AZƏRBAYCAN DİLİ HAQQINDA 1400 İL BUNDAN QABAQ KƏSRA ƏNUŞİRƏVAN ADILIN QEYDLƏRİ

Əbu Əli Əhməd bin Məhəmməd ibn Yaqub ibn Məskuyə 370-ci hicri (980-ci miladi) ilində yazdığı “Təcarübül-ümm” (Millətlərin təcrübələri) adlı tarixi kitabın 154, 156, 160, 166, 170, 176, 200, 207, 282, 248-ci və digər səhifələrində Azərbaycan və bu ərazidə yaşayan xalqların barəsində I Xosrov Ənuşirəvanın qeydlərini ərəbcə tərcümə eləyib.

Aşağıda həmin kitabdan bir neçə parça tərcümə olunub ki, Azərbaycan barədə müsəmləkə tarixi yazıb və cavanlarımızın fikirlərini mədrəsələrdə və qəzetlərdə zəhərləyib bizi təhqir edənlər bəlkə bir az utanıb qızaralar. Xosrov Ənuşirəvan yazır ki, bu dəlillərə görə şəxsən Azərbaycana getdim və onları öz yanıma çağırıb və onlarla xüsusi söhbət elədim. Sonra ayrı bir səhifədə yazır ki, “İranın Şimal tərəfində yaşayan xalqlar bizə yazırdılar ki, ev və məişət qismətindən çox sıxıntıda qalmışıq. Əgər bizə iqtisadi kömək olunmasa, sizinlə müharibə eləyib və onu zor ilə almağa məcbur olarıq.  Bu cəhətdən mən məcbur oldum, şəxsən Azərbaycana hərəkət edib və onları maaş və ev cəhətdən rahat edəm.

Bundan ötrü ki, bunların qoçaqlığından, igidliyindən və cəsurluğundan çox qorxurdum ki, birdən ehtiyac və yoxsulluq bunları Rum padşahları qulluğuna girməyə və bizim əleyhimizə çarpışmağa vadar edər, nəticədə düşmənlərimizin qüvvətlənməyinə səbəb olarlar. Bundan ötrü ki, keçmiş zamanlarda da Rum qeysərləri bu türklərdən çox ağır qiymətlərə könüllü qoşun düzəldib bizim himayəmiz altında olan torpaqlara basqın edib… onları öz imparatorluqlarına qatmışlar. Rum qeysərləri türklərin rəşadət və cəsurluğunun uğrunda şövkət və qüdrət sahibi olmuşdular. Çünki onların yanında yaşayışın heç ləzzət və qiyməti yoxdur, çətin və acınacaqlı yaşayış onları ölümün istiqbalına təşviq edir.”

Bəli, demokrat adını İranda özlərinin inhisarı edən, dostluq maskaları altında Azərbaycan dilinə həmlə edib monqolların bizi türkləşdirdiyini iddia edən o tiryək aludəçisi olan demokratlar və doktor Möhsinilər, Fəhimilər, Zövqilər, eləcə də onların quyruqları və ağaları var qüvvələri ilə çalışırlar ki, bizim dilimizi kəsələr və yerinə bir süni dil yapışdıralar. Amma müvəffəq ola bilmədilər.

Tövsiyə olunur ki, I Xosrov Ənuşirəvan Adilin 1400 il bundan qabaq öz xətti ilə   yazdığı və dünyanın böyük kitabxanalarında nüsxələri mövcud olan qeydlərini mütaliə eləsinlər. Bəlkə bundan sonra elədikləri zülm və əməldən utansınlar ki, monqollardan, səlcuqlardan və qəznəvilərdən də çox qabaq bu dil Azərbaycanda olub və danışılıb.  1500 il bundan qabaqkı yer üzünün böyük imperatorluqları Azərbaycanın şücaətindən ilham almış, Azərbaycan millətlərinin mahnıları, bayatıları və nağılları 2000 ildən artıqdır sinələrdən sinələrə ötürülüb, onları bizlərə irs qoyublar və heç bir qara qüvvələr ona xələl gətirə bilməyib. Tiryək təsirli söhbətlər və mövhum fikirlərlə onu aradan aparmağa hədər yerə çalışmasınlar. Ondan ötrü ki, demokratik və müttəfiq millətlərin sazişi hər bir şəxsi öz ana dilində danışıb oxuyub və yazmasını təsdiq etmişdir.

Tehran – N.X
“Azərbaycan” qəzeti. ADF orqanı, say 60, 30 aban 1324/21.11.11/1945
Təqdim etdi: AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin rəhbəri Səməd Bayramzadə

Şərhlər bağlıdır.