VİDADİ MUSTAFA YAZIR

RİYAKARLIQ

Mayın 7-si İranda Dünya Qüds günü kimi qeyd edilirdi. Xomeyni Ramazan ayının sonuncu cümə gününü Qüds günü elan edərək İranın və dünya müsəlmanlarını qarşısında duran əsas problemlərdən birinin guya Fələstin xalqının azadlığına yardım etnəkdən ibarət olduğunu vurğulayırdı. Fələstin xalqının azadlığı İranın İslam və ərəb dünyasında liderliyi yolunda vasitə olduğundan, bir tərəfdən Fələstin azadlıq hərəkatının, digər tərəfdən isə ərəb dünyasının müəyyən dərəcədə parçalanmasına səbəb oldu.

İranın Fələstin xalqının azadlığı uğrunda “mübarizəsi” ərəb dövlətlərinin bir çoxunun mövcudluğu üçün təhlükə yaratdığından, onlar həmin təhlükəni azaltmaq üçün İsraillə münasibətləri normallaşdırmaq siyasəti seçdilər. Bununla da onlar ərəb dünyası üçün əsas təhlükənin, İranın iddia etdiyi kimi, İsraildən deyil İrandan gəldiyini nümayiş etdirdilər.
İranın Fələstindən bir vasitə kimi istifadə etmək siyasəti əks nəticə versə də, inersiyaya uyğun olaraq həmin siyasəti davam etdirdiyini nümayiş etdirərək yenə də İsrailin ünvanına hədə-qorxu yağdırır.

Dünən İranda keçirilən Qüds günü haqqında məlumatlarda Təbrizdə həmin günün koronavirus pandemiyasına baxmayaraq, geniş qeyd olunduğu xəbəri verilirdi. Çox qəribədir ki, Fələstin xalqının azadlığı və müstəqilliyi uğrunda cənfəşanlıq edən İran on milyonlarla Cənubi azərbaycanlıların nəinki müstəqillik və muxtariyyat, hətta Əsas qanunda qeyd edilmiş cox naqis bir milli hüququnu reallaşdırmaq tələbinə qarşı görünməmiş müqavimət göstərir.

İran rejimi Əsas qanunun verdiyi ikibaşlı, iransayağı hüququn reallaşdırılmasını dinc şəkildə tələb edən milli-mədəni fəalları həbs edərək illərlə həbsxanalarda saxlayır. Necə olur ki, Fələstin xalqının hüquqlarını bərpa etmək üçün İsraili məhv etməyə hazır olduğunu elan edən İran rejimi öz hakimiyyəti altında olan çoxmilyonlu xalqı ən elementar milli hüquqlardan məhrum edir. Hələ bu azmış kimi, həmin hüquqsuz millətin nümayəndələrini küçələrə çıxararaq başqa bir xalqın azadlığı uğrunda şüarlar verməyə məcbur edirlər. Onlardan kimsə öz hüquqlarını təlıb edəndə İrana düşmən, Fələstin xalqının hüququnu müdafiə edəndə əsil iranlı və əsil müsəlman olur.

Riyakarlığın nümunələri çoxdur. Lakin Fələstin və Cənubi azərbaycanlılara münasibətdə nümayiş etdirilən RİYAKARLIĞIN həddi-hüdudu yoxdur.

Şərhlər bağlıdır.