Cənubi Azərbaycan saytlarından birinin bir neçə dəfə verdiyi məlumata görə Azərvaycan Respublikasında Vətən müharibəsi başlanan gündən Cənubi Azərbaycanın Araz çayı sahilinə yaxın yaşayış məntəqələri qeyri-ixtiyari olaraq döyüş əməliyyatları gedən bölgənin davamına çevrilmişdi. Belə ki, ora təsadüfi və ermənilərin qəsdən atdığı mərmi və raketlər düşürdü. Belə mərmi və raketlər çox zaman boş ərazilərə düşsə də, nadir hallarda dağıntıya səbəb olmuş, hətta yüngül xəsarət alan da olmuşdu. Bütün bunlara baxmayaraq həmin bölgənin əhalisinin bir qismi, xüsusən də uşaqlar və gənclər Araz boyu ərazidə gedən döyüşləri canlı izləmişlər. Məlum olduğu kimi döyüşlərin bir istiqaməti 2020-ci ilin sentyabr ayının 27-dən Zəngilan rayonu və şəhərinin azad edilməsinə qədər (20.10.2020) Araz çayı sahilinə yaxın ərazidə getmişdir və həmin günlərdə Cənubi azərbaycanlıar döyüşləri canlı izləmişlər. Dəfələrlə polisin döyüşləri izləmə zamanı baş verə biləcək təhlükə barədə xəbərdarlığına baxmayaraq müharibə tamaşaçılarının sayı nəinki azalmamamış, əksinə ketdikcə müxtəlif bölgələrdən, xüsusi olaraq döyüşləri izləmək üçün gələnlərin hesabına daha da artmışdır. Döyüşləri axşam və gecə qaranlığında izləmək daha maraqlı imiş, çünki mərmi və raketlərin uçuşu daha aydın görünürdü. Cənublular döyüş sahəsində real vəziyyəti bizdən daha tez görür və bilirdilər. Döyüşlərin intensivliyi səngiyəndə ermənilərin artıq geri çəkildiklərini, ərazilərin azad edildiyini görürdülər. Məsələn, Şimalda elan ediləndən əvvəl qeyd edilən həmin məlumatlardan birində deyilirdi ki, ermənilər Zəngilan istiqamətində əks-hücuma cəhd etsələr də, azərbaycanlılar onları Ermənistanın dövlət sərhədinin arxasına çəkilməyə məcbur etdilər. Həmin məlumat bizdə bir neçə gündən sonra, vəziyyət tam sabitləşəndən sonra verilmişdi.
Döyüşlərin müəyyən hissəsi Cənubi azərbaycanlıların gözləri qarşısında baş verirdi. Bizim döyüşləri kənardan bilavasitə izləmək imkanımız yox idi, yalnız rəsmi məlumatlar sayəsində müzəffər ordumuzun qələbələr qazandığını eşidir və məhv etdiyi texnika və canlı qüvvənin bir hissəsini televizorların ekranlarında görürdük. Doğrudur müharibədən sonra qəhrəman əcgər və zabitlərimizin çəkdikləri videogörüntülər və danışlqları əsasında döyüşlər haqqında daha dolğun təsəvvür əldə etmək imkanı meydana gəlmişdi. Bizim ayrı-ayrı düşmənin texnikası və canlı qüvvəsinə endirilən dəqiq, öldürücü zərbələr və sonradan videogörüntülər və söhbətlər əsasında yaranan təsəvvürmüzlə hadisələrin bilavasitə müşahidəçilərinin təəssüratları arasında böyük fərq vardır. Bu nüharibəni və şanlı zəfərin Azərbaycan xalqının tarixi qələbəsi olduğunu nəzərə alaraq Cənubi azərbaycanlılara bir təkliflə müraciət etmək yersiz olmazdı. Döyüş əməliyyatlarını daimi izləyənlər və onların arasında daha dəqiq müşahidə qabilyyətinə malik olanlar və az-çox yazı yazmaq bacarığı olanlar həmin günlərdə Arazın o tayından gördükləri döyüş salnaməsini yazsalar, həm Azərbaycan tarixinə, həm Azərbaycanın hərb tarixinə mühüm töhfə vermiş olar, həm də öz adlarını tarixdə əbədiləşdirmiş olarlar. Bu təklif əslində geniş bir movzunu əhatə etdiyindən müəyyən zəhmət və ən əsası vətənpərvərlik və milli qeyrət tələb edir.
Gələcək salnaməçilərə yardım məqsədi ilə onların nəyə diqqət yetirməsinin vacib olduğunu qeyd etməyi lazım bildik.
1.Hərbi əməliyyatlar hansı yaşayış məntəqələrində və hansı müddət ərzində müşahidə edilirdi;
2.Döyüş əməliyyatlarının müşahidəsinin dinamikası, yəni müşahidəçilərin sayı necə dəyişirdi;
3.Döyüş əməliyyatlarını izləyənlərin coğrafiyası (hansı məntəqəlrdən gələnlər vardı), demoqrafik (yaş və cinsi) və sosial tərkibi (hansı təbəqəyə mənsubluğu) necə idi;
4.Döyüş əməliyyatını izləyənlərin hadisəlırə münasibəti, keçirdikləri hisslər, arzu və istəkləri və sairə;
5.Hakimiyyət orqanları nümayəndələrinin Vətən müharibəsi, döyüşlərə və döyüşləri izləyənlərə, onların əhval-ruhiyyəsinə formal (rəsmi) və qeyri-formal (təklikdə, məmur kimi yox, bir azərbaycanlı kimi) münasibətləri;
6.Vacib maraqlı və əhəmiyyətli hesab edilən digər məqamlar haqqında.
Belə nəzərə gəlir ki, qeyd edilən forma və məzmunda yazının meydana gəlməsi çox vacibdir, bununla tarixi hadisələrin yaddaşa köçürülməsinin əhəmiyyətini başa düşdüyümüzü nümayiş etdirmiş olarıq. Biz hadisələrdə iştirak etsək də çox zaman onun tarixini qeyd etməyi unuduruq. Yəni gəldik, iştirak etdik, uğur qazandıq, müəyyən hisslər yaşadıq və az sonra unutduq getdi. Sonralar həmin hadisəlırin necə baş verdiyini ətraflı təsvir etmək üçün lazım olan mənbə tapa bilmirik.
Türklərin o qədər də faydalı olmamış, amma müəyyən səbəblərlə şərtlənmiş ənənəsinə – tarix yaratmaq, lakin onu yazılı yaddaşa köçürməmək ənənəsinə son qoyaq. Tariximizi başqalarının yazmasının bizim tarixi şüurumuza mənfi nəticələrini unutmayaq. Hər nə iş görsək, onu dərhal tarixin yaddaşına köçürək.
Cənubi azərbaycanlılar Vətən müharibəsində fiziki olaraq iştirak etməsələr də, ruhən iştirak etdikləri yaxşı məlumdur. Vətən müharibəsinin seyr etdikləri müəyyən hissəsinin o taydan tarixini yazmaqla, onun başqa yöndən görüntüsünü təsvir etməklə həm Azəebaycan tarixinə töhfə vermiş, həm də ruhi bağlılığı gücləndirmiş olarsınız.
Bu işdə sizlərə uğurlar arzu edirik.
Vidadi Mustafa,
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri
Şərhlər bağlıdır.