HÖKUMƏ BİLLURİ-95

QADIN POEZİYAMIZIN CƏNGAVƏR NÜMAYƏNDƏSİ

Martın 3-ü qadın poeziyamıza Hökumə İbrahim qızı Billuri kimi cəngavər nümayəndəni bəxş edib. O da yüksək istedadına, nəsillərə miras qalan poetik və elmi irsinə baxmayaraq barəsində az yazılan sənətkarlarımızdandır. Tam səmimiyyətlə deyirik ki, bunu özü istəməyib. Yoxsa indi 95 illik yubileyi ilə əlaqədar material axtararkən wikipediyanın köməyinə ehtiyac duymazdıq.
Hökümə xanım əsasən şairə və filoloq alim kimi xarakterizə olunur. Jurnalistliyini isə yada salan yoxdur. Amma yaxşı bilirik ki, o, “Azərbaycan” qəzetinin mühacirət illərində ən sayılıb-seçilən redaktorlarından idi.
H.Billuri Güney Azərbaycanın Zəncan şəhərində dünyaya göz açmışdı. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişir, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyadırdı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10-15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı. Lakin duyub, anlayıb görəndə ki, qohum-əqrəbaları pərən-pərən düşüb, bəlkə də özündən asılı olmayaraq gileyləndi: “Dağlar, ox olub gözümə batırsan. Araz, mənim qanım kimi niyə bulanıq axırsan? Üzün dönsün, ay xan Araz, niyə qardaşı qardaşdan ayırırsan?”
Gənc Hökumə sevincini, kədər və intizarını poetik formada bildirməyi bacarırdı. Düzdür, o, hələ gələcək qismətini, necə həyat tərzi yaşayacağını bilmirdi. Yalnız xəyalında bu hisslər dolaşırdı: “Zaman, dövran ən ədalətli hökmdar, adil hakimdir. Bu, mütləq qanunlar qarşısında niyə haqsızlıq qalib gəlir?” Nəhayət, Hökumə də Arazın bəri səmtinə təşrif gətirdi. 20 yaşında qız üçün bu, ola bilsin, arzuolunmaz səfər idi. Ancaq o gəlməliydi, başqa əlacı yox idi. Çəkişmələrdən, didişmələrdən can qurtarmalıydı. Qəlbinin kövrəkliyi az keçmiş dil açıb danışdı: Kaş Təbriz olaydı, bir də o günlər, Qalib gəldiyimiz o aydın səhər, Azadlıq olaydı, bir də ki zəfər, Qəlblərdə min ümid yandıran atəş, Üfüqdən bayraq tək enəydi Günəş… Yurd həsrəti insanın dincliyini ərşə çəkir. Elə hey gözləri yolda, qulağı səsdə qalır.
Doğrudur, gənc Hökumə sovet Azərbaycanına gəlməyindən peşman deyildi. O, Səməd Vurğundan, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən daim qayğı görürdü. 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundu. Amma ürəyindən nisgil çəkilmədi. 1952-ci ildə Hökumə Billuri şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı: Qoy zaman dolansın, sənsə belə qal! Şair dəyişməyə tapmasın macal. Təbrizi, Zəncanı sən yadına sal, Gəl öpüm mübarək, odlu sətrini, Səndən Təbrizimin alım ətrini…

Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həssas, diqqətçil insan Əli Sultanlı Hökumə xanımla universitetin auditoriyasında tanış olub, onun şeirlərindən məmnun qaldığını bildirib. “Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram” deyib. Eyni zamanda Əli Sultanlı gənc şairin ilk “Mənim arzum” və “Ölməz qəhrəman” kitabları haqqında “Ədəbiyyat və incəsənət” qəzetində geniş məqalə də dərc etdirib.

Tələbəlik illərini uğurla başa vuran Hökumə Billuri “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində işə qəbul olundu. Yaradıcılığı məhsuldar oldu. “Şairin yadigarı”, “Məndən uzaqlarda” şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzuları poetik misralarla, publisistik qeydlər vasitəsilə də oxuculara çatdırdı. Lakin poeziya onun varlığından, damarlarından, qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi. Bəzən düşünərdi: “Nə yaxşı əlim qələm tutur, könlümdən keçənləri yazıb azacıq da olsa, sakitləşə bilirəm. Yoxsa ürəyim qüssədən çərləyərdi”.

Yazı üzərində işləyərkən xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşdük. Hal-əhval tutub məqsədimizi ona bildirdik. O, çox məmnun oldu: – Hökumə xanım kövrək şeirlər müəllifi olduğu kimi, həm də son dərəcə mədəni, alicənab insan idi. Onun 20-yə yaxın kitabı yadigar qalıb. Əsl ziyalı əvvəl mənsub olduğu xalqını, sonra özünü düşünməlidir. Billuri məhz belə qələm sahiblərindən idi. Bəxtiyar müəllim Hökumə Billuri ilə bağlı bir xatirəsini də danışdı: “1958-ci ildə “Gülüstan” poemam “Şəki” qəzetində dərc olunmuşdu. Qara qüvvələrin təzyiqinə, təqibinə məruz qalmışdım. Belə dar məqamda qayğıkeş insanlar məni müdafiə etdilər, onlardan biri də Hökumə xanım idi. O, istedadlı şair, geniş bilikli elm xadimi, həssas qəlbli insan kimi hələ də yaddaşımda yaşayır”. Hökumə Billuri 1963-cü ildə “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə almışdır. Bir il sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunmuş, ömrünün sonuna qədər orada çalışmışdır.

Hökumə Billuri əməkdar incəsənət xadimi fəxri adına, müxtəlif fərmanlara, diplomlara layiq görülmüşdür. “Ürək dustaq oldu dərdə, fərağa” desə də, onun ömründən bugünümüzə daim anılan unudulmaz xatirələr yadigar qalmışdır. Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.

Vətən həsrəti ilə qəlbi döyünən şairənin el arasında məşhur şeirlərindən biri də “Təbriz” şeiridir. 80-ci illərin sonuna yaxın Azərbaycan milli hərəkatının genişləndiyi dövürdə məşhur SSRİ miliyounçusu Cənnət Əliyev tərəfindən bu şeir əsasında “Təbriz” müsiqisi bəstələnmişdir.

Şairin şeirlərindən bir çələng

Azərbaycanım

Haraya getsəm də gözüm səndədir,
Şeirimin axarı, sözüm səndədir,
Gedəsi olarsam, izim səndədir
Əzəli, əbədi yurdum, məkanım.
Behiştim, cənnətim Azərbaycanım!

Doğmadan doğmasan, ey ana yurdum,
Yolunda başımla, canımla durdum.
Sinəndə əbədi bir yuva qurdum,
Dolanım başına, bir də dolanım.
Mənim ömrüm, günüm Azərbaycanım!

Nə qədər dünya var, bu kainat var,
Nə qədər ömür var, gün var, həyat var,
Nə qədər uçmağa məndə qanad var,
Bil, sənsən ilk yuvam, axır məkanım,
Eşqindən məşəltək alışım, yanım.

Səninlə bircanam, bir bədənəm,
Dənizsən, ümmansan, bir qətrənəm mən,
Günəşsən, ulduzsan, bir zərrənəm mən,
Məndən üz döndərmə, ey mehribanım,
Dolanım başına, hər gün dolanım.

Bütün məhəbbətlər uçsa qəlbimdən,
Yenə ömr edərəm xəyalınla mən.
Dünya düşmən olsa dostum ki sənsən,
Doğmadan doğmasan, arxam, gümanım,
Eşqindən səhər də, axşam da yanım.

Səndən yüz yazmışam, min yazsam da az,
Bir qolun Kürdürsə, bir qolun Araz.
Səninlə ömrümüz dönüb olub yaz,
Sənə, bircə sənə qaynayır qanım.
Ey ömrüm, həyatım Azərbaycanım!

Ümidim, arxamsan el bilir bunu,
Yolunda qoy gəlsin ömrümün sonu,
Sazım da, sözüm də ömrüm uzunu,
Səndən söz açmışdır, ey mehribanım,
Dolanım başına, hər gün dolanım.

Bir quşam ilk yurdun, yuvam da sənsən,
Mehriban elim də, obam da sənsən,
Nənəm də, anam da, babam da sənsən,
Köksünə sığınım ata məkanım,
Ümidim, sevincim, Azərbaycanım!

Eşqindən kükrəyən dağ seliyəm mən,
Dünənim, bu günüm, sabahım da sən.
Yaşa əsrlərcə, yaşa ey Vətən!
Ey mənim cahanda dünyam, cahanım!
Ey ömrüm, həyatım, Azərbaycanım!

Azadlıq yolunun yolçusuyam mən
Azadlıq yolunun yolçusuyam mən,
Səninçün ağ günlər gəzirəm, Vətən
Dünyanı gəzsəm də mən qarış-qarış,
Yenə səninləyəm, səninlə, bilsən.

Ayağım altında sənin torpağın,
Başımın üstündə sənin göyün var.
Könlümdə, ruhumda sənin növrağın,
Qəlbimi tərk etməz tanış arzular

Hər gündə sinənə bir yara dəyir,
Sıxır ürəyimi qəm dalğaları,
Qəlbimi qurd kimi əzablar yeyir,
Gəzirəm səninçün ölməz baharı.

Mən tufan, fırtına axtarıram, bax,
Ürəyim nə vaxtdır intizardadır.
Çağırır hər zaman məni o torpaq,
Qəlbimin gözləri o diyardadır!

Deyirlər ağ günlər çəkər insanı,
İnsan səadətin sorağındadır.
Hanı o torpaqda ağ günlər, hanı?
Əsarət vətənin torpağındadır.

Gecə də, gündüz də gözləyir ürək,
Yormuşdur qəlbimi tənhalııq artıq.
Mən tufan gəzirəm, o tufan ki, tək
Versin ürəyimə mənim rahatlıq.

Mən elə bir tufan gəzirəm ondan,
Bir anda çaxnaşsın səmanın üzü.
Elə bir tufan ki, qurtarmasından,
Bulaqtək durulsun qəlbimin gözü…

Ey gözəl torpağım, ey gözəl Vətən!
Azadlıq dünyası quracağam mən,
Sənin torpağında öz əllərimlə,
Sənə həyat verən əməllərimlə!

Təbriz

Qollarım dolanar boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz.

Bulanıq suların axsın, durulsun,
Təzə günlərindən büsat qurulsun.
Səhənd camalına bir də vurulsun,
Bir qubar qonmasıın üzünə, Təbriz.

Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni.
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə, Təbriz.

Gülüstan bağının seyrinə gəlim,
Lalə yamacında bir də dincəlim,
Ötən günlərimə yetişməz əlim,
Düşüm heç olmazsa izinə, Təbriz.

Ana təbəssümün ay işığıdır,
Qolum qamətinin sarmaşığıdır.
Şeirin bu dünyanın yaraşığıdır,
İncisi tükənməz xəzinə, Təbriz.

Sən şair ömrümə vüqar vermisən,
Solub-saralmayan gülzar vermisən.
Etibar vermisən, ilqar vermisən,
Hər igid oğluna, qızına, Təbriz.

Səttarxan bayrağın göylərə ucalt!
Qara buludları od ağzına at.
Şair qızının da sözlərini qat
Şirin söhbətinə, sözünə, Təbriz.

Ana

Təbriz kədərliydi, sən ağlayırdın,
Gecəydi biz səndən ayrılan zaman.
Pərişan görkəmin, o son sözlərin,
Bir an xatirimdən çıxmamış, inan.

Adını dilimə gətirəndə mən,
Sanki alov yaxır dodaqlarımı.
Yaxın gəl, yaxın gəl öpüm üzündən,
Öpüm rəngi qaçmış yanaqlarını.

Elə məlul-məlul baxma üzümə,
Baxışın qəlbimə od saçır, sənin.
Sən yalqız deyilsən, sıxma qəlbini,
Böyük bir xalqın var, böyük vətənin.

O xalqın, o elin qızısan, sən də
Onun qüdrəti də, şöhrəti də var.
Qəhrəman yurdumuz sarsılmamışdır,
Soyub talasa da onu yağılar.

Bilirəm, çox sıxır səni ayrılıq,
Əsarət dünyası başına dardır.
Lakin unutma ki, hər bir genəcnin
Min bir şüa saçan gündüzü vardır!

“Əlimdən nə gəlir?”, demə bir daha
Demə ki, qocayam, saçlarım düm ağ.
Vətən öz qəhrəman oğlu, qızını
Hər zaman, hər zaman gənc saxlayacaq.

Alnının xətləri, bəyaz saçların,
Keçmiş həyatından bir yadigardır.
Hörmət o saçlara, nifrət keçmişə:
Bu günün öz adı, mə’nası vardır!

Qalx ana, qalx ana, səni döyüşə
Çağıran öz qızın, öz vətənindir!
Bax, yanır odlarda Odlar Diyarı,
Bu vətən, bu torpaq, bu el sənindir!

Azərbaycan Demokrat Firqəsi

 

Şərhlər bağlıdır.