RUSİYA ÖZÜNÜ VASİTƏÇİ KİMİ GÖSTƏRMƏYƏ ÇALIŞSA DA…

Politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya regionda nəzarəti əlində saxlamaq üçün Ermənistan-Azərbaycan arasında baş verən proseslərdə gərginliyi artırmaqda maraqlıdır:

“10 noyabr bəyanatının 4- cü bəndində də qeyd olunub ki, Ermənistan silahlı birləşmələri Qarabağı tərk etməlidir. Lakin hələ də buna əməl edilmir. Sonrakı mərhələdə isə Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı məsələ razılaşdırılmışdı, lakin Ermənistan bu öhdəliyi də yerinə yetirmir. Kommunikasiya xətlərinin və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində də heç bir addım atılmır. Azərbaycan-Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə baş nazirlərin müavinləri səviyyəsində işçi qrupu yaradılmışdı, lakin bu işçi qrupundan da xəbər yoxdur. Bütün bunları əsas götürərək deyə bilərik ki, Rusiya birmənalı şəkildə Ermənistan tərəfindən çıxış edir. Ermənistan silahlı birləşmələri Qarabağı tərk etsə, rus sülhməramlılarının orada olmasına nə ehtiyac var? Hələ də məlum deyil ki, sülhməramlıların sayı nə qədərdir? Rusiya tərəfindən qaranlıq qalan və ictimaiyyəti düşündürən bir çox məqam var”.

Politoloqun sözlərinə görə 10 noyabr üçtərəfli razılaşmasında nəzərdə tutulan bəndlər ya yarımçıq yerinə yetirilir ya da yerinə yetirilmir:

“Bu, Rusiyanın Azərbaycanı özündən asılı vəziyyətə salmaq cəhdidir. Rusiya adının hallandığı münaqişə ocaqlarında, Ukrayna, Moldova, Gürcüstanda olduğu kimi Azərbaycanın Qarabağ ərazisində də prosesləri gərgin vəziyyətdə salmağa çalışır. Rusiya heç bir zaman münaqişələrin həllini istəmir. O cümlədən Azərbaycan-Ermənistan arasında da münaqişənin həllində maraqlı deyil. Azərbaycan- Ermənistanın SSRİ dövründən bəlli olan sərhədləri var. SSRİ dağıldıqdan sonra da onun tərkibindən ayrılmış hər bir respublika mövcud olduğu ərazi ilə öz müstəqilliyini elan etdi. O vaxtdan nə dəyişib ki, indi Azərbaycan-Ermənistan sərhəd xəttində problemlər yaşanır? Rusiya Ermənistana tapşırıq verə bilər ki, Ermənistan sərhəddə gərginlik yaratmasın və delimitasiya demakrasiya məsələsində
razılaşmanı imzalasın”.

Sədrəddin Soltanlının sözlərinə görə, Rusiya proseslərdə özünü vasitəçi kimi göstərməyə çalışsa da, əslində Ermənistanın himayədarı rolunu oynayır:

“Hesab edirəm ki, sərhəddə Ermənistanın törətdiyi təxribatlarda da Rusiyanın marağı var. Çünki Rusiya üçüncü qüvvə kimi Azərbaycan-Ermənistan sərhədinə öz qoşunlarını gətirməyə çalışır”.

Şərhlər bağlıdır.