ƏFQANISTANDA NƏ BAŞ VERİR

 Abdulla Əmir Haşimi Cavanşir
31 mordad 1400-cü il (22 avqust 2021-ci il) 

Bir neçə gün əvvəl Əfqanıstan adlanan ölkə istiqlalının 102-ci ilini qeyd etməli idi. Hansı ki, 1918-ci ildə Amanulla xanın ingilislərlə 3-cü savaşında qalib gəlməsi ilə birtərəfli olsa da Əfqanıstanın istiqlalını elan etmişdi. İstiqlal sayəsində Əfqanıstan modernləşməyə başlayaraq qadınlara ictimai azadlıq bağışladı. Əfqan xalqları ibtidai icbari təhsil haqqı əldə etdi. Xan və böyük feodallara qarşı ağır vergilər qoyuldu. Ölkədə qayda-qanunun şəriət qanunları əvəzinə sekolar qayda-qanunlar tətbiq olundu. Kitablar çap oldu. Qazetlər buraxıldı. Mədəni cəmiyyətlər yarandı. Bu proses nə qədər yarımçılıq qalsa da 1973-cü ildə səltənətə son qoyuldu. Davud xanın çevrilişi ilə Zahir şahın səltənəti cumhiriyyətə çevirildi.

Cümhuriyyət dövrində inkişaf sürətlənərək, öncə sovetlərlə geniş əlaqələr yaradıldı. Sonralar Amerika, İngiltərə ölkələri ilə münasibətlər genişləndi. Bu da Əfqanıstanda güclü tərəfdarları olan Tərəkinin rəhbərliyi ilə Davud xana qarşı inqilabı meydana gətirdi. SSRİ tərəfdarı olan yeni hakimiyyət məmləkəti tək başına idarə etməkdən aciz qaldı. Sovet qoşunları 1080-cı ildə Əfqanıstana daxil oldu. Müəyyən qədər iqtisadi və siyasi islahata əl qoyulsa da Əfqanıstan adlı ölkənin böhranı dərinləşərək, Qərb ölkələri ilə bərabər, qonşularının nüfuz və rəqabət meydanına çevirildi.

Hakimiyyət və Əfqanıstanda yaşayan xalqlar arasında dərin uçurum yarandı və ciddi mübarizə və toqquşmalar, bir sözlə desək daxili müharibələrə gətirib çıxartdı. Belə ki, 1987-ci ildə Sovet ordusu Əfqanıstandan çıxmağa məcbur oldu.

İran, Pakistan və Amerika vasitələri ilə münasibət quran mücahid adlanan silahlı dəstələrin bir-birilə, hakimiyyətə gəlmək üçün  vuruşması səngimədi. SSRİ-nin dağılmasından sonra Nəcibullah hakimiyyəti iki il davam gətirsə də silahlı dəstələrin ən güclülərindən biri olan Taliban dəstəsi 1996-cı ildə ölkəni bütövlüklə ələ keçirtdi. İslami Əmirliyi təsis edərək İslam şəriətini tətbiq etməyə və həyata keçirtməyə cəhd göstərdi. Həmin dövrdə qadınların məhrəmsiz küçələrdə gəzməyə icazə vermədi. Onları təhsil və işləmək hüququndan məhrum etdilər. Əl kəsmək, ayaq kəsmək, qisas almaq, orta əsrlərin insana bərabərcə yanaşma tərzlərini hakimiyyət qanunları səviyyəsinə qaldırdı.

Dünyada terrorçu qruplar Əfqanıstanda yerləşdirildi. Region İrantəkin bir qorxulu məkana çevrildi. İran Taliban oxşarlı fars mərkəzli vilayyəti vəqih üsuluna söykənən, İranda yaşayan xalqlara və məntəqədəki,   siyasi, iqtisadi, diplomatik ciddi problemlər yaradan bir hakimiyyət kimi Talibana bir nümunə oldu. Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi zahirdə təəccüb doğursa da, region hakimiyyətləri arasında o qədər də qəribə deyildi. Ona görə ki, Taliban bir neçə şəxslərdən ibarət deyil. Bəlkə region daxilində hərəkətə gətirilmiş bir fikri cərəyandır. Baxmayaraq ki, Taliban uzun saqqal, uzun paltar, yalın ayaqla tanınsa da, kostyum, qalustuk, bığ, saqqalı qırxılmış fikir sahibi daşıyan Tehranda, Avropada, Amerikada bir nazir, bir müxbir, bir diplomat, bir ölkə prezidentinin də şahidi olmuşuq.

İranda 40 milyon türkün ana dilini qadağa qoyan nazir, özü birbaşa əslində Taliban təmsilçisidir. Türki dilində incəsənətin hər hansı bölümündə fəaliiyyətin qarşısını alan, Talibanın təfəkkür tərzinin nümayişidir. Və yaxud fars dilindən başqa digər xalqların dilində şeir yazmağa qarşı şairin təhqiramiz sözləri Talibanın əməllərindən seçilmir. Sözün doğrusunu desək, zahiri Talibana oxşamayan, lakin batilində Taliban təfəkkürü daşıyan hər hansı rejim, partiya, üzdən iraq mədəni cəmiyyətlər adı altında gedən fondlar daha  Talibandan da təhlükəlidirlər. İslam adına qadını sürücülükdən, velosipet sürməkdən, ərindən icazəsiz səfərə getməkdən, uşaqların sahibi olmamaqda, təlax haqqı olmamaqdan, öz geyimini seçmə hüququndan məhrum olmaqdan Taliban təfəkkürü deyilmi? Qadın idman zallarında iştirak edə bilməz. Prezident ola bilməz. Qazi ola bilməz. Onu öldürsələr qan pulusu kişinin yarısı qədər olmalıdı. Bu işlər Talibançılıq deyilmi?

Taliban təfəkküründə demokratiyaya yer yoxdur. Seçib-seçilməyə yer yoxdur. Əfqanıstanda da, İranda da bu gün Taliban təfəkkürlü insanların, at oynatma meydanına çevrilib. Əşrəf Qəni zahirdə Taliban deyildi. Amma rahatca hakimiyyətini Talibana bağışladı. 300 min ölkə ordusu vuruşmadan Talibana qoşulması maskalı Taliban təfəkkürlü deyilmi?

Göründüyü kimi cəmiyyətin qurtuluşu ancaq sağlam təfəkkür, elmi baxış, incəsənət, mədəniyyətə söykənmiş, möhümatdan, cəhalətdən qıraq, mif və əfsanələrdən uzaq əsaslara söykənməlidir ki, Talibanizmə düçar olmasın. İrqiçilik, haqsızlıq, istibdad, diktatorluq, şovinizm və dominantlıq uzaq olmalı, şəriətçilik, əşrafiyyəti kənara qoymaq, azadlıq, ədalət, bərabərliyi təmin etmək, xalqlar arası bərabər hüquq münasibətlər yaratmaq, ondadır ki, ölkədə sülh, tərəqqi, təhlükəsizlik, inkişaf, intiqrasiya, yaradıcılıq şəraiti yarana bilər. Əfqanıstanda yaşayan xalqların milli, mədəni və sinfi hüquqlarının bərabərliyi təmin olmadan birgə xarici və daxili istimara, müstəmləçiliyə qarşı vuruşmadan 40 il keçib, gələn 40 il keçsə də Əfqanıstan böhran içində çabalamağa məcburdu.

Şərhlər bağlıdır.