ŞAİR, TƏRÇÜMƏCİ, JURNALİST İBAD DADAŞOĞLU:

Mənə fars dilini Qubada firqəçilər öyrədiblər

1973-cü ildə Ulu Öndərimizin tələbə gənclərlə görüşündə söylədiyi irad və tövsiyələri əldə rəhbər tutaraq təyinatla Quba rayonuna getdim. Pedaqoji fəaliyyətimə ingilis dili müəllimi kimi rayonun İkinci Nügədi kənd 2 saylı orta məktəbində başladım. Bu dildən dərs deməklə yanaşı arzusunda olduğum, hələ tələbəlik illərindən həvəs və şövqlə öyrənməyə başladığım fars dilində müstəqil çalışmalarımı davam etdirdim. Xoşbəxtlikdən Azərbaycan Demokratik Firqəsinin Quba şöbəsinin tanınmış şəxsləri ilə tanış olmadıqlarım işimə yaradı. Burada firqənin qabaqcil nümayəndələri sayılan Qulamhüseyn Dehqani, Mirzə Mahmud Təkləvi, Əjdər Purəskər, Qüdrət Muradi, Bəxtiyar Ərşadi, Qərib Aşkari və digərləri ilə yaxindan tanış oldum, firqənin mətbu orqanı olan “Azərbaycan” qəzetini, “Mərdom”-u (İXP) oxumaq imkanı qazandım. Əslində fars dilini öyrənmək üçün bura mənə bir məktəb oldu və ömrüm boyu Qubada ünsiyyətdə olduğum həmin insanların köməyini unutmayacağam.

Orada Azərbaycan Demokratik Ədəbiyyatının görkəmli nümayəndələri sayılan Pərvin Ehtisami, Jalə Badeye Təbrizi və başqalarının şeirlərini oxumaq mənə nəsib oldu. Bir gün Quba Müəllimlər Evinin kitabxanasında Jalə Badeye Təbrizinin fars dilində nəşr olunmuş “Qərənfil” şeirlər kitabı gözümə sataşdı. Dərhal kitabı götürüb vərəqləməyə başladım. Deyəsən axtardığımı tapmışdim. Vətən həsrətinə, doğma yurdun nisgil və kədərinə həsr olunmuş bu kitabı  oxuduqca canki özümü ikiyə bölünmüş, boya-başa çatdığim, ayrılıq həsrətini qəlbimdə daşıdığim Astarada hiss edirdim. Moskvada yaşadığını bilincə “Uçitelskaya qazeta”ya sorğu ilə müraciət etdim. Təxminən on gündən sonra qəzetdən  şairənin dəqiq ünvanı göstərilmiş cavab məktubunu alanda sevincimin həddi-hüdudu yox idi. Dərhal şairəyə fars dilində məktub ünvanladım. Bir müddət sonra onun avtoqrafı ilə Düşənbənin “Ürfan” nəşriyyatında nəşr olunmuş “Kəştiye kəbud” kitabını poçt vasitəsiylə alanda sanki özümü doğma ata ocağimda hiss etdim. Az müddət içərisində şairənin “Codayiha” (“Ayrılıq”), “Setareye Qotbi” (“Qütb Ulduzu”), “Pərəndeqane Mohacer” (“Köçəri Quşlar”) şeirlərini Azərbaycan dilinə çevirdim. Həmin şeirlər Qubada “Şəfəq” və Astarada “Sovet Astarası” qəzetlərində dərc olundu.

Uşaqlıq illərindən dilləri çox sevirdim. Arzum şərqşünaslıq fakültəsinə daxil olmaq olsa da, gerçəkləşmədi. Orta məktəbi bitirib indiki ADU-nun İngilis-Azərbaysan dilləri fakültəsinə daxil olsam da fars dilinə olan marağım bir an belə sönmədi.

İnstitutda tədris olunan fənlər arasında ən çox sevdiyim fənn “Müqayisəli qrammatika” fənni idi. Bu fənni bizə əslən  Lənkarandan olan Hacı Cabir Axundov tədris edirdi. Şair təbiətli bu ustadımı çox sevirdim, axı o da fars dilinin fanatı idi. Cabir müəllim İngilis dilində felin zaman formalarını tədris edərkən müxtəlif zaman formalarında cümlələr söylər, həmin cümlələri fars dili ilə müqayisəli  şəkildə izah edərdi və auditoriyaya göz gəzdirib məni arayardı, ayağa qaldırıb suallar verərdi. Hind-Avropa dilləri qrupuna daxil olan bu iki dildə felin zaman formaları tamamilə eyni olduğundan belə suallara cavab vermək mənim üçün çox adi görünərdi. Bəzi tələbə dostlarımda Cabir müəllimlə bu cür sıcaq münasibətim onlarda qısqanclıq hissi yaratsa da mən bundan məmnunluq duyurdum.

Həyat təsadüflərlə doludur. Haradan biləydim ki,aradan qırx il keçəcək, mənim sevimli müəllimim Hacı Cabir Axundovla olan müəllim-tələbə münasibətlərim möhkəm dostluğa çevriləcək. Ustadımla görüşlərimin birində o, yenidən çapdan çıxmış “Bənövşə həsrəti” şeirlər kitabını mənə hədiyyə etdi. Fars, ingilis və Azərbaycan dillərində yazdığım “Müəllim ömrü” şeirini ona oxudum, çox sevindi və tövsiyyə etdi ki, yazmaqda davam edim. Bir neçə gündən sonra ona ithaf etdiyim “Hacı Cabir” seirimi ustadıma hədiyyə etdim, oxuyub şox qəhərləndi. Deyəsən şeir xoşuna gəlmişdi.

Şərhlər bağlıdır.