M.TAHIR: “OXU, ÖYRƏN”

Böyük tarixə malik olan xalqlar və qəbilələr öz milli simasını işğalçıların hücumu qarşısında hifz etdiyi kimi Azərbaycan xalqı da öz dilini, adət və ənənələrini əsrlərdən bəri hifz edə bilmişdir. Bir çox tarixi, siyasi, ictimai və iqtisadi amillərin təsiri altında qaldığı kimi Azərbaycan xalqının dilinə ərəb və fars kəlmələri nüfuz etmişdir. Fars dilində ərəb kəlmələrinin həddindən artıq olduğu halda, fars millətini və ya başqa millətləri inkar etmək olmadığı kimi Azərbaycan millətini və onun dilini də inkar etmək olmaz. Azərbaycan xalqı öz parlaq tarixinə qəhrəmanlar, sərkərdələr, tarixçilər, siyasi simalar verdiyi kimi Nizami Gəncəvi, Nəsimi, Füzulu, Əli Möcüz, Raci, Şükuhi, Sərraf, Vaqif, Sabir, Qətran, Vidadi, Saib kimi böyük ədib və şairlər də vermişdir. Bizim xalqımızın şeirləri, qəzəlləri, bayatıları, nağılları, qəsidələri də Azərbaycan dilində yazılmışdır.

Azərbaycan dilinin zənginliyi, şirinliyi, sərf-nəhvi (qrammatikası) və qaydaları vardır. Hətta fars dilində böyük bir cümlə ilə ifadə olunmayan fikirlər Azərbaycan dilində bir neçə kəlmə ilə ifadə olunur və anlaşılır. Məsələn, döymək, döydürtmək, döydürtdürmək və sairə.

Fars dilində belə bir şey mövcud deyildir və … Azərbaycan dilində nitq etmək, yazmaq, danışmaq belə çox asandır. Hər bir azərbaycanlı uşağı az müddət içərisində öz dilində yazmağa müvəffəq olur. Əgər bizim kəndlərimizdə bir nəfər fars dilində gedib danışarsa onun danışıqlarından bir kəlmə də olsun kəndli və fəhlələrimiz bir şey düşünməzlər. Lakin öz Azərbaycan dillərində danışıqlarını tamamilə düşünüb dərk edirlər.

Bu, xalqımızın doğma ana dilində danışmalarının bir sübutudur.

Azərabycan xalqının hər bir övladı öz analarının qucağında onların nəvazişi, həzin-həzin, şirin-şirin sözləri və xoş avazları ilə tərbiyə almışlar. Dağlarda sürü otaran çobanlarımızın çaldığı mahnılar Azərbaycan xalqının ana dilindəki mahnılarıdır.

Analarımız beşiklərdə bizə aşagıdakı bayatıları oxuyub bizi boya-başa çatdırmışlar:

Bu gün sabah yaz olur,

Bülbüllər pərvaz olur,

Sənə gül demərəm mən,

Gülün ömrü az olur.

Sənə bülbül deyərəm,

Bülbül xoş avaz olur.

Lay-lay, lay-lay…

Bizim uşaqlarımızın anadan olduğu vaxt qulaqları analarımızın ürəyindən qopan bu şirin dil ilə bizə dediyi bayatılardır. Bunlar xalq, yəni camaat ədəbiyyatıdır.

Xalqımız toylarda, məclislərdə, yasda, bazarda, dükanda, ocaq və təndir başında bu dil ilə yeni, dədə-baba dilləri olan Azərbaycan dilində danışmışlar və indiyə qədər də danışıb bir xalq və millət kimi yaşayırlar. Hələ Azərbaycanda hökmdar olan Şah İsmayıl Səfəvi (Xətai) hökmdar olduğu vaxt onun zamanında dövlət işləri tamamilə Azərbaycan dilində aparılmışdır. Hökmdar özü Azərbaycan dilində şeirlər yazmışdır. Bizi monqol adlandıranlar Azərbaycan millətinin düşmənləridirlər. Azərbaycan xalqı monqollarla qanlı mübarizələr aparmışdır. Azərbaycan xalqı heç vaxt dəyişməmişdir. O, həmişə bir xalq kimi yaşamışdır. Tarix boyu qəhrəman, şücaətli, cəngavər bir millət olan Azərbaycan xalqının dilini əvəz etmək olarmı?

Öz düşmənləri ilə gecə-gündüz vuruşan, vətənlərinin və azadlıqlarının düşmənləri ilə yorulmadan cəng edən millətin dilini dəyişmək olarmı? Bunu 40 ildən artıq İrandakı zülmkar və zalımlar isbat etdi ki, olmaz. Məxsusən, 20 il zor, süngü, irticanın maarifi bizim dilimizi qadağan etməsi başqa yad dil olan fars dilini uşaqlarımızın boğazına güc ilə keçirmələri göstərdi ki, Azərbaycanın dili dəyişməz. Hər cür çətinliyə baxmayaraq xalqımızın dili aradan getmədi. Bizim Azərbaycan milləti də farslaşmadı. Rza xanın alçaq və nifrətli siyasəti baş tutmadı. İrtica bilməyir ki, bir millətin sərvətini, malını əlindən alıb qarət etmək olar, lakin onun doğma ana dilini əlindən almaq olmaz. Bizim babalarımız midiyalı olmuşlar, yəni mənşəyimiz Mad olmuşdur.

Bəs dilsiz bir millət ola bilməz. Dil bir millətin varlığını sübut edir. Hər bir millət öz dili və ədəbiyyatı üzərində öz milli mədəniyyətini yaratmışdır. Azərbaycan dili öz tarixi qədər qədimdir. Dil bir millətin azadlıq mübarizəsinin silahı olmuşdur. Azərbaycan milləti də öz mədəniyyətini, öz ədəbiyyatını dil üzərində qurmuşdur. Azərbaycan milləti öz ana dilində ibtidai, ali mədrəsələr açacaq və bunlarda onun balaları səadətli və xoşdəxt olacaqdır.

Yaşasın Azərbaycan xalqının ana dili!

“Azərbaycan” qəzeti. ADF orqanı, say 52, 21 aban 1324/12.11.1945

Təqdim etdi: AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin rəhbəri Səməd Bayramzadə

Şərhlər bağlıdır.