İRANDA TƏNQİDDƏN NƏTİCƏ ÇIXARIRLARMIŞ

Vidadi Mustafa yazır

Sırağagün musavat.com saytında Kənan Rövşənoğlunun ir.diplomacy.ir saytında yerləşdirilmiş İranın Qafqaz üzrə mütəxəssisi Əlireza Əlizadənin “Cihadçı qrupların Qarabağ müharibəsində iştirakının mümkünsüzlüyünə dair sübutlar” adlı yazısının icmalı “İran analitik mərkəzindən Azərbaycanı müdafiə edən məqalə – erməni yalanına 17 bəndlik cavab” başlığı altında yayılmışdır.

Ə.Əlizadənin yazısının adından göründüyü kimi, müəllif 44 günlük Vətən müharibəsində təkfirçi terrorist qrupların iştirak etmədiyini çox saylı dəlillərlə sübut etməyə çalışır. İcmalda müəllifin cihadçıların müharibədə iştirak etməsinin qeyri-mümkünlüyü barədə gətirdiyi əsas dəlilər nəzərdən keçirilir. İcmaldan göründüyü kimi, yazının müəllifinin əsas tezisi müharibə zamanı Azərbaycan Respublikasının heç bir cəhətdən xarici hərbi yardıma ehtiyacı olmadığından ibarətdir. Belə olan halda “dəmir yumruqlu” Ali Baş komandanı, ən yeni və müasir silahla silahlanmış, cəsur və igid əsgərləri və savadlı, hazırlıqlı, bacarıqlı komandirləri olan bir ordunun başıpozuq terroristlərə nə ehtiyacı ola bilərdi. İcmaldan da göründüyü kimi, yazıda Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətləri, öz dövləti və ordusunun ətrafında yumruq kimi birləşməsi və qələbəni təmin edən digər keyfiyyətlərindən bəhs edilir.Nəticə yalnız ondan ibarət deyil ki “müsəlman kafirləri” hesab edilən terroristlərin Vətən müharibəsində iştirakına dair heç bir sübut-dəlil yoxdur, əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın belə “köməyə” qətiyyən ehtiyacı yox idi.

Həmin yazı Vətən müharibəsi qələbə ilə başa çatandan 5 ay sonra İranda ilk dəfə müharibə zamanı “cihadçı”ların Azərbaycan ərazisində olmadıqları fikri mütəxəssis tərəfindən irəli sürülür, ümumi müddəalar və konkret dəlillərlə əsaslandırılır. Həmin fikrin İranın siyasi dairələrinin Azərbaycanda guya təkfirçilərin mövcudluğu barədə mövqeinə təsir edib-etməyəcəyi haqqında fikir söyləmək çətin olsa da, haqqında aşağıda qısa məlumat veriləcək yazı göstərir ki, yəqin ki, müəyyən dairələrin yanaşmalarına təsirsiz ötüşməyəcəkdir və əslində belə dairələrin mövcud olduğunu göstərir.

Elə həmin gün(2 aprel 2021) hökumət saytı hesab edilən “IRNA” saytında Azərbaycan Respublikasına həsr olunmuş hesabat xarakterli ikinci yazı(“Azərbaycan Respublikası 2020- ci ildə: çox mühüm və enişli-yoxuşlu bir il”) yerləşdirilmişdir.

Həmin yazıdan bir neçə gün əvvəl həmin saytda verilmiş “İran-Azərbaycan münasibətləri 2020-ci ildə” başlıqlı yazıda Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən və İranın həmin hadisəyə münasibətindən bir kəlmə belə qeyd edilməmişdir. Halbu ki, yazı iki ölkə arasındakı münasibətlərə həsr edilmişdir. İlin sonuna doğru Azərbaycanın digər ölkələrlə münasibətlərinin mərkəzində Vətən müharibəsi dayanırdı və Qalib ordunun Müzəffər Ali Baş Komandanının da dedyi kimi, məhz müharibə “bizə kimin dost olduğunu” aydın şəkildə göstərdi. Həmin yazıdan belə məlum olurdu ki, əgər İran müəllifi həmin tarixi hadisəyə yer ayırmayıbsa, demək, İranı Azərbaycana dost ölkə hesab etmir. Təbii ki, saytın və onun yazarının mövqeyi Azərbaycanda ən azı təəccüblə qarşılanmışdı. Odur ki, sayt bu dəfə zahirən Azərbaycanın son bir illik həyatının bəzi sahələrinin yekununa həsr edilmiş haqqında danışılan yazıda 44 günlük Vətən müharibəsinə və onunla bağlı hadisələrə kifayət qədər yer və diqqət ayırmışdır. Yazıda, əlbbətə çox qısa şəkildə, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə, ermənilərin vaxtı ilə Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə, Minsk qrupunun yarıtmaz fəaliyyətinə, son iki ildə ermənilərin münaqişənin sülh yolu ilə həlli imkanlarını aradan qaldırdıqlarına və ondan sonra baş verən hadisələrə, o cümlədən 2020-ci ilin iyul ayında ermənilərin hərbi təxribatlarına və nəhayət Qələbə ilə başa çatan müharibəyə, işğal olunmuş ərazilərin azad olunmasına və s. diqqət yetirilmişdir. Yazıda İranın müharibədən əvvəl və müharibə günlərində münaqişə ilə bağlı mövqeyi, müharibə günlərində sərgilədiyi mövqenin Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirildiyi nəzərə çatdırılır. Nəhayət, yazıda ermənilərin işğal illərində Azərbaycanın yaşayış məskənlərini, iqtisadi, mədəni, dini obyektləri yerlə yeksan etdikləri və dağıtdıqları, həmçinin əraziləri görünməmiş intensivliklə minaladıqları qeyd olunur. Yazıda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və bərpa edilməsi işlərində İranın hər iki sahədə böyük təcrübəyə malik olan şirkətləri və digər qurumlarının iştirak etməyə hazır olduğu vurğulanır.

Yazıda həmçinin Azərbaycanda koronovirus pandemiyasına qarşı mübarizə, dövlətin həyata keçirdiyi struktur islahatı və korrupsiyaya qarşı müvarizə tədbirlərindən danışılır.

Azərbaycan barədə həqiqətləri əks etdirən iki yazının eyni zamanda meydana gəlməsi bir tərəfdən İranda da həqiqətin nədən ibarət olduğunu bildiklərini, digər tərəfdən hər nə də olsa, qarşı tərəfin haqlı tənqidini qulaqardına vurmadıqlarını göstərir. Deməli, tənqid vasitəsi ilə İranı hərdən bir də olsa, həqiqətləri olduğu kimi deməyə sövq etmək olar.

Şərhlər bağlıdır.