Ruhani İranın nüvə fəaliyyətinin sürətləndirilməsinə qarşı çıxır – ilginc səbəblər

Ekspertlərə görə, İran prezidentinin bu mövqeyi Azərbaycan üçün də sərfəlidir

İran parlamenti nüvə fəaliyyətlərini sürətləndirmək barədə hökumətə qanun layihəsi təqdim edib. Lakin cənub qonşumuzun prezidenti Həsən Ruhani bunun əleyhinə çıxıb. O, bu barədə Nazirlər Kabinetinin iclasında bildirib.  Ruhani Nüvə Silahının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində 2016-cı ildən bəri könüllü olaraq həyata keçirilən əlavə protokoldan ayrılmanı və uranı ən az 20 faiz zənginləşdirməyi nəzərdə tutan layihəni tənqid edib.

“Parlamentin qəbul etdiyi qanunu diplomatik fəaliyyət prosesi üçün zərərli hesab edirik. Hökumət bu qanunu müsbət görmür”

Həsən Ruhani.

Qeyd edək ki, dekabrın 1-də iranlı nüvə fiziki Möhsün Fəxrizadə öldürülüb. Onun öldürülməsindən sonra belə bir qanun layihəsinə İran hökumətinin qarşı çıxması çoxsaylı müzakirələrə səbəb olub. Əslində bunun gözlənilən olduğunu düşünənlər kifayət qədər çoxdur. Çoxları hesab edir ki, indiki şəraitdə rəsmi Tehran Amerika başda olmaqla, Qərb dünyası ilə onsuz da pis olan münasibətləri gərginləşdirmək istəmir. Ekspertlərin ehtimallarından biri də odur ki, Ruhani Amerikada yeni prezident seçilən Co Baydenin Birləşmiş Ştatları İran və Altılıq ölkələrinin imzaladığı sazişə qaytarmağa ümid edir və məhz bu səbəbdən açıq şəkildə parlamentin qərarına qarşı çıxır.

Şərhlər bağlıdır.