İran tanınmış alimin qətlində İsraili günahlandırır
İran prezidenti Həsən Ruhani İsraili muzdlular işə götürərək elm adamlarına sui-qəsd təşkil etməkdə günahlandırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani İsrail dövlətini muzdluları işə götürərək nüvə fizikası üzrə alim Möhsün Fəxrizadəni öldürməkdə günahkar hesab edib. O məsələ ilə bağlı açıqlamasında deyib: “Şəhid Fəhrizadənin öldürülməsi düşmənlərimizin çarəsizliyini və nifrətlərinin dərinliyini göstərir. Sui-qəsd İranın müvəffəqiyyətinin qarşısını almayacaq”.
Digər tərəfdən İran Müdafiə Nazirliyi ölkənin nüvə proqramının memarı kimi tanınan M.Fəxrizadənin paytaxt Tehran yaxınlığında sui-qəsd nəticəsində öldürüldüyünü bildirib və hadisəni “terror hücumu” kimi qiymətləndirib.
Qeyd edək ki, nüvə enerjisi və raket araşdırmaları ilə tanınan alim M.Fəxrizadənin avtomobilinə silahlı hücum edilib. O aparıldığı xəstəxanada ölüb.
İranlı nüvə fiziki Müdafiə Nazirliyinin Elmi Tədqiqat Təşkilatının rəhbəri olub. İran Xarici İşlər Naziri Cavad Zərif “İsrailin M.Fəxrizadənin öldürülməsində rol oynadığına dair ciddi əlamətlər var” deyib və beynəlxalq ictimaiyyəti ikili standartlara son qoyaraq bu terror aktını qınamağa çağırıb. İsrail və Qərb dövlətləri M.Fəxrizadənin İranın 2003-cü ildə dayandırdığı gizli atom bombası proqramının lideri olmasından şübhələnirdi. İsrail mediası 2018-ci ildə İsrailin Milli Kəşfiyyat Təşkilatının M.Fəxrizadəyə sui-qəsd cəhdi olduğunu, ancaq uğursuz nəticələndiyini iddia etmişdi.
Şərhlər bağlıdır.