ZƏNGƏZUR MƏSƏLƏSİ: RUSİYA HARADADIRSA, İRAN DA ORADADIR…
"İran bölgədə aktiv oyunçu kimi öz sərhədi kənarında münaqişənin həllini istəyir”
Politoloq Sədrəddin Soltan Azərbaycanın nə zamansa Zəngəzura sahib olacağı təqdirdə guya İranla münasibətlərin növbəti gərginliyə səbəb olacağına dair proqnozları şərh edir. O bildirir ki, İran bu prosesdə aparıcı olmaq istəyir:
“Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşir. Bu sərhədin müəyyənləşməsinin iki forması var. Tərəflər arasında demarkasiya və sülh müqaviləsi imzalanandan sonra ölkələr arasında delimitasiya xətti müəyyənləşir. İranla Azərbaycan arasında sərhəd problemi yoxdur. Niyə? SSRİ-nin cənub sərhədi kimi Azərbaycanla İran arasında sərhəd müəyyənləşib. Mübahisəli məsələ nədir? İranın ucbatından Xəzərin sektorlara bölünməsi. Bu istiqamətdə müzakirələr gedir, müəyyən razılaşmalar var. Ermənistan və Azərbaycan da SSRİ-nin tərkibində mütəffiq respublika olub. Hər ikisinin sovetlər dövründə bəlli sərhədləri olub. Bu sərhəd hansıdır? SSRİ dövründə siyasi-inzibati xəritə əsasında məlum olan sərhədlərdir. 1991-ci ildən bu günə kimi Azərbaycanla Ermənistan arasında Qarabağın işğal olunması və s. məsələlərlə bağlı münaqişə olub. Bu münaqişə tərəflərə sərhədlərin demarkasiya və delimitasiyasını aparmağa imkan verməyib. İndi bu proses başlayıb və Azərbaycan nə kiminsə torpağını tutur, nə də kiminsə ərazisinə girir. Azərbaycan Ermənistanla 1920-ci ildən sonrakı xəritəsini müəyyənləşdirir. Əgər Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədini müəyyənləşdirsəydi, bu, başqa məsələ olardı. Onda beynəlxalq hüquqa görə, Azərbaycan Ermənistan ərazisini işğal etmiş sayılar, yaxud Azərbaycan hərbiçisi Ermənistan ərazisində olardı. Belə bir şey yoxdur. Zəngəzur məsələsi isə dəhlizdir. Bu dəhliz sovet dövründə də mövcud olub. Sovet dövründə Moskva-Tehran qatarı vardı. Moskva-Tehran qatarı Zəngəzurdan keçirdi. 10 Noyabr bəyanatından sonra həmin bu ərazidə koridorun açılması Ermənistanın blokadadan qurtarılması məsələsidir. Bu koridor həm də İrana faydalı olacaq. Bunu İran da istəyir. İranda bölgədə aktiv oyunçu kimi öz sərhədi kənarında münaqişənin həllini istəyir. Amma İran bu prosesdə aparıcı olmaq arzusundadır.
İran bu proseslərdən geridə qaldığına görə məsələdə aparıcı olmaq istəyir. Rusiya haradadırsa, İran da oradadır”.
Şərhlər bağlıdır.