ADF-NIN MƏRAMNAMƏ VƏ NIZAMNAMƏSI

Ümumi siyasi məsələlər:

1-ADF İranın təmamiyyət və istiqlaliyyətini müdafiə etməklə bərabər Azərbaycanın milli və yerli xüsusiyyətlərini nəzərə alaraq onun iqtisadi, siyasi, mədəni tərəqqisini sürətləndirmək məqsədilə bilatəxir əyalət və şəhər əncümənlərinin intixabına başlamasını tələb edir.

2-Azərbaycana İran daxilində mədəni, iqtisadi, ticarət, dil və fərhəng cəhətdən məhəlli muxtariyyət və öz həyatını istədiyi kimi qurmaq üçün geniş hüquqlar təhsil etmək firqəmizin ən əsasi vəzifələrindəndir.

3-Firqəmiz fərd azadlığının təmin edilməsini insanlıq və həmvətənlik hüququnun müqəddəs əsaslarından sayır və onun yolunda mübarizə edir.

4-Məmləkəti fəlakətə sövq etmiş onun iqtisadi, ictimai və siyasi tənəzzülünə səbəb olub xalqı zülmət və cəhalətdə saxlayan müstəbidlər hakimiyyəti ciddi surətdə məhv edilməlidir və bir daha diktatorluğa yol verilməməlidir.

5-Xalqa söz azadlığı, vicdan azadlığı, mətbuat azalığı, ictima və təşkilat azadlığı verilməlidir. Müstəbidlər və faşizm əfkarını təbliğ dən mürtəcelər bu böyük nemətdən məhrum edilməlidir.

6-Xalqın ümumi rəy verməsi yolu ilə məmləkətin dərdlərini qanan və onun yaralarını sağaltmaq istəyən və buna qadir olan həqiqi xalq demokratik dövləti yaradılmalıdır.

7-İstisnasız olmaq üzrə 20 yaşına çatmış bütün kişi və arvadlara intixab etmək, 27-dən 80 yaşına çatanlara intixab olmaq ixtiyarı verilməlidir. İntixabatda təhdid və tətmi kimi xainanə hərəkətlərin qəti surətdə qabağı alınmalıdır. Xalq müstəqim, mütənasib, məxfi bir surətdə öz qanuni rəyini bildirmək imkanına malik olmalıdır. Ancaq bu yol ilə həqiqi xalq nümayəndəsi olan vətən və millət xadimlərini intixab etmək mümkün ola bilər.

Qeyd: İntixabat bütün məmləkətdə təxirsiz olaraq müəyyən və qısa bir müddətdə əncam tapmalıdır.

8-Bütün müttəfiq və demokratik millətlər və xüsusən yaxın qonşumuz olan Şura Cümhuriyyətləri İttifaqı ilə olan səmimi dostluğumuzu saxlamaq xarici siyasətimizin əsasını təşkil etməlidir.

9-Dövlət təşkilatı istibdad və diktatorluq tərəfdarlarından və faşist fikirli adamlardan təmizlənməlidir. Dövlət qulluqçuları məsələn: jandarm və polis məmurlarının qanunsuz və təcavüzkaranə hərəkətlərinə heç vəchlə yol verilməməlidir.

İqtisadi və ticarət məsələləri haqqında

ADF məmləkəti tərəqqi yoluna çıxartmaq və xalqın azadlığını xarici və daxili irticanın təərrüzündən qorumaq üçün vətənimizin iqtisadiyyatının əsaslı surətdə dəyişilməsini və aşağıdakı iqtisadi tədbirlərin həyata keçirilməsini lazım və vacib sayır.

10-Dövrünü keçirib çürümüş iqtisadi üsul, müasir və ali iqtisadi-ictimai şərait ilə əvəz olunmalıdır. Xalqımız öz milli ağır sənayesini vücudə gətirib onu müasir bir hala salmalıdır və elə tədbirlər görməlidir ki, çox tez bir zamanda ölkəmiz sənaye məhsuluna olan htiyacını öz karxanaları vasitəsilə təmin etmək mümkün olsun və məmləkət düçar olduğu fəqr və fəlakətdən nicat tapıb mütərəqqi və sərvətmənd məmləkətlər sırasına keçə bilsin.

11-İstibdad dövründə aparılan xainanə siyasət nəticəsində Azərbaycan sərvətləri çəkilib aparılmış və orda nə bir görkəmli karxana və nə bir fabrik, nə də ayrı bir mühüm sənət ocağı vücudə gəlməmişdir. Bunu nəzərə alaraq ADF Azərbaycanda milli sənaye yaradılmasını, fabrik, məktəb və mərizxana vücudə gətirib və yollar çəkilməsi üçün vəsilələr vücudə gəlməsini ciddən tələb edir və əyalət və vilayət əncümənləri vasitəsilə buna nail olacağına inanır. Azərbaycanın gəlirinin böyük qisməti bu yuxarıdakı tədbirlərilə Azərbaycanın abadlığına sərf edilməlidir.

12-Ticarəti hər cür vasitələrlə genişləndirmək və xalqın maddi həyatını yaxşılaşdırmaq üçün işsizlik əleyhinə qəti tədbirlər görülməlidir.

İqtisadi həyat və ticarət işlərini elə aparmaq lazımdır ki, ümumən tüccar, xüsusən xırda və orta alverçi və əsnaf iqtisadi çətinliyə rast gəlməsin. Bütün Məmləkətdə iqtisadi dirilik canlansın və xalqın maddi həyat şəraiti yaxşılaşsın.

13-Pulun qiymtdən düşməsinin qabağını almaq üçün tədbirlər görülməlidir.

14-Zəhmətkeş və yoxsulların iştirakı ilə tolid və təavoni şirkətlər və xırda karxanalar yaratmaq, mövcud dəstqahlar və əl karxanalarına kömək edib onların iflasdan qurtulmasına himmət sərf edilməlidir.

15-Sənayenin tərəqqi və təkamülünü sürətləndirmək, kargərlərin vəziyyətini yaxşılaşdırmaq məqsədilə aşağıdakı maddələri qanun şəklinə salmaq lazımdır:

  1. Bütün ölkədə 8 saatlıq iş günü təyin edilməli və izafi işə mütənasib əlavə muzd verilməlidir;
  2. Fəhlə, qulluqçu və mütəxəssislər üçün ictimai bimə qanunu yaradılıb həyata keçirilməlidir;
  3. Itihadiyyələr və tamam zəhmətkeş təşkilatları haqqında xüsusi qanun yaradılmalıdr;
  4. 14 yaşına qədər uşaqların işlədilməsi qadağan edilməlidir. 14 yaşından 18 yaşına qədər olan uşaqlar üçün iş müddəti 6 saatdan artıq olmamalıdır;
  5. Yetim və ehtiyacı olan uşaqların işdən vəz çıxarılıb küçələrdə qalmaması üçün dövlətin hesabına xüsusi yetimxanalar açmaq və məktəblərdə yoxsulların uşaqlarına təhsili davam etdirmək üçün pulsuz yemək və paltar verilməlidir;
  6. 14 yaşından 18 yaşına qədər olan uşaqlar üçün xüsusi sənət məktəbləri açılmalıdır. Burada uşaqlar gündə4 saat işləməklə sənət öyrənməli və 4 saat da dərs oxumalıdırlar;
  7. Tezliklə xüsusi zəhmət qanunu vəz edilməlidir;
  8. Bütün kargər və müstəxdəmlərin hüquqları məhfuz olmaq şərtilə onlara həftədə 1 gün istirahət günü, azadlıq günləri, milli və dini bayramlarda istirahət və ildə 1 ay mürəxxəslik verilməlidir;
  9. Hamilə aarvadlara vəz’-i həmlə 6 həftə qalmış, vəz’-i həmldən 6 həftə sonraya qədər mürəxxəslik verilməlidir – bütün hüquqları məhfuz olmaq şərtilə.

16-Xalqın mənafeyini nəzərə almaq şərtilə vergi üsuluna yenidən baxmalı, hər vətəndaşın iqtisadi, sənəti və gəlirinə görə vergi təyin edilməli, qeyri-müstəqim vergilər bacardıqca azalmalıdır.

17-Göstərilən iqtisadi tədbirləri həyata keçirmək üçün kafi sərmayə ilə Azərbaycan Milli Bankı təşkil edilməlidir.

Fəlahət haqqında

ADF Azərbaycan kəndlisiniun ac-yoxsul hala düşməsinin günahını indiyə qədər kəndlərdə olan feodal (dərəbəylik) üsulunda görür. Buna görə Firqə hesab edir ki:

18-Tez bir zamanda kəndli ilə ərbab münasibətini müəyyən etməkdən ötrü xüsusi qanun vəz’ edilməlidir. Dövlət yerlərini fövriyyətlə kəndlilərə pulsuz olmaq şərtilə paylamaq lazımdır. Həmçinin istibdad dövrünün tərəfdarı olan və Azərbaycanı qoyub qaçmış mülkədarların da əmlakı müsadirə olunub kəndlilərin ixtiyarına vrilməlidir.

19-Kəndlilərə fəlahəti canlandırmaq və əkinçiliyi artırmaq məqsədilə uzunmüddətli və nazil-tənzil iləçox borc vermək üçün Banki-Keşavərzinin iş şəraitini dəyişdirib onu bu ehtiyacı təmin etməyə qadir bir hala salmaq lazımdır.

20-Bəzi ərbablar tərəfindən təhmil edilmiş bidətlər, birəhmanə vergilər qaldırılmalı və elə bir şərait yaradılmalıdır ki, kəndli öz məhsulu ilə ailəsini idarə edib insana layiq olan bir həyat qura bilsin.

21-Fəlahət işini nizama salmaq, zəhmətkeş kəndlinin vəziyyətini yaxşılaşdırmaq üçün kəndlərdə kəndli cəmiyyətləriyaradılmalı və bu cəmiyyətləri kəndlilərin özləri idarə etməlidirlər.

22-Kəndxudalar kəndlilərin arasından seçilməlidir.

23-Fəlahəti müasir elm və sənətin böyük müvəffəqiyyətləri əsasında qurmaq üçün dövlət kəndlilərə traktor və sair fəlahət maşınları ilə kömək etməlidir.

24-Jandarm və dövlət qulluqçularının öz məqamlarından sui-istifadə edib kəndlilərinvar-yoxlarını əllərindən almalarına yol verilməməlidir.

25-Azərbaycan kəndlisini quraqlıq və susuzluq qorxusundan qurtarmaq üçün dövlət hesabına çeşmələr vücudə gətirib artezian quyuları qazdırmaq və onlara çaylar və göllərin suyundan lazımınca istifadə etmək imkanı verilməli, bu yollarla fəlahət məhsulunu artırmalı və kəndlinin vəziyyəti yaxşılaşdırılmalıdır.

Xalq maarifi haqqında

ADF savadsızlıq və cəhalət ilə mübarizə etmək üçün xalq maarifi haqqında aşağıdakı vəzifələri irəli sürür:

26-Məclisi-Şurayi-Milli tərəfindən təsvib edilən məccani və icbari təlimatın səri bir surətdə icrasını tələb etmək.

27-Ana dili milli mədəniyyətin tərəqqisi üçün qüdrətli bir vasitədir. Ona görə balalarımız bilatəxiristər dövləti və istərsə xüsusi mədrəsələrdə öz ana dilimizdə tədris edilməlidirlər. Bunun üçün bilatəxir dərs kitabları və sair tədris ləvazimatı hazırlamaq lazımdır. Azərbaycanda yaşayan başqa millətlər: kürd, erməni, assurilərin də öz ana dillərində mədrəsə açmaq haq və ixtiyarı ilə Firqəmiz kamilən müvafiqdir.

28-Azərbaycan xalq maarifinin tərəqqi və təkamülünü təmin etmək üçün Təbrizdə milli danişqah vücudə gətirilməlidir.

29-Yaşlıları savadlandırmaq, onlara müəyyən və xüsusi bilik vermək üçün bütün şəhər və kəndlərdə ayrıca məktəblər və sənət evləri açılmalıdır. Bu məktəblərdə maddi sühulət və təhsil şəraiti yaratmaq və onları müəllim cəhətindən təmin etmək üçün xüsusi tədbirlər görmək lazımdır.

30-İbtidai məktəbdən tutmuş ali məktəbə qədər bütün dərs kitabları və bərnamələrinə yenidən baxılmalı, istibdad və zülm təbliğ edən sözlər tamamilə onlardan çıxarılıb atılmalı və təzə nəsli demokrasi və azadixah ruhda tərbiyə etmək üçün təzə dərs kitabları və bərnamələr yaradılmalıdır.

31-Şəhərlərdə və kəndlərdə maarif və elm ocaqlarının sayı artırılmalı, kitabxanalar, qiraətxanalar təşkil edilməli, əhali üçün müntəzəm surətdəkonfranslar verilməli, elm və fərhəng vasitəsilə xalqımızın nöqsanlarını aradan aparmaqdan ötrü onları mübarizəyə cəlb etməli, yeni nəslimizi məhv eləyən tiryəkxanalar, əxlaqsızlıq evləri və qumarxanalar aradan götürülməlidir, bütün bu işlərdən məqsəd xalqın gözünü açmaq, əxlaq və mənəviyyatını yüksəltmək, onu vətənin istiqlalı və azadlığını saxlamaq və qurmaq üçün ciddi mübarizələr hazırlamaqdan ibarətdir.

Xalq səhiyyəsi

Xalq sağlamlığı onun həyat mübarizəsi üçün mühüm şərtlərdəndir. Buna görə də xalq səhiyyəsinin qeydinə qalmağı ADF böyük məsələlərdən bilir, o xüsusda aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir.

32-Mövcud naxoşları sağaltmaq kafi deyil, əmrazın qabağını almaq üçün ciddi tədbirlər görmək lazımdır.

33-Küçələrdə, bazarlarda, evlərdə natəmizliyə, çirkaba, pintiliyə yol verməmək üçün tədbirlər görülməlidir.

34-Qızdırma, titrətmə (malariya) əleyhinə ciddi mübarizə aparılmalıdır və bu kimi məhlək mərəzləri törədən səbəblər aradan qaldırılmalıdır. Batlaqlar qurudulmalı, bağlar və ağacların sayı artırılmalıdır.

35-Keçəllik, traxoma və sair misri naxoşluqları aradan qaldırmaq üçün dövlət cidi tədbirlər görməli və bu işə maddi və mənəvi kömək yetirməlidir.

36-Əhaliyə gündəlik həyatında lazım olan səhiyyə məlumatı vermək üçün konfranslar təşkil etməli, radio vasitəsilə xalqı başa salmalı və bu məqsədlə xüsusi kitabçalar nəşr olunmalıdır.

37-Gələcək nəslin tərbiyəsi üçün şəhərlərdə və kəndlərdə körpələr və yaşlı uşaqlara məxsus cəmiyyətlər, dövlət hesabına tərbiyə evləri açılmalıdır.

Ədəbiyyat, incəsənət və mətbuat

38-Xalqın mənəvi və ruhi qidası olan ədəbiyyat və sənayeyi-zərifənin tərəqqisi üçün hər bir şəraiti yaratmaq lazımdır. Bu məqsədlə Təbrizdə: “Yazıçılar və hünərvərlər cəmiyyəti” təşkil olunmalıdır. Bu cəmiyyətlərin Azərbaycanın başqa şəhərlərində və kəndlərində də şöbələri olmalıdır.

39-Yazıçı və hünər sahiblərinin zəhmət haqlarını və yaradıcılıq hüququnu təmin etmək üçün dövlət büdcəsində kafi miqdarda büdcə təsis edilməli, hünərvərlərin vücudə gətirdiyi  əsərlərə mükafat verilməlidir.

40-Nəqqaşlıq, mücəssiməsazlıq və musiqi sahəsində Azərbaycan xalq yaradıcılığının əbədi sənətlərini saxlamaq məqsədilə dövlət tərəfindən müəssisələr və (atelye) karqahlar vücudə gətirməli və ustadların əlinin altında istedadlı cavanlara sənət öyrədilməlidir.

41-Azərbaycanın tarixi yadigarlarını hifz etmək üçün billi bir muzey vücudə gətirmək lazımdır.

42-Azərbaycan dilində kitab nəşrinə mane olan adamlar vətən xaini və xalq düşməni kimi məsuliyyətə alınmalıdır.

43-Müəllimlərin, dövlət idarələrində işləyən xırda məmurların maaşları təmin olunmalıdır.

44-Teatrın böyük ictimai tərbiyə ocağı olduğunu nəzərə alaraq Təbriz və başqa Azərbaycan şəhərlərində olan teatrların məxarici dövlət tərəfindən təmin edilməlidir.

Milli məsələ

45-İran məmləkətinin daxilində yaşayan hər bir millətin daxili muxtariyyat və öz müqədəratını təyin etmək hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir.

46-Azərbaycanlılar kimi xüsusiyyətə malik olan İran xalqları ictimai təşkilatlar və dövlət idarələrində öz ana dillərindən istifadə etməli və bu idarələrdə milli dil maneəsiz olaraq işlədilməlidir.

Məhkəmə işləri

47-Rza şah dövrəsində hoqqabazlıq və zor ilə keçirilmiş bütün irticaçı qanunlar ləğv edilib onun əvəzində azadlıq və demokrasi üsula uyğun qanunlar vəz edilməli və qazilərin istiqlalı qəti surətdə təmin olunmalıdır. Şəhribani və jandarm məmurlarının, hüquqi və qəzai işlərə qarışmalarına ciddən son qoyulmalıdır.

48-Məhkəmələr hər cür təzyiqdən azad olmalı və ancaq ədalət və haqqa arxalanmalı, siyasi və mətbuati mühakimələr heyəti-münsifə hüzurilə icra edilməlidir. Məhkəmələrdə işlər çox səri bir surətdə əncam verilib müttəhimləri bilatəklif saxlamaq cürm məhsub olunmalıdır. Məhkəmə və müddəülümumin rəsmi əmri olmadan heç bir kəsin evinə girib təftiş etmək olmaz.  Şəhrbani və jandarm məznun olduğu əşxası inzibat təriqi ilə 24 saatdan artıq toqifdə saxlaya bilməz. Günahsız həbs və təbidlər cürm hesab olunub ona mürtəkib olanlar  cəzalanmalıdırlar.

49-Keçmiş cinayətkarları məhkəməyə cəlb edib və onların24 illik hesablarına yetişib cürmləri isbat edilərsə, fövrən cəzalanmalıdır.

Arteş haqqında

50-Arteşin islahı və onun demokrat ölkəyə layiq bir Arteş kimi idarə olunan münasib bir vəziyyətə salınması, həmçinin nizami-vəzifə qanunu xalq nəfinə dəyişilməsi lazımdır.

 

ADF-nin Nizamnaməsi

1-Firqəyə kimlər qəbul oluna bilər.

  1. Firqənin Məramnaməsini qəbul edib və Nizamnaməsinə tabe olanlar;
  2. Həddi-əqəl 20 yaşa malik olanlar;
  3. Firqənin rəsmi hövzələrinin birində mürəttəbən şirkət edib və Firqə məsuliyyətini qəbul edənlər;

2-Firqəyə qəbul olmayanlar.

  1. Istər şəxsi, istər dövləti və milli əmvala xəyanət və xalq arasında kolahbərdarlıq və bədəxlaqlıq ilə məşhur olanlar;
  2. Oğurluq və cinayət məhkumiyyəti olanlar;
  3. Keçmiş diktatura dövründə və hazırda azadlıq əleyhinə mübarizə aparanlar;
  4. Tiryək və alkola aludə olanlar;
  5. Ayrı siyasi firqələrə üzv olanlar;

Qeyd: siyasi məhkumiyyətlər Komiteyi-Mərkəzinin tərəfindən təhqiq olunmalıdır və ümumi məhkumiyyətlərdən istisnadır.

3-Firqədən xaric edilirlər.

  1. Firqə intizamını pozan, Firqə namına sui-istifadə edən və Firqə əsrarını ifşa edənlər;
  2. Üzrsüz 3 dəfə mütəvali hövzə cələsələrinə hazır olmayanlar;
  3. Üzrsüz 3 ay mütəvali üzviyyət haqqı verməyənlər əvvəl dəvə tubix, əgər təkrar olarsa, Firqədən çıxarılır;

Qeyd: Firqənin əsrarını xaricdə ifşa dən, Firqəyə xəyanət edənlər və casusluq sifətilə Firqəyə daxil olanlar isbat olunduqdan sonra Firqə məhkəməsinin qərarı ilə edam cəzasına qədər cəzalanmalıdırlar.

4-Təzə üzvlərin qəbulu.

  1. Firqəyə üzv olamq istəyən şəxslər Firqə tərfindən təhiyyə edilmiş kətbi dərxast vasitəsi və 2 nəfər Firqə üzvünün müərrifliyi ilə qəbul olunur.

5-Üzv olmaq üçün dərxast verən şəxslər hövzənin cələsəsində əksəriyyəti-ara və məhəlli komitənin təsvibi ilə qəbul olunur;

Qeyd 1: Məhəlli komitə tərəfindən qəbul olunan şəxslərın slahiyyəti olmazsa, Mərkəzi Komitə rədd edə bilər.

Qeyd 2: Firqə biletləri Mərkəzi Komitə tərəfindən sadir olmalıdır.

6-Hər üzv Firqə içərisində Firqə demokratiya hüququna malikdir, yəni hansı sinif və təbəqədən olarsa  olsun, Firqənin ən ali orqanına belə intixab edib və edilməyə haqlıdır.

7-Firqə üzvlərinin vəzifəsi.

  1. Firqənin əsrarını hifz etməlidir;
  2. Firqə tərəfindən verilən vəzifələri bir sərbaz kimi qəbul və həyata keçirməlidir;
  3. Firqənin hər gündəlik məsələləri ilə maraqlanıb və öyrənməlidir;
  4. Firqənin Məramnamə və Nizamnaməsini maddə-madə öyrənməlidir;
  5. Istər əlifba, istərsə siyasi bisavadlığı, məxsusən öz ana dilində ləğv etməlidir;

8-Hər üzv aşağıdakı qərar üzrə üzvlük haqqını hövzə təhvildarlarına verməlidir.

  • 1000 riyala qədər qazancı olanlardan ayda 2 qran;
  • 1000 riyaldan 2000 riyala qədər 1%;
  • 2001 riyaldan 5000 riyala qədər 2%;
  • 5001 riyaldan 7500 riyala qədər 3%;
  • 7501 riyaldan yuxarı 5%;

Qeyd 1: Üzvlük haqqı hər bir qəbul olunan üzv üçün dərxast verdiyi tarixdən hesab olunur.

Qeyd 2: Firqəyə daxil olmaq istəyənlər Komitə tərəfindən qəbul olduqdan sonra 1 aylıq üzviyyət haqqı hüdudunda vürudiyyə verməlidirlər.

Qeyd 3: Bikar və ayedi olmayan üzvlər öz hövzə heyəti-amiləsinin təsdiqi ilə üzvlük haqqı verməkdən məafdır.

Hövzələr

9-Firqənin əsasını təşkil edən hövzələrdir. Ona görə də hər üzv hətmi surətdə Firqənin hövzələrinin birində rəsmən şirkət etməlidir.

10-Hər hövzə 5 nəfərdən əskik olmamaq şərtilə məhəlli Komitənin müvafiqətilə təşkilolur.

Qeyd: Hövzənin əfradı hədi-əksər neçə nəfər olacağı mərbut Komitənin təsmimindən asılıdır.  Hər bir məhəlli və vilayəti Komitə Mərkəzi Komitə tərəfindən təsdiq edildikdən sonra rəsmiyyət alır.

11-Hör hövzə əqəllən həftədə 1 dəfə növbəti cələsə və lazım gəldikdə, fövqəladə cələsə təşkil edə bilər.

Qeyd: Kəndlərdə olan hövzələr ziraət vaxtları mərbut Komitələrin icazəsi ilə ayda 2 dəfədən əskik olmamaq şərtilə cələsə vaxtlarını azalda bilər.

12-Hər hövzə öz içərisindən məxfi və ya ələni rəy ilə hövzəni idarə etmək üçün heyəti-amilə intixab etməlidir.

13-Heyəti-amilə 3 nəfər, yəni sədr, katib, təhvildardan ibarət olaraq hövzə işlərini idarə və onların surət-cələsələrini tənzim edib Komitələrə yetirmək və hövzə üzvlərinin üzvlük haqlarını yığıb və komitə sandığına verməlidir.

Konfranslar

14-Konfranslar ildə 1 dəfə olaraq Konqre, ya Mərkəzi Komitənin qərar və göstərişi üzrə təşkil olunur.

15-Homə konfransları istər kənd, istərsə qəsəbə homə daxilində olan hövzələr vasitəsilə homə komitəsi təyin etdiyi saya görə intixab olunmuş nümayəndələrdən təşkil olunur.

16-Təşkil olunmuş hpmə konfransları aşağıdakı işləri əncam verməlidir.

  1. Keçmiş homə komitəsinin işlərini nəzərdən keçirir;
  2. Homə Firqə təşkilatını idarə etmək üçün təzə homə komitəsi və homə təftiş komisyonu intixab edib və lazımi göstərişlər verməlidir;
  3. Məhəlli Firqə konfransına məhəlli komitənin göstərdiyi saya görə nümayəndə intixab etməlidir.

17-Məhəlli konfranslar istər kənd, istər qəsəbə və istər şəhərlərdə hər məhəllədə olan hövzələr və homələrdən intixab olan nümayəndələrdən təşkil olur.

18-Təşkil olunmuş məhəlli konfranslar aşağıdakı işləri əncam verməlidir.

  1. Keçmiş məhəlli komitənin təşkilati, təbliğati, mali işləri haqqında və habelə təftiş komisyonu haqqında gozareşlərini eşidib və onların gələcək işləri barəsində yollar göstərir;
  2. Firqənin işlərini gələcəkdə idarə etmək üçün yeni məhəlli komitə və təftiş komisyonu intixab edib və onlara lazımi dəstur və göstərişlər verir;
  3. Təşkil tapacaq vilayət konfransı üçün vilayət komitəsinin göstərdiyi saya görə nümayəndə intixab edir.

19-Vilayəti konfranslar məhəlli konfranslardan seçilmiş nümayəndələrdən təşkil olunur.

20-Vilayəti konfransda öz növbəsində məhəlli konfrans kimi keçmiş vilayət komitəsinin və təftiş komisyonunun qozareşini eşidib lazımi göstərişlər verdikdən sonra gələcək vilayəti komitə və təftiş komisyonu intixab edir.

21- Vilayəti konfrans konqre üçün Mərkəzi Komitənin göstərdiyi saya görə nümayəndə intixab edir.

22-Konqre vilayəti konfransda intixab olunmuş nümayəndələrdən təşkil olunur.

23-Konqre keçmiş Mərkəzi Komitə və Mərkəzi Təftiş Komisyonunun məruzə və haqq-hesabını eşidərək onun gördüyü işlərə qiymət qail olur.

24-Konqre Firqənin gələcək işlərini idarə etmək üçün yeni Mərkəzi Komitə və Mərkəzi Təftiş Komisyonu intixab edib və onlara lazımi göstərişlər verir.

Qeyd: Homə komitələri azı 5, çoxu 7, məhəlli komitələr azı 15, çoxu 21, vilayəti komitələr azı 21, çoxu 27 və Mərkəzi Komitə isə azı 31, çoxu 45 nəfər olmalı və həmçinin təftiş komisyonlarının əzasının sayı homə, məhəlli, vilayəti konfranslardan və konqredən asılıdır.

Komitələr və onların vəzifələri

25-İstər homə, istər məhəlli, istər vilayət və istərsə Mərkəzi komitə öz öz içərisindən Heyəti-Amilə (prezidium) intixab edib və görüləcək işləri həmin Heyəti-Amilə arasında aşağıdakı qərar üzrə təqsim etməlidirlər və Heyəti-Amilələrin sayı 7-dən az və 11-dən çox olmamalıdır.

  1. Heyəti-İcraiyyə;
  2. Təşkilat şöbəsi;
  3. Maliyə şöbəsi;

Qeyd 1: Heyəti-İcraiyyə o biri şöbələrin fəaliyyətini tənzim və onlara rəhbərlik etməlidir.

Qeyd 2: Heyəti-İcraiyyə 1 sədr və 2 müavindən ibarətdir. Mərkəzi Komitə lazım gəldikdə müavinləri 3 nəfər də intixab edə bilər.

Qeyd 3: İstər məhəlli, ya vilayəti və ya Mərkəzi Komitədə təşkilat, təbliğat və mali komisyonların üzvləri komitə üzvü olmayıb, vəli Firqənin ayrı fəal üzvlərindən ola bilər. Fəqət komisyonun rəhbəri hətmən komitə üzvlərindən olmalıdır.

26-Homə və məhəlli komitə özünə tabe olan hövzələrə rəhbərlik edib onların təşkilati, siyasi və əxlaqi səviyyələrini yüksəltməli, vilayəti və Mərkəzi Komitələrin qərar və göstərişlərini məhəllərdə icra etməli və yerlərdə gördükləri işlər haqqında mafouq (özündən yuxarı) komitələrə qozariş verməlidir.

27-Vilayəti komitələr tabe olduğu məhəlli komitələrə rəhbərlik edib və Mərkəzi Komitənin dəstur və göstərişlərini Firqə içərisində yaymaq və bitərəfləri Firqənin ardınca aparmaq və geniş xalq dəstələrini Firqənin siyasətilə tanış və aşina etməlidir.

28-Mərkəzi komitə Konqrenin qərar və qətnamələrini Firqə daxilində və ya onun xaricində həyata tətbiq etməlidir və həmçinin Konqrenin təyin etdiyi xətti-məşi üzrə Firqəyə rəhbərlik edib və onu doğru-düzgün hədəfinə çatdırmalıdır.

Qeyd 1: Məhəlli və vilayəti komitələr hər 2 ayda 1 dəfə olaraq və Mərkəzi Komitə hər 3 ayda bir dəfə olmaq şərtilə Plenum cələsəsini təşkil etməli, Firqənin qarşısında duran mühüm siyasi və ictimai məsələləri müzakirə etməlidir.

Qeyd 2:  Firqə demokrasi mərkəziyyət üsulu ilə qurulduğu üçün məhəlli və yerli təşkilatlar mafouq təşkilatlara tabe olub və onların qərarlarını həyata keçirir.

Qeyd 3: İstər məhəlli, vilayəti və Mərkəzi Komitə növbəti Plenum cələsələrindən savayı lazım gəldiyi təqdirdə fövqəladə Plenum cələsələri də dəvət edə bilər.

Qeyd 4: Fövqəladə Plenumların dəvəti mafouq komitələrin icazəsilə olmalıdır.

29-Bütün komitələrdə hər şöbə öz fəaliyyəti üçün 3 aylıq bərnamə tənzim etməli və onunla işləməlidir.

Konqre

30-Konqre Firqənin ən ali orqanıdır, Konqrenin ixtiyarı naməhduddur. Konqre Firqənin ümumi siyasi (daxili və xarici), iqtisadi və təşkilati xətti-hərəkətini təyin edib onun Nizamnamə və Məramnaməsində səlah bildiyi kimi təğyirat və dəxli-təsərrüf etməyə ixtiyarlıdır.

Təftiş komisyonları və onların vəzifələri

31-Təftiş komisyonları birinci növbədə öz mərbut komitələrinə köməkçidirlər.

32- Təftiş komisyonları əvvəlcə Firqənin mali işlərinə rəsidəlik etməklə bərabər mafouq komitələrdən verilən dəsturların yerlərdə düzgün həyata keçməsini kontrol etməli və bu barədə olan qozarişlərini mafouq komitələrə və Təftiş komisyonlarına verməlidirlər.

33-Firqə üzvləri tərəfindən verilən təşkilati və üzvlərin şəxsinə aid olan şikayətlərə rəsidəlik edib öz nəzərlərini qeyd etməklə mərbut komitələrə qozariş verməlidirlər.

34-Firqə üzvlərinin intizamı pozmaq, üzviyyət haqlarını verməmək və Firqə üzvlərinə yaraşmayan hərəkətlərə mürtəkib olan üzvlər haqqında verilən qozarişlərə yetişib onların barəsində nəzərlərini və qərarlarını qeyd etməklə mərbut komitə və mafouq təftiş komisyonlarına verməlidirlər.

35-Üçüncü maddənin Qeydi mocibincə müttəhim olanlar Firqə məhkəməsinə verilməlidir və məhkəmənin ayrıca olaraq ainnaməsi tənzim olunub Mərkəzi Komitənin təsdiqinə yetirilməlidir.

36- Firqə təşkilatı daxilində olan mokatebat 6 ay müddətinə qədər fəqət Azərbaycan dilinə çevrilməlidir.

37-Hizbi-Tudeyi-İranın (İXP)  Azərbaycanda olan “Sazimani- Cəvanani-Tudə” təşkilatı bundan sonra “Azərbaycan Demokrat Cavanlar Təşkilatı” namı almalı və ADF-nin rəhbərliyi altında işləməlidir.

Bu Məramnamə 50 maddə və Nizamnamə 37 maddədən ibarət ADF-nin 1324-cü il 10-13 mehr (1945-ci il 2-5 oktyabr) ayında təşkil olunmuş Birinci Konqre tərəfindən təsvib olunmuşdur.

2 aban 1324 (24 oktyabr 1945)

“Azərbaycan” mətbəəsi

Mənbə www.usatoday.com

Şərhlər bağlıdır.