İTİ BUCAQDAN BAXIŞ

İran İslam Respublikasının siyasi sistemi dini(şərq) ilə dünyəvinin(qərb) mexaniki şəkildə birləşdirilməsi əsasında yaradıldığından, teokratiya(şərq) hakim olsa da, dünyəvi qüvvələri təmsil edən qurumlar da qərar qəbul edən mərkəzlər kimi çıxış etməyə və ən azından qərar qəbuletmə prosesinə təsir etməyə səy göstərirlər. Ona görə İranda eyni hadisəyə müxtəlif yanaşma, münasibət və davranış müşahidə etmək təbiidir və sistemin mahiyyətindən irəli gəlir. Ən sadə misal.İndiki islahatçı hesab edilən hökumətin yarı-rəsmi orqanı sayılan “İrna” Agentliyi 44 günlük Vətən müharibəsindən sonra Azərbacan-Ermənistan münasibətlərindən danışarkən məlumatın, yazının, təhlilin sonunda keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bir-iki cümlə söz açır, münaqişənin son nəticədə müharibəyə səbəb olduğu, müharibədə Azərbaycanın qalib gəldiyi, öz ərazilərini erməni işğalından azad etdiyi,üçtərəfli bəyanat imzalandığı, Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirildiyini vurğulayır.

İranın əsas güc mərkəzlərindən birinə çevrilən, müstəqil və davakar xarici siyasət yeritməyə çalışan və bir çox hallarda yeridən İran İslam İnqilab Keşikçiləri Korpusunun orqanı hesab edilən farsnews.ir saytı Ermənistan tərəfinin sərhədlə bağlı qaldırdığı hay-küylə bağlı erməni mövqei əsasında məlumat verərək, keçmişə nəzər salır, onu öz arzusuna uyğun şəkildə, iki, son dərəcə qərəzli cümlə ilə bəyan edir:

  1. Azərbaycan Respublikası və Ermənistan arasında mübahisəli Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar 27 sentyabrda yeni bir gərginlik başladı, tərəflər bir-birlərini ərazilərini işğal etməkdə günahlandırdılar.
  2. Dördüncü atəşkəsdən sonra “rus hərbçiləri, atəşkəsə nəzarət etmək və qarşıduran qüvvələr arasında bufer zonası yaratmaq üçün Dağlıq Qarabağ bölgəsinə yerləşdirilib. İndiyə qədər bu bölgədə sülh vəziyyəti sabitdir”.

İranda hələlik mövcud siyasi sistem çərçivəsində islahatçı və mühafizəkar adlandırılan qüvvələr arasında gedən hakimiyyət uğrunda mübarizə dövlətin xarici siyasət sahəsində ziddiyyətli addımlar atmasını, eniş və yoxuşların meydana gəlməsini şərtləndirir. İranın istər daxili, istərsə də xarici siyasi problemlərinin kökündə onun ikili xarakteri, yəni bir-birinə zidd olan tərəflərin (dini və dünyəvi) qeyri-adekvat, süni şəkildə, deməli, müvvəqəti olaraq, birləşdirilməsi dayanır.

Vidadi Mustafayev

Şərhlər bağlıdır.