BU RİYAKARLIQDIR, YA YOX?!

Son vaxtlar Azərbaycanın kütləvi informasiya orqanlarında Fələstinin ilk prezidenti Yasir Ərəfatın və onun sələfi Mahmud Abbasın erməni məhəbbəti barədə çoxsaylı yazılar təqdim olunmaqdadır. Azerbaycan-ruznamesi.org bu məsələnin üzərində bəlkə də dayanmaz, bir-iki materialla kifayətlənərdi. Amma söhbət o Fələstindən gedir ki, Azərbaycan xalqı onun dövlətçiliyinin, ərazisinin işğaldan azad olunmasının günümüzün özündə də fəal tərəfdarıdır.

Yadınızdadırsa ötən əsrin 60-70-ci illərində bütün Sovet İttifaqında olduğu kimi Azərbaycanda da Fələstin xalqının pozulan hüquqlarının bərpası naminə necə möhtəşəm dəstək kampaniyaları keçirilərdi. Yaşıdlarımızın çoxu bu məqsədlə yardım kampaniyalarına da qoşulardı. Azərbaycan Demokrat Firqəsi, onun çoxsaylı üzvləri də belə dəstəklərdən kənarda qalmazdı.

İndi onlayn mediada Yasir Ərafatın və Mahmud Abbasın erməni sevgisi ilə bağlı yayımlanan sujetlərinə, səs yazılarına baxanda istər-istəməz sual verirsən: Ayə bunlar işğalçının yanındadırlar, ya yox?! Gördüklərimiz sualı mənfi cavablandırır. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin “Sputnik Azərbaycan”a müsahibəsində başqa mətləblərdən bəhs olunur. Sonuncu fikrimizi qabartmazdan əvvəl bir daha demək istəyirik ki, Fələstin xalqının da bütün hüquqlqrının bərpası uğrunda mübarizə aparması onun müstəsna haqqıdır. Beynəlxalq güclər bunun dinc yolla həllinə daha üstünlük verməlidirlər.

Qaldı, prezidentlər gələr-gedər, bütöv xalqı onların səhvlərinə görə hədəf götürmək olmaz. İndi isə gəlin səfirin müsahibəsinə, keçmiş və indiki prezidentin səs yazılarına baxaraq təhlillər aparaq. Bu suala cavab arayaq: səfir riyakardır, yoxsa haqqa arxa çevirən Fələstin rəhbərləri?!

Səfir Nasir Əbdül Kərim: 

“Azərbaycana qarşı Fələstin-Ermənistan birliyi barədə bəzi mətbuat orqanlarında yazılan yazıları oxuyan hər bir şəxs bilməlidir ki, bu bir yalandır.

Fələstin dövləti Azərbaycan Respublikası ilə diplomatik əlaqələrini 1992-ci ildə qurub.

Fələstin dövlətinin Bakıda səfirliyi var və bayrağımız səfirlik qarşısında dalğalanır.

Amma Fələstinin Ermənistanla heç bir əlaqəsi yoxdur. Nə bir diplomatik əlaqəsi, nə səfirliyi, nə konsulluğu. Fələstinlə Ermənistanı bağlayan rəsmi heç nə yoxdur!”

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.