Təbriz, Həmədan və Qəzvində təqaüdçülər aksiya keçirib

İranın bir çox yerlərində keçirilən təqaüdçülərin etiraz aksiyalarında Şərqi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərindən də qoşulublar. Yerli xəbər agentlikləri, iranlı təqaüdçülər maaşlarının tənzimlənmə üsullarına etiraz edirlər. Keçən ilin avqust ayından etibarən tətbiq olunan yeni islahatlara görə, İranda pensiyalar 2 milyon 800 min tümən (28 milyon rial) artırılıb. Təqaüdçülər tənzimlənmə üsullarının gözdən keçirilməsini tələb edirlər.

Təbriz, Həmədan və Qəzvin kimi şəhərlərdə təqaüdçülər Sosial Müdafiə idarələrinin önündə toplaşıblar. Təbrizdə keçirilən aksiyadan yayımlanan bir videoda etirazçıların əlində üzərində “maaşımız rial (İranın pul vahidi) ilə, xərclərimiz dollar ilə” yazılmış plakatlar görünür.

Aksiya keçirən təqaüdçülər deyirlər ki, yeni tənzimlənmələrə görə həyata keçirilən pensiya artımı cüzidir, inflyasiyaya nisbəti və yaşayış maliyyətinə uyğun deyil. Onlar pensiyanın yaşayış səbətinə uyğun olaraq artırılmasını tələb edir, təqaüdçülərə pulsuz və yetərli səhiyyə xidmətinin təmin olunmasını istəyirlər. İnformasiya İLNA xəbər agentliyində yayımlanıb.

Şərhlər bağlıdır.