Əzizimiz, məsləkdaşımız tariyel ümidə:
Tez sağal şair, hamımız yolunu gözləyirik!
İş elə gətirib ki, erməni xislətli koronavirus sağlamlığımızla yanaşı mənəvi bağlantılarımızı da sınaqlara çəkməkdədir. Epidemiya ilə mübarizədən irəli gələn qadağalar yaşlılardan evdən çıxmamalarını, sağlamlıqlarını və cərimələri göz önünə gətirmələrini tələb edir. Yubilyarların adlarına layiq tədbirlərin düzənlənməsi məhz bu səbəbdən toplantılarının təxirə salınmasını diqtə etməkdədir. Bizlər də bunları əsas götürərək təəssüf hissi ilə olsa da bu qaydalara əməl etməyə məcburuq.
Yubileylərə gəlincə bunlarla bağlı toplantılarımız heç də birdəfəlik ləğv olunmayıb, sadəcə əlverişli məqam gözləməkdəyik. Borclu qaldıqlarımız sırasında “Tariyel Ümid-75″də var. Yubileyi xeyli vaxtdır keçirmək niyyətindəyik. Amma qadağalar hər dəfə uzandıqca təxirəsalmalar sıralanmaqdadır. “Butov.az” saytı artıq missiyasını yerinə yetirib, təbrik yazıb. Bütün kütləvi informasiya vasitələrindən irəli düşərək ilin əvvəllərində “İstedadlı şairimiz Tariyel Ümidin 75 yaşı tamam olur!” sərlövhəli yazı dərc edib. ADF isə 5 il əvvəlkindən daha gözəgəlimli yubiley tədbirlərini düzənləmək niyyətindədir. Onlardan biri də mütləq mayası mübarizələrdən yoğrulmuş, 21 Azər hərakatının iştirakçısı, fədai, erməni işğalınadək ADF-nin Ağdam regional təşkilatının sədrlərindən olmuş Cəfər kişinin ömrünün sonuna qədər yaşadığı bu rayonda reallaşdırılacaq. Çünkü bütün Qarabağımız əbədi olaraq Azərbaycanındır.
Niyyətimiz yerindədir, 2021-ci ilə keçsə belə yubilyarla masa ətrafında özünün iştirakı ilə bunu edəcək, sənətkarı yaradıcılığına və içtimai işlərdəki fəallığına görə mükafatlandıracağıq. Gəncə şəhər təcili yardım xəstəxanasında işləyən həkim qardaşı Bayram Pərdəşünasa da bunu vəd etmişik.
Hazırda karonavirusdan müalicə olunan şair xəstəliyin fəsadlarını aradan qaldırmaqdadır. Övladları, doğmaları başının üstünü kəsdirib, qayğılarını əsirgəmirlər. Qalib gələcəyi şəksizdir. Səhhəti yerində olsaydı Zəfər Paradını mütləq izləyərdi. Vətənin bu tayındakı yurdunun düşmən işğalından azad edilməsinə şeir həsr edər, hər iki Qarabağ müharibəsində şəhid olanların, o cümlədən bu yaxınlarda torpağa tapşırılmış kürəkəni Mais Səmədovun intiqamının yerdə qalmamasından vüqar hissi keçirərdi.
1945-ci ildə Güney Azərbaycanın Əhər şəhərinin Durmuşqanlı kəndində dünyaya gəlmiş T.Ümid orta təhsilini Ağdamda alıb, Politexnik İnstitutunun məzunu kimi uzun illər ölkənin dəmiryolu sistemində çalışıb. Hazırda təqaüddədir. Ötən əsrin 70-ci illərində ədəbiyyata gəlişinə xalq şairi Söhrab Tahir “Ulduz” jurnalında uğurlu yol yazıb. Azərbaycan Yazışılar Birliyinin, İranlı Mühacirlər Ədəbi Birliyinin sədridir. “Ağ günün qanadları”, “Bu da bir taledir”, “Mənim Gülüstanım”, “Yetmiş pilləkən” kitablarının müəllifidir. Şeir, hekayə, poemaları onlarca mətbu orqanda işıq üzü görməkdədir.
Yaradıcılığında firqə, Güney Azərbaycan motivləri ana xətti təşkil edən Tariyelin yenidən yaradıcılıqda, içtimai həyatda aktiv mövqeyi ilə seçiləcəyinə inanırıq. Tez sağal şair, hamımız yolunu gözləyirik!
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin Sədri,
Əməkdar jurnalist
FİRQƏ EŞQİM!
Biletinin sətirləri
ümüd olan, arzu olan.
Sırasında nəsil-nəsil
oğlu olan qızı olan,
Firqəm salam!
Mübarizə yollarında
yaşadıqca yaşa doldun.
Mən səninlə doğulmuşdum,
Bu gün sənlə yaşıd oldum.
Doğma firqəm!
Əziz firqəm!
Məni dinlə;
Mənim sözüm-söhbətim var,
Bu gününlə.
Bu gününə gəlib çata
bilməzlərin,
Azadlığın uğurunda
ölüb getmiş ölməzlərin,
Pişəvərinin qələmini,
Səttərxanın tüfəngini,
Firudunun son sözünün
ahəngini,
Bu gününə gətirmişəm.
Uğurunda Xiyabani
ömrü soldu.
Neçə-neçə qəhrəmanlar
həlak oldu.
İtdi-batdı, qırıldılar
neçələri.
Ölüm tutdu, qan bürüdü
küçələri.
Əqidədən dönməyənlər
yenə oldu.
Firqəm, yenə sıraların
artdı, doldu.
Bu ölümlər, ayrılıqlar
sındırmadı eşqimizi.
Zaman özü nəsil-nəsil
yetişdirdi yenə bizi!
Tariyel Ümid,
İranlı Mühacirlər Ədəbi Birliyinin sədri,
Dədə Qorqud Beynəlxalq mükafatı laureatı
Şərhlər bağlıdır.