O, LİBASINI ÇIXARARAQ RUHANİ ADINDAN İMTİNA ETDİ

BUNUNLA OĞLUNUN EDAMINA VƏ HAQSIZLIQLARA ETİRAZINI BİLDİRDİ

Azerbaycan-ruznamesi.org İran mətbuatına istinadən bütün ölkənin din xadimlərini lərzəyə salan hadisədən söhbət açıb. Belə ki, məşhur jurnalist və ictimai fəal Ruhulla Zəmin İran rejimi tərəfindən edam edilməsindən bir il ötür. Bu tarix təkcə Fransada mühacir həyatı yaşamış Zəmin müəmmalı həbsinin yeni təfərrüatlarının üzə çıxması ilə deyil, həm də onun atası hüccətül-islam Məhəmmədəli Zəmin qurulmasında və möhkəmlənməsində bilavasitə iştirak etdiyi islam hökumətinə meydan oxuması ilə yadda qaldı. Belə ki, dekabrın 13-də Zəmin Tehrandakı məzarı başında keçirilən mərasimdəki çıxışı zamanı Məhəmmədəli Zəm hakimiyyətin ona göstərdiyi təzyiq və basqılara etiraz əlaməti olaraq, əba və əmmaməsini çıxarıb ruhani libasından imtina etdi. Onun bu addımı mərasimdə iştirak edənlər tərəfindən alqışlar və afərin sədaları ilə qarşılandı.

Mərasimdə etdiyi çıxışda Məhəmmədəli Zəm oğlunun dindirilməsi və istintaqı zamanı baş verən bəzi hadisələrin üzərindən sirr pərdəsini götürdü, o cümlədən bildirdi ki, həmin dövrdə İslam İnqilabının Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının, yəni Sazman-e Ettelaat-e Sepahın bir zabiti Ruhulla Zəmi nahar üçün restorana aparıb və orada öz tapançasını Zəmə verərək, ona atəş açmasını istəyib, lakin Zəm bu təklifdən imtina edib. Buradan aydın olur ki, İran hakimiyyəti Zəmi edam etməyin böyük beynəlxalq əks-səda və etiraz doğuracağını bildiyindən, onun atışma zamanı öldürülməsi və ya əlindəki silahla özünə qəsd etməsi ssenarisini həyata keçirmək istəyib, amma bu, baş tutmayıb.

Sözügedən çıxışında Məhəmmədəli Zəm həmçinin İran hakimiyyətinin siyasətini kəskin tənqid edib, o cümlədən su istəyən İsfahan əhalisinə qarşı zor işlədilməsini və insanların çətin şəraitdə yaşadığı bir zamanda nüvə proqramına böyük pullar sərf olunmasını pisləyən fikirlər səsləndirib.

Qeyd edək ki, Məhəmmədəli Zəm hələ ötən ay – noyabrın 20-si və 22-də yaydığı açıqlamalarda oğlunun aldadılaraq həbs edilməsində onunla əməkdaşlıq edən, əslində isə Sepah casusları olan Avstraliyada məskunlaşmış Vəfa Nikfər və həmən vaxt Türkiyədə yaşayan, həbs əməliyyatı ərəfəsində isə İraqa gələn Şirin Nəcəfi adlı şəxslərin rolu olduğunu bildirmiş və bu məsələnin araşdırılmasını Fransa, İraq və Avstraliya hökumətlərindən tələb etmişdi. O, eyni zamanda bunu da vurğulamışdı ki, prezident Həsən Ruhaninin sədri, Əli Şəmxaninin katibi olduğu Ali Milli Təhlükəsizlik, yəni Əmniyət Şurasında Ruhulla Zəmin idarə etdiyi “Aməd-nyus” saytı və kanalının monitorinqi üçün iki il ərzində xüsusi qərargah təşkil olunubmuş. Məhəmmədəli Zəm bu qədər vaxtın, qüvvənin və vəsaitin həmin işə sərf olunmasını tənqid edərək bildirmişdi ki, kaş bunlar daha səmərəli işlərə, ölkə daxilində daha rahat və təhlükəsiz həyatın təmin olunmasına sərf ediləydi, çünki məhz o dövrdə mühüm dövlət qurumalarına kiber hücumlar həyata keçirilmiş və ölkənin dəyərli nüvə alimləri terrora məruz qalmışdı.

Beləliklə, həbsindən iki il, ölümündən bir il keçməsinə baxmayaraq, Ruhulla Zəm hələ də İran rejimini ifşa etməkdə və silkələməkdə davam edir.

Kim idi Ruhulla Zəm? O, İslam İnqilabı ərəfəsində – 1978-ci ildə Tehranda ruhani Məhəmmədli Zəmin ailəsində doğulmuşdu. Atası inqilab rəhbərinin – Ruhulla Xomeyninin şərəfinə ona Ruhulla adını qoymuşdu. Məhəmmədəli Zəm 1980-1990-cı illərdə İslam Respublikasında mühüm postlar tutmuş, o cümlədən, İslami Təbliğat Təşkilatında, Mədəniyyət və İslami İrşad Nazirliyində, İran Dövlət Teleradio Təşkilatında, Tehran şəhər bələdiyyəsində önəmli vəzifələr icra etmiş, bir vaxtlar İranın ali rəhbəri Ayətullah Əli Xameneyi, parlamentin sabiq sədri Qulaməli Həddad Adil ilə yaxın münasibətlərdə olmuşdu. Lakin oğlu Ruhulla gənc yaşlarından İran siyasətindəki digər cinaha – islahatçılara, xüsusən Mehdi Kərrubinin siyasi platformasına meyl etdi və onun partiyasına bağlı “Səham-nyus” saytında yazılarla çıxış etməyə başladı. 2009-cu ilin prezident seçkilərindən sonra keçirilən və “Yaşıl Hərəkat” kimi tanınan kütləvi etirazlarda fəal surətdə iştirak etdi və həbs olunaraq məşhur Evin zindanında saxlandı. Burada ona islahatçı cinahın liderlərinə qarşı ifadələr və etiraflar almaq üçün ağır işgəncələr verildi.

Zindandan çıxdıqdan sonra Zəm ölkəni tərk edərək Fransada məskunlaşdı və 2015-ci ildə orada “Aməd-nyus” adlı sayt, eyni adlı Teleqram kanalı yaradaraq İran rejimi barədə ifşaedici məlumatlar yaymağa başladı. Bu məlumatların bir çoxu İslam Respublikasının ən yüksək rütbəli təmsilçilərinə, o cümlədən Ayətullah Xameneyiyə və onun yaxın ətrafına aid idi. Qısa müddətdə Zəmin idarə etdiyi Teleqram kanalı abunəçilərinin sayı 1 milyon 500 min nəfərə çatdı. Geniş izləyici kütləsi sayəsində “Aməd-nyus” kanalı 2017-2018-ci illərdə İranda baş vermiş kütləvi etirazlarda ciddi rol oynadı və təbii ki, İran rejiminin hədəfinə tuş gəldi. Zəmin fəaliyyətinin qarşısını almaq üçün İran hakimiyyəti onun İranda olan qardaşını, iki bacısını və bacısının ərini həbs etdi. Bunun bir nəticəsi olmadıqda, İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şikayəti əsasında kanal bağlandı. Lakin Ruhulla Zəm tez bir zamanda “Seda-ye mərdom”, yəni “Xalqın səsi” adlı yeni kanal açdı və qısa müddətdə yenidən milyonluq izləyici kütləsi topladı. Sonradan həmin kanal Sepah tərəfindən ələ keçirildi və Ruhulla Zəmin həbsi barədə məlumat da 2019-cu il oktyabrın 14-də Sepahın loqosu ilə məhz həmin kanalda dərc edildi.

Ruhulla Zəmin həbsi ilə bağlı bir çox məsələlər bu günə qədər aydın deyil. Bəlli olan budur ki, o, yuxarıda adı çəkilən Sepah casusu Şirin Nəcəfi tərəfindən aldadılaraq guya Ayətullah Sistaninin təmsilçisi ilə görüşmək üçün İraqa gəlib və Bağdadda həbs edilib. Planlaşdırılan görüş barədə məlumat Ayətullah Sistaninin ofisi tərəfindən təkzib olunub. Digər bir iddiaya görə, Fransa hökuməti onu İranda həbsdə olan fransız kəşfiyyat zabiti ilə dəyişib. Amma hər halda Fransa Xarici İşlər Nazirliyi Ruhulla Zəmin həbsini və edam olunmasını pisləyən bəyanat yayıb. Üstəlik, İran məhkəməsində Ruhulla Zəmə qarşı Fransa kəşfiyyatına casusluq ittihamı irəli sürülüb. Bütövlükdə Zəmə qarşı 17 ittiham, o cümlədən, Fransa və İsrail kəşfiyyatına casusluq, Amerika hökuməti ilə əməkdaşlıq, İranın milli təhlükəsizliyinə qəsd, Xomeynini və Xameneyini təhqir etmək kimi ittihamlar irəli sürülüb və o, 2020-ci ilin iyulunda edam cəzasına məhkum edilib. 2020-ci il dekabrın 12-də isə hökm icra olunub. Bu addım bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən pislənib, hətta buna cavab olaraq, Avropa Birliyinə üzv ölkələr – Fransa, Almaniya, İtaliya və Avstriya edamdan iki gün sonraya planlaşdırılan Avropa-İran Biznes Forumunu boykot ediblər.

Ruhulla Zəmin ölümünün ildönümündə onun atasının atdığı addım, yəni ruhani libasından imtina etməsi İran rejiminin düşdüyü vəziyyəti göstərmək baxımından əlamətdar hadisədir. İran saytlarından biri yazır ki, hüccətül-islam Məhəmmədəli Zəmin inqilabdan sonra mədəniyyət və incəsənət (honər) sahəsində İslam Cumhuriyyətinə göstərdiyi xidmətlər danılmazdır.  Onun bu addımı və etirazı isə göstərir ki, təkcə sonrakı nəsillərin nümayəndələri deyil, bilavasitə “inqilabi nəslin” təmsilçiləri də rejimdən üz döndərirlər. Burada Ruhulla Zəmin hələ Evin zindanında olarkən, ölkənin ali rəhbəri Ayətullah Xameneyiyə yazdığı məktubdan bəzi sətirləri xatırlatmaq yerinə düşər. O, Xameneyiyə müraciətlə yazırdı: “Tam əminəm ki, siz də keçmiş İran şahı kimi xalqın səsini o zaman eşidəcəksiniz ki, artıq gec olacaq. Amma mərhum İran şahı ilə İranın indiki şahı arasında əsaslı bir fərq var. O, xalqın qəzəbini sakitləşdirmək və əhalini qırğına verməmək üçün İranı tərk etdi və öz siyasi gələcəyinin taleyini İran xalqının öhdəsinə qoydu. Amma sizin İranı düşmənlərin hədəfinə çevirməyənə, İranı viran etməyənə qədər hakimiyyətdən əl çəkmək və taleyinizi İran xalqının ixtiyarına buraxmaq fikriniz yoxdur”. Bu sözlər, üstündən on ildən artıq vaxt keçsə də, İranın hazırda düşdüyü vəziyyətlə daha çox səsləşir və islam rejiminin hakimiyyəti altında İran üçün qorxunc gələcək və perspektivdən xəbər verir.

Şərhlər bağlıdır.