BİR ARZUM VARDI: CƏNUBİ VƏ ŞİMALİ AZƏRBAYCAN BİRLƏŞSİN!

Heydər Əliyevin tarixi müsahibəsindən

“İtaliyanın səfiri sual verdi ki, Siz Cənubi və Şimali Azərbaycanın birləşməsinə necə baxırsınız? Dedim ki, bu bir xalqdır, müəyyən səbəblərdən ikiyə bölünüb. Bu xalq bir-birindən ayrı qala bilməz. Şübhəsiz ki, vaxt gələcək, birləşəcək”

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Azərbaycanda və onun hüdudlarından uzaqlarda geniş qeyd edilməkdədir. Rəhbər bu nüfuzu və hörməti dünya siyasətçilərinə örnək olan fəaliyyəti və xalqının qarşısındakı müstəsna xidmətləri ilə qazanıb. Ölkənin və dünyanın kütləvi informasiya vasitələri çoxsaylı yazıları ilə Heydər Əliyev fenomenini səciyyələndirməkdədirlər.

Ümummilli Liderin zəngin irsində Cənubi Azərbaycanla bağlı baxışları, əməli fəaliyyətini əks etdirən fikirləri, bütöv Azərbaycan məhəbbətinin təcəssümçüləri xüsusi yer tutur. Azerbaycan-ruznamesi.org bu xəzinədən yalnız bir nümunəni təqdim etməklə bizlərin böyük şəxsiyyətə sonsuz rəğbətini və ehtiramını nümayış etdirir.

Əslində bu bir necə abzas da kifayətdir tanıdığımız Heydər Əliyevin tanımadığımız cəhətləri barədə də bilgilərimizi artıraq.

Beləliklə,  tanınmış jurnalist, mərhum Elmira Əmrahqızının (Əhmədova) “Ulduz” jurnalı üçün götürdüyü müsahibədən bir parca.

– Stepan Şaumyanın oğlu tərəfindən təqiblər olurdu?

– Məni təqib etməyə onun iqtidarı çatmazdı. Moskvada olanda Azərbaycandan çıxmış ermənilərlə, o cümlədən Şaumyanın ailəsi ilə görüşüb söhbət etmişdim, əhval-ruhiyyələrini bilmişdim. Şaumyanın ailə üzvlərinin bu barədə fəaliyyət göstərməsi haqqında məndə məlumatlar yox idi. Ancaq millətçi ruhlu ermənilər açıq yox, gizli maneələr törədirdilər, cürbəcür kanallarla Mərkəzi Komitədə elə rəy yaradırdılar ki, guya N.Nərimanov böyük səhvlər buraxıb və bu səhvlər millətçilik nəzəriyyəsindən irəli gəlib, guya o, yubileyi keçirilməyə layiq şəxsiyyət deyil. Nərimanovun abidəsini qoymaq bizim üçün nə qədər çətin olub! Mənim sinəmdə çox sirlər var! Heç kəsə demədiklərimi indi sizə açıram. Qoy xalqım bilsin! Bəzilərini indi açıram. İki dəfə Suslovun, Brejnevin yanına getdim, ancaq onlara Nərimanov barədə başqa informasiyalar vermişdilər. Əjdər İbrahimov İsa Hüseynovla birlikdə “Mosfilm”də N. Nərimanova həsr olunmuş dəyərli film çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar və ermənilərin təsiri altında olan Mərkəzi Komitənin bəzi məsul işçiləri həmin filmi qadağan etmişdilər. Bir sözlə, filmi buraxmırdılar, nə yubiley keçirməyə, nə də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail oldum. Mərkəzi Komitədə N.Nərimanovun 100 illik yubileyinin keçirilməsinə dair qərara nail oldum. “Pravda” qəzetində N. Nərimanovun 100 illik yubileyinə həsr olunmuş böyük məqaləm getdi. N. Nərimanovun yubileyini böyük təntənə ilə keçirtdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. N. Nərimanov haqqında gözəl filmə də icazə aldıq… Təəssüf ki, Moskvada filmi müəyyən qədər ixtisar etdilər, adını da dəyişdirdilər. Əvvəl adı “Doktor Nərimanov” idi. N. Nərimanovun adı geniş yayılmasın deyə adını “Ulduzlar sönmür” qoydular. Onun ev-muzeyini yaratdıq. N. Nərimanovun yubileyinə hazırlıq dövründə biz Ulyanovsk vilayətinin rəhbərliyinə müraciət etdik. N. Nərimanov Leninin silahdaşı olduğu üçün onun xatirəsinin Leninin vətənində əbədiləşdirilməsi haqqında təklif verdik. Razılıq aldıq. 1979-cu ildə Ulyanovsk şəhərində N. Nərimanovun böyük abidəsi ucaldı. Şəhərin böyük bir prospektinə N. Nərimanovun adı verildi. Ulyanovska getdim, abidənin təntənəli açılışında iştirak etdim.

Bu niyə yadıma düşdü? Mən istəyirəm ki, xalqımızda birlik olsun. Kim idi N. Nərimanovun ayağının altını qazanlar? Bizim azərbaycanlılar. Onun öz silahdaşları. Onlar (adlarını tarixçilərimiz daha düzgün deyə bilərlər) Levon Mirzoyanla, Mikoyanla, Sarkislə birləşib, Kirovu yoldan çıxarıb N. Nərimanov əleyhinə blok düzəltmişdilər. Bax, bizim xalqın ən böyük bəlası bundan ibarətdir. N. Nərimanovun Leninə məşhur məktubu çox gözəl məktubdur, tarixdə ifşaedici bir sənəd kimi qalmışdır. Sonra həmin məktubu Moskvaya gətirdim. Dedim: Burada nə var? Güman edirəm ki, tarixçilərimiz elmi surətdə tədqiq edib, ona qiymət verməlidirlər.

N.Nərimanov məktubda deyirdi ki, Azərbaycan Respublikasında sosializm quruluşu gərək Azərbaycan xalqının milli xüsusiyyətləri, milli ənənələri ilə əlaqədar olsun. Rusiyada olan üsulu burada kor-koranə tətbiq etmək olmaz… Məktubun əsas məzmunu bundan ibarət idi. Düzdür, burada çox ideyalar var,  mən ancaq qısa məğzini deyirəm. Odur ki, yenə təkrar edirəm, arzum budur ki, xalqımız arasında birlik olsun. Tək N. Nərimanovun dövründə deyil, sonrakı mərhələlərdə də bizim respublikanın siyasi rəhbərliyində birliyin olması, öz şəxsi mənafeyinə görə başqasını satmaq, ona “millətçi” damğası yapışdırmaq və s. xoşagəlməz hallar millətin vəhdətini pozub. Tarixi izləsəniz, görərsiniz, respublikamızın başına bəlalar belə şeylərdən gəlib. Mir Cəfər Bağırovun ətrafındakılar kimlər idilər? Ermənilər, yəhudilər… 1937-38-ci illərdə adamlarımızı, xüsusən ziyalarımızı qıranlar kimlər idilər? Qriqoryanlar, Markaryanlar… Onların əli ilə H.Cavid, Y.Çəmənzəminli… məhv edilib.

İndi Azərbaycan çox çətin dövr keçirir. İndi öz xeyri üçün bir-birinin üstünə şər atmaq, bir-birini pisləmək, ləkələmək meyli güclənir. Gəlin, ayıq olaq, tarixdən ibrət dərsi götürək! Fikirləşək, görək, bunlar ilk növbədə sərfəlidir!

Bir fikri də deyim ki, son illərdə bir arzum vardı: Cənubi və Şimali Azərbaycanın əlaqələri güclənsin, onlar yaxşılaşsınlar və gələcəkdə birləşsinlər. Azərbaycan Yazıçılar İttifaqının son qurultayında (deyəsən, VII qurultayı idi) çıxış etdim, ilk dəfə olaraq Cənubi Azərbaycan sözünün üstündən yasaq götürüldü. Vaxtınız olsa, həmin çıxışı tapıb oxuyun. O vaxta qədər mətbuatda Cənubi Azərbaycan sözü qadağan idi. Guya bu, SSRİ ilə İranın əlaqələrinə zərbə toxundura bilərdi. Cənubi Azərbaycan şairləri ilə ünsiyyət saxlayırdım. Balaş Azəroğluna Azərbaycanın xalq şairi adını verdik, qurultayda Yazıçılar İttifaqının katibi seçildi. O vaxta qədər onlar çox sıxılırdılar. Onlara mənəvi arxa, dayaq lazım idi.

Cənubi Azərbaycanın böyük bir şairi var idi – Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Onunla maraqlı söhbətlərim oldu. Sonralar o, psixi xəstəliyə tutuldu, İrana getdi… Çox böyük şair idi. Onu demək istəyirəm ki, Cənubi Azərbaycandan 1946-cı ildə Şimali Azərbaycana gələnlərlə, onların təşkilatları ilə sıx əlaqə saxlayırdım. Respublikanın siyasi rəhbəri işlədiyim dövrdə Cənubi Azərbaycandan gəlib Bakıda yaşayanların təşkilatlarına lazımi yardım göstərirdim, onların rəhbəri Qulam Yəhya və başqaları ilə tez-tez görüşürdüm.

Yadımdadır, Moskvada olan səfirliklərin böyük bir qrup diplomatı Bakıya gəlmişdi. Mən onları qəbul etdim. Deyəsən, İtaliyanın səfiri idi, mənə belə bir sual verdi: “Siz Cənubi və Şimali Azərbaycanın birləşməsinə necə baxırsınız?” Dedim ki, bu bir xalqdır, müəyyən səbəblərdən ikiyə bölünüb. Bu xalq bir-birindən ayrı qala bilməz. Şübhəsiz ki, vaxt gələcək, birləşəcək…

Şərhlər bağlıdır.