MƏŞHUR PƏHLƏVAN RÖVŞƏN ƏKBƏRİ 50 YAŞINDA VƏFAT EDİB

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan güləş məktəbinin fəxrlərindən biri, idman ustası, onlarla tanınmış pəhləvanı yetişdirən Rövşən Məmməd oğlu
Əkbəri fevralın 1-də vəfat edib. 50 yaşlı R. Əkbəri inqilabçılar nəslinin yetirməsi idi. Ata və babası Azərbaycan Demokrat
Firqəsinin fəal üzvləri kimi 21 Azər hərəkatının ideyalarına sədaqət nümayiş etdirirdilər. Onlar mühacirətdə Şamaxının
Şəhriyar qəsəbəsində məskunlaşmışdılar. Pəhləvanlar ailəsi kimi tanınırdılar. Məmməd Əkbəri dəfələrlə Azərbaycan
birinciliklərinin medalçısı olmuşdu. Rövşən də 17 Sentyabr 1971-ci ildə anadan olduğu bu Rayonun fəxri idman səhifələrindən birini yazanlardan idi. Rövşən 1982-ci ildə sərbəst güləş üzrə məşqlərə başlamışdı. 1984-89-cu illərdə
Respublika Olimpiya İdman Liseyində (ROİL) orta təhsilini davam etdirmişdi. 1989-93-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil almışdı. Aktiv idmanla məşğul olduğu müddətdə dəfələrlə yeniyetmələr,
gənclər, eləcə də böyüklər arasında mütləq çəkidə Azərbaycan çempionu, “Məhsul” KKİC-in Mərkəzi Şurasının qalibi olmuşdu. 1991-ci ildə isə SSRİ xalqlarının sonuncu Spartakiadasının gümüş medalını qazanmışdı. Rövşən həmdə milli güləş üzrə Azərbaycan birinciliklərində dəfələrlə qalib gəlmişdi. Onun məğlub etdiyi məşhur güləşçilər arasında sonralar SSRİ-nin yığma komandasına rəhbərlik etmiş Elxan Tedeyev də var idi. İdmançı karyerasını bitirdikdən sonra da güləş sahəsində fəaliyyətini davam etdirib. Uzun müddət Şamaxı rayon UşaqGənclər İdman Məktəbinin direktoru vəzifəsində və məşqçi kimi çalışıb.
Azərbaycan Demokrat Firqəsinin üzvlərindən olan R. Əkbəri mənsub olduğu partiyanın tədbirlərində fəal iştirak edirdi. Buna görə də hərtərəfli hörmət qazanmışdı. R. Əkbərinin dünyasını dəyişməsi bu baxımdan hamı üçün ağır itki oldu. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və məsləkdaşları mərhumun ailəsinə və bütün doğmalarına dərin hüzünlə başsağlığı verir, Allah rəhmət eləsin deyir.

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN
MƏRKƏZİ KOMİTƏSİ

Şərhlər bağlıdır.