TOKİODA OLİMPİADA BAYRAMI LƏĞV EDİLDİ

Gələn ay keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçıları tamaşaçılar üçün yeni sərtləşdirilmiş qaydalar müəyyənləşdiriblər.

Tokio Olimpiadası 2020-ci il iyulun 25-dən avqustun 9-dək keçirilməli idi. Tədbir koronavirus pandemiyasına görə bir il təxirə salınıb.

Tokio-2020 Yay Olimpiya Oyunları 2021-ci il iyulun 24-dən avqustun 8-dək keçiriləcək.

Təxirə salınmaya görə bütün xərcləri Yaponiya dövləti öz üzərinə götürüb.

Yay Olimpiya Oyunları hər dörd ildən bir yay fəslində keçirilən, bütün dünyanı əhatə edən çoxnövlü idman yarışıdır.

Azerbaycan-ruznamesi.org saytı Qətərin “Əl-Cəzirə” kanalına istinadla bildirir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının prezidenti Seyko Haşimoto olimpiada günlərində əyləncə tədbirləri keçirməyə imkan verilməyəcəyini bəyan edib: “Tamaşaçılar Yay Olimpiya Oyunlarında hazırda keçirilməkdə olan 16-cı Avropa futbol çempionatında olduğu kimi bayram əhval-ruhiyyəsi gözləməsinlər. Bu gün Avropada hamı bayram ovqatındadır. Təəssüf ki, biz bunu edə bilməyəcəyik”.

Bununla belə Seyko Haşimoto tamaşaçıların əhval-ruhiyyəsini canlandırmaq üçün təşkilatçıların mümkün qədər xoş ovqat yaratmağa çalışacaqlarını da vurğulayıb.

Olimpiya oyunlarının keçiriləcəyi məkanlara 10 mindən artıq tamaşaçı buraxılmayacaq.

Seyko Haşimoto bildirib ki, həmin məkanlara daxil olarkən tamaşaçıların hərarəti ölçüləcək və onlar hökmən maska taxmalıdırlar. Hərarəti yüksək olanlar və ya maska taxmayanlar içəri buraxılmayacaq və onların aldıqları biletlərin pulu geri qaytarılmayacaq.

Oyunlara tamaşa edərkən əl çalmaq, başqa tamaçılarla sıx təmas qurmaq, idmançılardan avtoqraf almaq, onlara qışqırıqla dəstək vermək, dəsmal yelləmək, ümumiyyətlə bayram şənliyi, izdiham doğura biləcək istənilən davranış, alqışlama forması qadağandır.

Tədbir başa çatdıqdan sonra izləyicilərə birbaşa evə getmələri təklif olunacaq.

Seyko Haşimotonun sözlərinə görə, insanlar bayram ovqatını boğmağa çalışmalıdırlar ki, problem yaranmasın: “Onlar ürəklərində sevinə bilərlər, ancaq bunu yüksək səslə nümayiş etdirməməli və izdiham yaratmamalıdırlar”.

Yaponiyada hazırda keçirilən digər idman tədbirlərində spirtli içki qəbul etməyə icazə verilsə də, Yay Olimpiya Oyunlarında bu mümkün olmayacaq. Olimpiadaya canlı tamaşa edənlərə istənilən növ spirtli içki qəbul etmək yasaqdır.

“Əl-Cəzirə” kanalının Tokio müxbiri xəbər verir ki, Yay Olimpiya Oyunlarında Yaponiya paytaxtında ümumən heç bir əyləncə və bayram olmayacaq: “Şəhərdə tədbirlərin çoxu, xüsusilə mədəni tədbirlər ləğv edilib. Olimpiya kəndində yerləşdiriləcək idmançılar yalnız yarışa gedib-gələ biləcəklər, başqa vaxtlarda onlara buradan qırağa çıxmaq yasaq ediləcək. Yarışların iştirakçıları hər gün koronavirus testindən keçəcəklər”.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası 209 ölkə, ərazi və məkanda 3 milyon 907 mindən çox adamın ölümünə səbəb olub.

Əhalisinin sayı 126 milyon nəfər olan Yaponiyada indiyədək 788 minə yaxın adam koronavirusa yoluxub, onların 14 min nəfərindən çoxu vəfat edib.

Mənbə: Aljazeera.com

Şərhlər bağlıdır.