıldığı üçün  ermənilərə tərəf atəş açılmasını da qadağan etmişdi.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsinin sözlərinə görə, may ayının 8-də Müdafiə Nazirliyinin rəhbərliyinin Şuşadakı vəziyyət haqqında məlumatı yox idi. Yəni, Şuşanın müdafiəsinin təşkilinə qarşı respublikanın müvafiq orqanları tərəfindən məsuliyyətsiz münasibət, əslində, bu şəhərin taleyini həll etdi. Şəhər daxilində və ətrafında olan müdafiə bölmələrinin isə bütün cəhdlərinə baxmayaraq, Şuşanın işğalının qarşısını almaq mümkün olmadı. Respublikanın siyasi qüvvələrinin başları hakimiyyət uğrunda mübarizəyə qatışdığı halda Şuşa şəhəri müdafiəsiz qaldı və Ermənistanın işğalçılıq planlarına qarşı xüsusi strateji mövqedə yerləşən bu şəhər may ayının 8-də erməni hərbi qüvvələrinin işğalı altına düşdü. Respublikanın o zamankı rəhbərinin də fikrincə, Şuşanın ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi xəyanət,   respublika daxilindəki siyasi qüvvələr arasında hakimiyyət mübarizəsinin kəskinləşməsi oldu. Şübhəsiz, bura həmin rəhbərliyin İranın təxribatçı vasitəçiliyinə aldanaraq Şuşanı müdafiəsiz buraxmasını da əlavə etmək lazım gəlir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Şərhlər bağlıdır.