LİDERLƏRİN MOSKVA GÖRÜŞÜ: SAZİŞ İMZALANACAQ?

May ayı ərzində Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə bir neçə dəfə danışıqlar keçirilib.

Lakin Ermənistan hətta 10 noyabr müqaviləsinin şərtlərinə də əməl etmir. Əksinə, təxribatlar törətməkdə davam edir. Ayın 19-da Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün ardınca isə mayın 25-də liderlər səviyyəsində Moskvada növbəti görüş planlaşdırılıb.

Bəs, tərəflər əsasən hansı məsələlərdə razılığa gələ bilmir? Bu dəfəki görüşdə hansısa sənəd imzalana bilərmi?

Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Bakupost.az -a açıqlamasında görüşlərdə müzakirə olunan bir sıra məsələləri nəzərə çatdırıb:

“Moskva görüşünün Vaşinqtonda keçirilən görüşün davamı olacağını düşünürəm. Burada əsas sərhəd məsələsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkməsi müzakirə olunacaq. Digər bir məsələ ondan ibarətdir ki, Ermənistan işğal dövründə Azərbaycan ərazisində basdırıdığı mina xəritəsini təqdim etsin, saxlanılan azərbaycanlı hərbçilər, mülki şəxslər, birinci və ikinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər və cənazələr təhvil verilsin. Növbəti məsələ Ermənistanın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələr saxlamasının aradan qaldırılmasıdır. Azərbaycanın əsas marağı kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizi məsələsidir”.

Politoloq bildirib ki, tərəflərin razılığa gələ bilmədiyi əsas mövzu delimitasiya-demarkasiya məsələsidir:

“Sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiyası üçün hansı sənədin əsas götürüləcəyi də maraqlıdır. Çünki bir neçə versiya var. Məsələn, 1920-ci ilin xəritəsi var. Azərbaycanda əksəriyyət sərhədlərin bu xəritə ilə müəyyənləşməsinin tərərfdarıdır. Ermənilər isə əvvəl 1991-ci il, indi 1975-ci il xəritəsi ilə razılığa gələcəklərini bildirirlər. Ona görə də əsas mübahisəli qalan mövzu delimitasiya-demarkasiya məsələsidir”.

S.Soltan Moskva görüşündən sonra da effektiv bir nəticə əldə olunmayacağını düşünür:

“Moskva görüşündə hansısa müqavilənin imzalanacağını düşünmürəm. Bu görüşdə də əvvəllər olduğu kimi danışılacaq, hansısa məsələlərdə razılığa gəldikərini bəyan edəcəklər. Bundan sonra da iyun ayında Kişinyovda, iyulda isə yenidən Brüsseldə görüş keçirilməsi nəzərdə tutulub. İkitərəfli görüşlər çoxtərəfli görüşlərlə müqayisədə daha inandırıcıdır. Çünki digər vasitəçilər məsələyə daxil olduqda öz maraqlarını da daxil edirlər. Bu müdaxilələr isə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir”.

Aynur İbrahim

Şərhlər bağlıdır.