AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MÜRACİƏTNAMƏSİ

Aydındır ki, dünya ölkələrində yaşayanlar çoxlu tarixi səbəblərə görə vahid bir halda deyillər. Hər məmləkətin sərhəddi çərçivəsində yaşayan etniklər, qəbilə və millətlər dil, adət-ənənə cəhətdən bir çox xüsusiyyətlərə malikdirlər ki, əgər hər məmləkətin idarə və dövlət quruluşunda bu xüsusiyyətlər nəzərdə tutulmazsa, orada həqiqi demokratik milli hökumət imkan xaricindədir.

Əgər dünyanın böyük və mütərəqqi ölkələrini nəzərdə tutub milli hökumətlərin nailiyyətlərinin səbəblərini axtarsaq təsdiq etməliyik ki, bunların hamısı o əlaqə və diqqətlə başlayır ki, millətlərin və tayfaların xüsusiyyətlərinə fikir verilməmişdir.

Bizim bu iddiamızın canlı və böyük  şahidi Amerika Birləşmiş Cümhuriyyətləri və Birləşmiş Sovet Cümhuriyyətləri, həmçininin İsveç Dövlət quruluşudur. Bu klassik demokratik ölkələrdə milli ixtiyarat və federasion üsulunu gözləməklə millətlərin içərisində tam fərdlər məmləkətin müqəddəratını həll etmək və dövlət işlərində müdaxilə etməyə müvəffəq olmuşlar.

Puç fikir və çürük iddiadır ki, deyirlər: məhəlli ixtiyarat və federasion üsulu mərkəziyyəti kölgədə qoya bilər. Bunun əksinə olaraq təcrübə sübut etmişdir ki, qəbilələr, millətlər və mərkəzdən xaricdə yaşayan əhalinin nə qədər müstəqil və sərbəst surətdə dövlət işlərinə müdaxilə və iştirakları təmin edilərsə, o nisbətdə də onların vətənlə əlaqələri və məhəbbətləri artıq və möhkəm ola bilər. Bu mülahizə və fikrin əsasında məşrutə Xahlıq cərəyanını əmələ gətirənlər və İranın qanun əsasını yazanlar əyalət və vilayət əncümənlərini irəli çəkib çalışmışlar ki, bu vasitə ilə ümum İran xalqını ölkənin müqəddəratını təyin etməkdə şərik etsinlər, əyalət və vilayətlərin xüsusi ehtiyaclarını onların əhalisi vasitəsilə aradan götürməyə çalışsınlar.

Əyalət və vilayət əncümənlərinin susması İran millətlərinin ictimai hüquqdan məhrum edilməsi deməkdir. Qətiyyən bürokratik rejimi və mənasız mütləqe mərkəziyyət vasitəsilədir ki, iran məmləkəti bir ovuc fasid, oğru və istifadəçi ünsürlərin əllərində oyuncaq olmuş və bu səbəb ilə tərəqqi və təkamül karvanından məsafələrlə geridə qalmışdır. Məhz bürokratik rejimin səbəbilədir ki, iranlıların əksəri ictimai hüquqdan məhrum, məşruhiyyət və milli hökumətə bədbin olub, İranın gələcəyinə məyusluq və ümidsizlik gözü ilə baxırlar.

İnkar etmək olmaz ki, bu gün bizim məmləkətimizdə milli hökumət və məşrutədən əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pözucu bir maşın halına düşmüşdür ki, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd və niyyəti təqib etmirlər. Tamam fəsad, bədbəxtliklər və fəlakətlər buradan rişələnmişdir. Dərəbəylik üsulunun qüvvətlənməsi, diktator və diktatorpərəstlərin tapılması bu yaramaz və faydasız üsulun nəticəsidir ki, 4-5 nəfər çürümüş şəxsiyyət güc ilə İran camaatına təhmil edilmişlər.

Əgər İranda yaşayan  millətlər, xalqlar ölkənin istiqlalını gözləməklə bərabər öz yerlərində və hüdudlarında azad və muxtar olsaydılar və bacarsaydılar məmləkətin ümumi və bütün qanunlarını gözləməklə bərabər öz müqəddəratlarını, özlərinin meyil və iradələri ilə təyin etsinlər; əgər onlar özlərinin mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda  qeyd-şərtsiz çalışsaydılar İranın vəziyyəti bu hala düşməz, qanun əsasike hədsiz və saysız qurbanlar verməklə ələ gəlmiş əsərsiz qalmazdı. Buna görə əgər bu üsul min illər davam edərsə mümkün deyil. İran xalqı kasıbçılıq, yoxsulluq və çarəsizlik dəryasından nicat tapıb, tərəqqi və təkamül yoluna qədəm qoya bilsin və müstəbid, qaniçən, mənliyi olmayan ünsürlərin əlindən nicat tapmağa müvəffəq olsun. Əgər bu mənhus üsul qalarsa, siyasi firqələr və s. demokratik təşkilatlar, hətta kiçik qruplar belə hasil olmayacaqdır. Deməli, ayrı bir çarə yoxdur. Çox tez bir zamanda gərək qanun əsasının icra və təkmili yolunda ciddi işə başlayıb, milli hökuməti aşağıdan, yəni xalq içindən və camaatın geniş təbəqələrinin ehtiyacı üzərindən əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətləri əsasında qurmaq lazımdır.

Məhəlli ixtiyarat və federasion üsulunun səthi və sadə şəkli olan əyalət və vilayət əncümənləri təzə bir fikir deyildir. Müasir və mütərəqqi ölkələrdən əlavə qədim tarixi və böyük məmləkətlər də belə naçar qalıb xalqın və millətlərin xüsusiyyətini nəzərdə tutub onların əllərini öz daxili işlərində açıq qoysunlar.

Böyük Daruyuşun məmləkəti təqsim etməsi fəqət və fəqət bu təbii ehtiyac üzərində yaradılmışdır. Qədim İranın satrab sakinləri bugünkü federasion və xodmuxtarlıq (Avtonomiya) üsulunun ibtidai şəklindən başqa bir şey deyil. İndiki İranda hökm sürən şahənşahlıq ünvanının bundan başqa şərhi və izahı yoxdur.

Mərkəziyyəti əgər diktatorluq, təkbaşınalıq və zorakılıqdan ötrü saxlamaq istəsək başqa bir sözdür və əgər istəsək onun məmləkəti mərkəziyyətin və demoktratik hökumətin başda duranını tanıyaq, o vaxt məcburuq, əyalət və vilayətlərin milli və mədəni xüsusiyyətləri ki vardır, onlara icazə verək öz daxili işlərindən azad və muxtar olsunlar. Bu vasitə ilə mərkəzlə mənəvi əlaqə qüvvətlənə bilsin.

Biz Azərbaycanın xüsusyyətindən bəhs edirik və deyirik ki, bu geniş torpaqda 4 milyon yarım azərbaycanlı yaşayır və bu camaatın dil, adət-ənənəsi cəhətdən İranın başqa əyalətləri ilə böyük fərqi vardır. Əgər biz istəyirik ki, bu xalq öz maarif işlərində və öz torpağının abadlığında iştirak etsin, hərgiz bu mərkəziyyətin əleyhinə olmayıb, bəlkə onun qüvvətlənməsinə çalışmış oluruq.

Bəzi qısa fikirli adamlar xəyal edirlər ki, zor ilə, çomaq, iti xəncər gücü ilə bir xalqın dilini, xüsusiyyətini, ənənəsini ortadan aparmaq mümkündür. Bu xam xəyal ilə onlar səy edirlər insanları zorla məcbur etsinlər ki, hətta Azərbaycanın uzaq kəndlərində belə öz ana dilindən başqa bir dil bilməyən kəndçilər üçün fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər ki, İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət sözü fəqət libasları və dilləri süni surətdə birləşdirmək vasitəsilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin kökü anaların sinəsindən və xalqın ənənəsindən, onların ocaqları başından qalxır. İndi nə qədər analar diri və ocaqlar yanmaqdadır. Bir xalqın dilini ədəb və rüsumunu  (milli ənənəsini) əvəz etmək mümkün olan işlərdən deyil. Milli birliyə o vaxt nail olmaq olar ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla inkişaf edib, biri-birinə bərabər ola bilsin.

Azərbaycan xalqı mərkəzin çürümüş və kəsif şəxsiyyətlərinin siyasəti sayəsində özünün istedad, qabiliyyət və zəkasına baxmayaraq, hər cür azadlıq və ixtiyardan məhrum edilmişdir. Onun övladlarının öz ana dilində təhsil almaq imkanları olmamışdır. Onun ziyalıları xalqın maarif, səhiyyə və s. ehtiyaclarını yox etmək üçün heç bir haqq və ixtiyarata malik deyillər. Onlar öz ana yurdlarında, özlərinin qızıl törədən torpaqlarında yoxsul və çarəsizlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və millətini hər an alçaltmaq və təhqir etməkdədirlər. Rza xanın şum siyasəti və mərkəzi dövlətin rəsmi nümayəndəsi – bəlkə Azərbaycan xalqının düşmənlərinin nümunəsi olan Abdulla Müstəfinin alçaldıcı, təhqiredici sözləri Azərbaycan xalqının qulağında bayquş səsi kimi indiyədək cingildəməkdədir. Bir müəyyən hissədən başqa bütün Azərbaycan xalqı özlərinin adına, şöhrətinə, millətinə bağlıdır. Bunlar həmişə səy etmişlər ki, Azərbaycanın azadlığı və bununla bərabər bütün İranın azadlıq və səadəti uğrunda ciddi surətdə çalışsınlar.

Biz mətləbin uzanmasını nəzərdə tutub Azərbaycanın qara tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəyi və babalarının (Qeyrətli Midiyalıların) böyük bir dövlət təşkil edib, uzun illərcə müstəqil siyasi həyat sürdüklərini də irəli çəkməliyik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi Qızılbaş ordusunun bu günkü İranın təşkilində gördükləri böyük işlər və göstərdikləri böyük qəhrəmanlıqdan da bəhs etmirik, hətta İranın və Azərbaycanın məşrutə hərəkatında Səttar xanın bayrağı altında fədakarlıq göstərən Azərbaycan mücahidlərinin fəaliyyətlərini də ayrı bir vaxta saxlayırıq. Şeyx Məhəmməd Xiyabaninin azadlıq uğrunda başladığı bu qiyamı və bundan sonra meydana çıxan bütün qiyamlar və azadlıq hərəkatlarının da şərhini verə bilməyəcəyik. Biz deyirik ki, Azərbaycan torpağında 4 milyonluq bir xalq yaşayır ki, onların etniklərini tanıtdırmışlar. Onların özlərinə məxsus dilləri, ayrı bir adab və rüsumları vardır. Bu xalq deyir k, biz istəyirik ki, İranın istiqlaliyyətini və bütovlüyünü hifz etməklə bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq, öz evimizi öz meyil və iradəmizlə idarə edək və milli məhəlli ehtiyaclarımızı öz gücümüzlə aradan qaldıraq. Azərbaycan deyir: Tehran bizim dərdlərimizə yetişmir və bizim ehtiyaclarımızı nəzərə alıb çarə etməkdə acizdir. Bizim maarifimizin tərəqqisinin qarşısını alır, bizim ana dilimizi təhqir edib, başqa vətəndaşlarımız kimi yaşamağa yol vermir. Bunla belə, biz oradan əlaqəmizi kəsmək iddiasında deyilik. Ölkəmizin tamam və ümumədalətli qanunlarına itaət edəcəyik. Məclise-Şuraye-Millidə və Mərkəzi Hökumətdə iştirak etməliyik. Fars dilini dövlət dili olmaq şərti ilə milli məktəblərimizdə öz dilimiz ilə bərabər tədris etməyə imkan verəcəyik, amma bunların hamısı ilə bərabər özümüz üçün bu haqqa qailik ki, gərək öz evimizin sahibi və ixtiyarı özümüz olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq.

Necə ki, yuxarıda dedik, biz təzə bir iş başlamışıq. Minlərcə Azərbaycan azadlıqsevərləri və mütəfəkkirləri təklik və cəmlik şəklində bu müqəddəs fikir və ali məqsəd yolunda Azərbaycanın və İranın həqiqi azadlıq və istiqlalının bünövrəsini gərək onun üzərində qursun, azərbaycanlıları maarif azadlığına və muxtariyyat mübarizəsini dəvət etsin. İndi demokratik məmləkətlərin cavanlarının mübarizəsi sayəsində faşizmin əsası yıxılmış, millətlərin başqa millətlər üzərində ağalıq nəzəriyyəsinin puç bir iddia olduğu isbata yetmiş və bütün dünya millətlərinin sərbəst surətdə öz müqəddəratını təmin etmələri bəyanat və bağlaşmalar vasitəsilə elan olunmuşdur. Bu halda Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri təbiidir ki, tək və cəm halında azadlıq mübarizələrini idamə verə bilməzlər. Ona görə lazım gəlirdi ki, bu mübarizələrə rəhbərlik etmək üçün, intizamlı bir firqə təşkilatı vücuda gəlsin. Azərbaycan Demokrat Firqəsi bu ehtiyacdan doğmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadlıqsevər vətəndaşları öz sırasına dəvət etməklə bir milli mərkəz yaradacaq ki, Azərbaycan xalqını azadlıq hədəfinə doğru sövq edəcək və bu vasitə ilə İran millətinin tərəqqi və təkamül yolunu açacaqdır.

Əlbəttə, bu firqənin proqram və əsasnaməsi çox diqqətlə Konqre (Qurultay) tərəfindən təsvib edilib xalq arasında yayılacaqdır. Müəssislər Heyəti bu vasitə ilə firqənin əsas nəzərini ümumxalq elan etməklə onları öz sıralarına çağırmağa başlamışdır.

Əzizi həmvətənlər! Budur, böyük tarixi mübarizə dövrü başlanır. Azərbaycan Demokrat Firqəsi təbəqə və sinfi fərqlər qoymadan öz təşkilatına üzv olmağa və müqəddəs milli mübarizədə iştirak etməyə çağırır. Bu firqənin qapıları oğrular və xainlərdən başqa Azərbaycan xalqının üzünə açıqdır. Hər kəs bizim şüarlarımızı və məqsədlərimizi qəbul edərsə, çox tezliklə özünü firqə təşkilatına üzv yazdırmalı, Azərbaycanın və ümumiranın azadlıq bayraqdarlarının sırasına daxil olmalıdır.

BİZİM ŞÜARLARIMIZ BUNLARDIR:

  1. İranın istiqlaliyyət və bütövlüyünü saxlamaqla bərabər Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməlidir ki, özünün maarifi yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümumölkənin ədalətli qanunlarını gözləməklə bərabər öz taleyini özü təyin etsin.
  2. Bu məqsədi həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət Əncümənlərini yaradıb işə başlamalıdır. Bu Əncümənlər maarif, səhiyyə və iqtisadiyyat sahəsində fəaliyyət göstərməklə bərabər, Konstitusiya əsasında bütün dövlət işçilərinin əməllərini təftiş edib nəticələr haqqında öz fikrini deyəcəkdir.
  3. Azərbaycanın ibtidai məktəblərində 3 sinfə qədər dərslər ancaq azərbaycan dilində aparılmalı və 3 sinifdən yuxarı dövlət dili olmaq üzrə fars dili də azərbaycan dili ilə yanaşı tədris edilməlidir.

Azərbaycanda milli darülfünunun təşkili demokrat firqəsinin əsas məqsədlərindən biridir.

  1. Azərbaycan Demokratik Firqəsi sənaye və fabriklərin genişləndirilməsinə mütləq çalışacaq və səy edəcək ki, mövcud fabrikləri təkmilləşdirməklə yanaşı, işsizliyi aradan qaldırmaq, əl və maşın sənayesini genişləndirmək üçün vasitələr axtarıb təzə fabriklər yaratmaq.
  2. Ticarətin genişləndirilməsini Azərbaycan Demokratik Firqəsi çox lazımlı və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qalması kəndlilərin, xüsusən bağçıların və xırda mülkədarların sərvətlərinin əllərindən çıxmasına və onların dilənçiliyə düşməsinə səbəb olmuşdur. Bunun qarşısını almaq məqsədilə Azərbaycan Demokratik Firqəsi bazar tapmaq, Azərbaycan əmtəələrinin xaricə çıxarılması üçün tranzit yollar axtarmaq üçün ciddi iqdam etməyi və bu vasitə ilə ümumi sərvətin nöqsanının qabağını almağı nəzərdə tutmuşdur.
  3. Azərbaycan Demokratik Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün səy ediləcəkdir ki, çox tezliklə Şəhər Əncümənlərinin qanunu qəbul edilsin və şəhər əhalisinin müstəqil bir surətdə şəhərin abadlığına çalışıb onların yaxşı və müasir hala salmağa imkan verilsin. Xüsusən Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokratik Firqəsinin təxirəsalınmaz məsələlərindəndir.
  4. Azərbaycan Demokratik Firqəsinin müəssisləri bilirlər ki, məmləkətin sərvət istehsaledicisi və iqtisadi qüvvəsi kəndli qüvvəsidir. Ona görə bu firqə edə bilməz ki, kəndlilər arasında əmələ gələn hərəkatı nəzərə almasın. Buna görə də firqə səy edəcək ki, kəndlilərin ehtiyaclarını təmin etmək yolunda əsas qədəmlər götürülsün.

Xüsusən, kəndli ilə ərbabların (iri torpaq sahiblərinin) arasında müəyyən bir hüdudu təyin etmək və bəzi ərbablar tərəfindən düzəldilmiş qeyri-qanuni vergilərin qabağını almaq Demokratik Firqənin təxirəsalınmaz vəzifələrindəndir.

Firqə səy edəcək ki, bu məsələ elə bir şəkildə həll edilsin ki, həm kəndlilər razı qalsın, həm də maliklər (mülkədarlar) özlərinin gələcəyindən nigaran qalmayıb, kəndlərinin və öz məmləkətlərinin abadlıqlarına çalışsınlar.

Xalisə yerləri və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və s. şəhərlərdə məsrəf edən ərbabların (varlı mülkədarların) yerləri əgər tezliklə Azərbaycana müraciət etməsələr, Demokratik Firqəsinin əqidəsinə görə qeyd-şərtsiz olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz eyş-işrətindən ötrü Azərbaycanın sərvətini aparanları azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, Azərbaycanda onlara heç bir haqq verilməyəcək. Bundan əlavə firqə çalışacaq çox sadə bir surətdə Azərbaycan kəndlilərinin əksəriyyətini torpaq və əkin alətləri cəhətdən təmin etsin.

  1. Demokratik Firqənin mühüm vəzifələrindən biri də işsizlik ilə mübarizə etməkdir. İndidən bu təhlükə özünü çox ciddi surətdə göstərməkdədir. Gələcəkdə bu sel gündən-günə qüvvətlənəcək. Mərkəzi dövlət və məhəlli məmurlar tərəfindən bu sahədə heç bir iş gorülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan əhalisinin əksəriyyəti ağır vəziyyətə düşməyə məhkumdur.

Firqə çalışacaq bu təhlükənin qabağını almaq üçün ciddi tədbirlər görsün. Hələlik fabriklərin yaradılması, ticarətin genişləndirilməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir, şosse yolları çəkmək kimi tədbirlər mümkündür. Bu işləri görmək bir qədər faydalı olsun.

  1. Seçki qanununda Azərbaycanın haqqında böyük zülm edilmişdir. Dəqiq məlumata görə, bu ölkədə 4 milyondan yuxarı Azərbaycanlı yaşamaqdadır. Bu ədalətsiz qanun əsasında Azərbaycana Məclise-Şurayi-Milliyə 20 vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir.

Azərbaycan Demokratik Firqəsi səy edəcək ki, Azərbaycan əhalisinin sayına nisbət vəkil seçmək haqqı olsun. Bu təqribən məclis nümayəndələrinin 1/3-ni təşkil edə bilər. Azərbaycan Demokratik Firqəsi məclis seçikilərinin mütləq azad olmasının tərəfdarıdır. O, dövlət işçilərinin daxili və xarici ünsürlərin, həmçinin pulluların qorxutmaq və aldatmaq yolu ilə seçki işinə qarışmalarına qəti şəkildə müxalif olacaqdır.

Seçki gərək tamam İranda bir an vahiddə başlayıb, sabit bir vaxtda qurtarsın.

  1. Əliəyri və rüşvət alan şəxslər dövlət idarələrinə soxulmuşlar. Azərbaycan Demokratik Firqəsi onlarla ciddi mübarizə edəcək və dövlət məmurları arasında salim və düzgün şəxslərdən qədirdanlıq edəcəkdir.

Məxsusən, firqə çalışacaq ki, onların maaşları və dolanışıq şərtləri elə islah olsun ki, onlar üçün oğurluq, xəyanət etməyə bəhanə qalmasın və onlar  özləri üçün abırlı bir həyat qursunlar.

  1. Demokratik Firqə səy edəcək ki, Azərbaycandan alınan vergilərin yarıdan çoxu Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri-müstəqim vergilər ciddi surətdə azalsın.
  2. Azərbaycan Demokratik Firqəsi bütün demokratik dövlətlər, xüsusən müttəfiqlər ilə dostluq saxlamaq tərəfdarıdır və bu dostluğu davam etdirmək üçün çalışacaq mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasındakı dostuluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövləti işlərdən kənar etsin. Budur demokrat firqəsini yaradanların əsl məqsədləri.

Biz ümidvarıq ki, hər bir vətənsevər Azərbaycanlı, istər Azərbaycanın daxilində, istərsə də Azərbaycandan kənarda bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmrəy və əlbir olacaqdır. Təbiidir ki, insan əgər əvvəl öz evini islah etməsə məhəllə, şəhər və ya ölkə üçün işləyə bilməz. Biz əvvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi təbii ki, İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin cəngəlindən nicat tapacaqdır.

Yaşasın Demokratik Azərbaycan!

Yaşasın müstəqil və azad İran!

Yaşasın İran və Azərbaycan azadlığının məşəldarı olan Azərbaycan Demokratik Firqəsi!

Firqəmiz işə başladı. Doşənbə günü (bazar ertəsi günü) firqəmizin müraciətnaməsi yayıldı. Bu müraciətnamə xalqımız tərəfindən geniş diqqət və böyük rəğbətlə qarşılandı. Minlərlə azərbaycanlı Azərbaycan şəhərlərində müraciətnamənin yapışdırıldığı divarların qabağında toplanıb ürək döyüntüsü ilə onu axıra qədər oxudular, düşündülər və alqışlayıb bu vasitə ilə səadət və azadlıq üçün yol açıldığını hiss etdilər.

Bu isti qarşılanma və hərarətli diqqət göstərdi ki, tutduğumuz yol düzdür və müəyyənləşdirdiyimiz hədəfə doğrudur.

Bizim başqa firqələr kimi xalqı cəlb etməkdən ötrü ali sözlər ilə deyil, həqiqi yol göstərmək məqsədi ilə əməli tədbirlər vasitəsi ilə işə başladığımızı xalq özü gözəl bir surətdə müəyyən etdiyi üçün müraciətnaməmiz ümümxalq tərəfindən bu qədər həvəs və rəğbət ilə qarşılandı.

Müraciətnaməmizin dili olduqca aydın və anlaşılandır. Burada xalqın istəkləri, arzuları, ehtiyacları çox aydın göstərilmişdir. Biz İranın istiqlalına əlaqədar olduğumuz ilə bərabər Azərbaycan xalqının maarif ixtiyaratı və öz müqəddəratını öz gücü ilə təmin etməsini arzu edirik.

Biz öz dilimizdə maarif, səhiyyə və dövlət idarəsi tələb edirik. Bizim öz dilimizdə kitabımız, qəzetimiz və ədəbiyyatımız azad bir surətdə yaradılmaqla xalqımızın mütərəqqi bir xalq olmasına imkan verilməlidir.

Biz ilk növbədə öz evimiz olan Azərbaycandan başlayıb oranın tərəqqisini təmin etməyə çalışırıq. Bunun üçün çox sadə və təbii bir təşkilat yaratmağı qəti şəkildə tələb edirik. Bu təşkilat İran konstitusiyasının əsaslarını təşkil edən Əyalət və Vilayət Əncümənləridir.

Əyalət və Vilayət Əncümənləri təzə bir təşkilat deyildir. Onun böyük və tarixi keçmişi vardır. İran xalqları məşrutə və azadlıq almaq işində Azərbaycan xalqının Əyalət Əncüməninin fəaliyyətinə və fədakarlığına borcludur.  Ona görə də müstəbidlər və azadlıq düşmənləri birinci növbədə bu təşkilatı aradan götürməyə müvəffəq olmuşlar.

Firqəmiz xalqın iradə və gücünə dayanaraq bu haqqı alacaq və onun vasitəsi ilə xalqın azadlığını və ölkənin tərəqqisini təmin edəcəkdir.

Firqəmiz milli bir firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutulmayıb. Ümumi camaatı öz bayrağı altına çağırır.

Bu vasitə ilə mərkəzi hökumət və yerli məmurların ləyaqətsizliyi nəticəsində meydana çıxan nifaq və bəzi yaramaz ünsürlərin nalayiq hərəkətləri sayəsində hərc-mərcliyə son qoyulacaqdır.

Qəzetimiz firqənin rəsmi naşiri, əfkarı olduğu üçün müraciətnamənin əsaslarını unutmayıb, yeri gəldikcə onun izah və təfsirinə çalışacaq və xalqı milli azadlıq üçün mübarizəyə hazırlayacaqdır.

Biz bilirik ki, Azərbaycan xalqının daxili və xarici düşmənləri firqəmizin meydana çıxması ilə yarasalar günəşdən qorxan kimi qorxuya düşüb əleyhimizə qalxacaqlar. Qəzetimiz bu xain ünsürlər ilə ciddi mübarizə etdiyinə görə oxucuların fövqəladə bir surətdə diqqət mərkəzində olacaqdır. Bu şanlı vuruşmalarda biz mütləq qalib çıxmalıyıq. Çünki yolumuz doğru və məqsədimiz müqəddəsdir. Biz rəşid bir millətin xalq və ixtiyarı üçün mübarizə edirik. Azərbaycan xalqı öz azadlığını almaqla bütün İran xalqlarını da əsarətdən xilas edəcəkdir!

 “Azərbaycan”, 14 şəhrivər (5 sentyabr 1945)

Şərhlər bağlıdır.