Rusiya alimlərinin tərtib etdiyi alqoritm dərslərindən iki alanı əlaçıdan onların sosial şəbəkələrdə paylaşdığı informasiyalar, postlar əsasında 94 faiz seçə bilir. Tədqiqatın nəticələri “EPJ Data Science” jurnalında dərc edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın “Ali İqtisad Məktəbi” Elmi-Tədqiqat Universitetinin Təhsil İnstitutu əməkdaşlarının tərtib etdiyi model “VKontakte” və “Twitter”də uğurla tətbiq olunub.
Son on ildə sosioloqlar, riyaziyyatçılar, fiziklər və hətta epidemioloqlar informasiyaların sosial şəbəkələr vasitəsilə necə yayılmasını, istifadəçilərin xarakter və davranışlarını bilmək üçün müvafiq verilənlərdən necə istifadə etmək məsələsinin fəal araşdırırlar. Məsələn, iki il əvvəl amerikalı sosioloqlar sistem yaradıblar ki, onun vasitəsilə “Facebook” məlumatları üzrə boşanma ehtimalını qiymətləndirmək mümkün olub. Rusiyalı alimlər isə istifadəçilərin sosial şəbəkələrdə fəallığı əsasında onların ailə vəziyyətini və cinsini müəyyənləşdirməyi öyrəniblər. Britaniyalı alimlərin analoji tərtib etdikləri alqoritmlər sayəsində IQ səviyyəsini və “bəyənmə” (like) əsasında şəxsiyyətin beş əsas cizgisini qiymətləndirmək mümkündür.
Rusiya alimləri son tədqiqatda müvafiq texnologiyaların köməyilə şagirdlərin və tələbələrin dərsdə müvəffəqiyyətini, habelə yaxşı oxumaq üçün hansı problemləri aradan qaldırmağı müəyyənləşdirməyə çalışıblar. Bunun üçün onlar 2012-ci ildə PISA qiymətləndirmə proqramı üzrə testdən keçmiş 2,4 min yeniyetmənin “VKontakte” səhifələrində paylaşdıqları məlumatları toplayaraq araşdırıblar. Alimlər bu verilənlərdən sosial şəbəkələrdə mətn tipli məlumatların məzmununu və stilistikasını təhlil etməyi və onları müvafiq maraqları, bilikləri və yazı üslubu olan insanların təhsil səviyyəsi və müvəffəqiyyəti ilə tutuşdurmağı bacara bilən neyroşəbəkələrə “təlim vermək” üçün istifadə ediblər.
Neyroşəbəkə iki alanları və əlaçıları kifayət qədər dəqiq müəyyənləşdirməyi öyrəndikdən sonra alqoritmin işi Rusiyanın 100 ən böyük ali məktəb tələbələrinin məlumatları daxil edilməklə yoxlanılıb. Bunun nəticəsində neyroşəbəkənin xəbərlərinin dəqiqliyi təsdiqlənib, dərslərdən iki alanların və əlaçıların bir neçə səciyyəvi cəhəti seçilib. Belə ki, alqoritm əlaçılar üçün ədəbiyyat, fizika və təfəkkür proseslərinin təsviri ilə əlaqədar uzun mətnlərin səciyyəvi olduğunu aşkar edib. İki alanlar üçün səhvlər, smayliklər, işarələr və baş hərflərlə yazmaq xarakterik olub. Onlar daha çox bürclər, hərbi xidmət və yol-nəqliyyat hadisələri haqqında söhbət aparıblar.
Tədqiqatçıların fikrincə, əldə edilən nəticələr istifadəçinin sosial şəbəkədə konfidensiallığının nə dərəcədə zəif olduğunu göstərib. İnsanlar hər yerdə kameralarla, sifətin tanınması sistemləri ilə qarşılaşırlar. Lakin əhəmiyyətsiz görünən qısa mətn də insan haqqında informasiya mənbəyi ola bilər.
Şərhlər bağlıdır.