ANA DİLİ HƏRƏKATININ FƏALI ƏLİRZA FƏRŞİ SÜRGÜNƏ GÖNDƏRİLİR

Yenicə həbsdən çıxmış ana dili hərəkatının fəalı Əlirza Fərşi mayın 15-də yenidən Tehranın Evin həbsxanasında yerləşən “Şəhid Müqəddəs” prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırılıb.

Azerbaycanruznmesi.org xəbər verir ki, bu barədə fəal özünün sosial media heabında paylaşım edib.

Fərşinin yazdığına görə, məhkəmə nümayəndəsi Məhəmməd Mehrdadi ondan giriş məktubu ilə sürgün qərarının icrası üçün Xuzistan əyalətinin Bağməlik şəhərinin məhkəməsinə getməsini tələb edib.

Milli fəal məhkəmə nümayəndəsinin tələbinə etiraz etdiyini yazıb.

“3 il müddətinə həbsdə, nəzarətdə oduğum üçün işləyə bilmədiyimi və bu müddət ərzində bütün imkanlarımın tükəndiyini dedim.

Tanımadığım şəhərdə heç bir vəsait və işim olmadan yaşamağın mümkün olmadığını bildirib, sürgün yerində hökumətin ən azından yatmağıma yer ayırmasını istədim.

O, isə sürgünün həyatının belə olmalı olduğunu deyərək, mənə azadlıqda olduğum üçün şükür etməyimi məsləhət gördü”,- Fərşi bildirib.

Qeyd edək ki, Əlirza Fərşi fevralın 8-də həbsxanadan buraxılıb.

Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Şərhlər bağlıdır.