İRAN İSLAM RESPUBLİKASINDA SEÇKİ “DASTAN”I…

5-Cİ YAZI. PREZİDENT SEÇKİLƏRİ ONU DA GÖSTƏRDİ Kİ... YAXUD NƏTİCƏ

Prezident seçkiləri onu da göstərdi ki, azərbaycanlıların seçici davranışında  milli-etnik kimlik amili heç bir rol oynamır. Bu baxımdan onlar hakim fars millətindən olan seçicilərin davranışını təkrarlayırlar. Bu da milli-etnik kimlik və milli mübarizə baxımından Azərbaycan cəmiyyətində ciddi sual doğuran milli və ictimai məsələlərdən biridir.

Prezident seçkilərində azərbaycanlı-türk  seçicilərin seçim davranışını müxtəlif cür izah etmək olar. İslahatçı təbəqəsinə aid edilən seçicilərin  davranışını hakimiyyətin prezident seçkiləriinin nəticələrinin mühafizəkarların nümayəndəsinin xeyrinə  qabaqcadan müəyyən olunmasına yönəlmiş tədbirləri, islahat cəbhəsinin icra hakimiyyəti uğrunda mübarizədən  könüllü şəkildə geri çəkilməsi və s. ilə izah etmək olar. Bütövlükdə İslahat cəbhəsinin qərarlarına və onun dəstəklədiyi  az-çox tanınmış islahat liderlərinə görə davranışını müəyyən edən islahatçı seçici kütləsinin davranışı özünü seçkidə iştirak etməməkdə göstərdi. Buna görə islahatçı namizəd səsvermədə iştirak edənlərin cəmi 8%-nin səsini toplaya bildi (burada pandemiya şəraiti də nəzərə alınmalıdır).

Azərbaycanlı islahatçı seçicilər də digər islahatçı seçici qrupları kimi namizədlərə qeyd edilən şəraitə uyğun davranış sərgilədilər. Halbu ki, azərbaycanlıların fars seçicilərdən əsas fərqi onların milli hüquqsuz vəziyyətdə olması idi və indi də belədir. Ona görə onlar prezidentliyə azərbaycanlı namizədə tamamilə fərqli münasibət bildirməli idilər. Bu ona görə vacib idi ki, azərbaycanlılar prezident seçkilərinə nadir halarda buraxılır və hər dəfə də qalib gəlmələrinə imkan verilmirdi. Azərbaycanlının prezidentliyə namizəd irəli sürülməsi azərbaycanlılara  etnik həmrəylik, etnik kimlik şüurunun səviyyəsini nümayiş etdirməyə imkan verirdi. Çünki hakimiyyət azərbaycanlılardan birdən-birə iki nəfərin islahat cəbhəsinin namizədi kimi prezident seçkilərinə buraxmaqla əslində azərbaycan elitası ilə geniş kütlələr arasında bağlılığın xarakterini müəyyən etməyi qarşısına məqsəd qoymuşdu. Hakimiyyət həmin məsələni aydınlaşdırdıqdan sonra Azərbaycan, azərbaycanlılar və azərbaycanlı elitaya qarşı  daha sərbəst siyasət yeridə biləcəyinə yəqinlik hasil etmiş olurdu. Hakimiyyət müəyyən etmiş olurdu ki, azərbaycanlı kütləsi azərbaycanlı elitanın arxasınca getmədiyi kimi, azərbaycanlı elita da Azərbaycan xalqınn milli maraqları uğrunda mübarizəsini dəstəkləməyəcək. Buna əmin olan hakimiyyət hakim milətçilik siyasətini daha arxayınlıq və geniş miqyasda davam  etdirməkdə israr edəcəkdir.

Qabağa gedərək demək olar ki, bunun ilk sübutu və təzahürü özünü çox gözlətmədi. Yeni seçilmiş prezident nə səlahiyyətləri məclisdə təsdiq olunan (etimad rəyi alan) nazirlər sırasında, nə  öz hökmü ilə təyn etdiyi birinci vitse-prezident kimi, nə prezidentin müavinləri, nə də digər idarə başçıları arasında azərbaycanlıları görmək istəmədi.

Azərbaycan cəmiyyətində siyasi-ictimai məsələlərə sosial yanaşmanın ilk nəticələrindən biri azərbaycanlı sosial təbəqələr arasında milli kimlik zəminində həmrəyliyin olmamasıdır. Milli kimlik zəminində həmrəyliyin olmaması milli məsələnin həll olunması yolunda ən əsas manelərdən biridir.

Prezident seçkiləri zamanı bütün İran cəmiyyəti kimi azərbaycanlılar da islahatçı seçicilərin passivliyini və qətiyyətsizliyini, mühafizəkar kütlənin isə aktivliyini və qətiyyətlilyini nümayiş etdirdi.

Başqa sözlə, prezident seçkiləri  göstərdi ki,  azərbaycanlı seçicilər ilə hakim elitada təmsil olunan azərbaycanlı siyasətçilər arasında  etnik və milli bağlılıq son dərəcə zəifdir, ona görə namizədin etnik kimliyinin azərbaycanlı seçicinin seçiminə elə  bir təsiri olmamışdır.

NƏTİCƏ

İranda növbəti seçki (xübrəqan, parlament, prezident və  bələdiyyələr) ili olan 2021-ci ildə əvvəlcə parlament, sonra prezident seçkilərində “parlaq” qələbə qazanan “mühafizəkar” qüvvələr növbəti dəfə  hakimiyyət üzərində tam inhisara nail oldular. Ruhanilərdən ibarət seçkili orqan olan Xübrəqan məclisi, qanunların icrasını təmin və  nəzarət edən, rəhbəri Rəhbər tərəfindən təyin edilən, ruhanilərin inhisarında olan Məhkəmə hakimiyyəti mühafizəkarların inhisarındadır.

İndi parlament və icra hakimyyəti də mühafizəkarların nəzarəti altına keçdi və bununla mühafizəkarların hakimiyyət üzərində tam inhisarı növbəti dəfə bərqərar oldu.

Siyasi sistem daxilində hakimiyyət uğrunda rəqabət islahatçı-mühafizəkar qarşıdurması kimi qələmə verilir. Hər iki qanad siyasi sistemin törəməsi olduğundan onun müxtəlif vasitələrlə daha da güclənməsinə çalışdığını elan edərək, resursların bölüşdürülməsinə nəzarət uğrunda mübarizə aparırlar. İslahat istəyən  geniş təbəqələr onlardan daha qətiyyətli addımlar tələb etdiyindən qeyd edilən qarşıdurma rəqabətdən mübarizə fazasına keçə bilər ki, onun da nəticəsi hər iki rəqib tərəf üçün çox qorxuludur. Ona görə son parlament və prezident seçkilərində  islahat cəbhəsi “döyüş meydanını” müqavimətsiz tərk etdi.

Parlament və prezident seçkilərində etnik-milli rayonlarda deputatlığa namizədlər bəzi hallarda etnik birliyin-milli azlığın hüquqlarını müdafiə edəcəyi vədləri verirdilər. Eyni vədlərlə prezidentliyə bir-iki namizəd də çıxış etmiş, hətta onlardan biri qalib də gəlmişdi. Həmin deputatlığa və prezidentliyə namizədlər əsasən islahatçı adlandırılan qüvvələri təmsil edirdilər.

Seçki zamanı etnik-milli məsələnin gündəmə gəlməsi hakim fars millətçilərini ciddi narahat etdiyindən  təbliğat kampaniyası zamanı etnik-milli tələblərin irəli sürülməsinə qarşı müxtəlif səviyyələrdə qərar qəbul edilməsi, xəbərdarlıq edilməsinə nail olmuşlar.

Qeyd etmək lazımdır ki, milli məsələni bir qayda olaraq islahatçı namizədlər aktuallaşdırdığından yuxarıda qeyd edilən qərar və xəbərdarlığın mühafizəkarlara adiyyatı yox idi.

Sonuncu prezident seçkilərində mühafizəkarların əsas nümayəndəsi, qələbəsi üçün bütün lazımi qanuni və qeyri-qnuni tədbirlər görülmüş İ.Rəisinin seçki proqramında məntiqi olaraq milli məsələ adlı bənd yox idi.

Milli məsələdən danışmaq ənənəsini bu dəfə  prezidentliyə namizədlikləri  təsadüfən və ya qəsdən  təsdiq olunan iki azərbaycanlı  islahatçı davam etdirsə də, əsasən Cənubi Azərbaycan məsələsindən danışmışlar.

Bütün mümkün və qeyri-mümkün izahlara,  bəraət qazandırmalara baxmayaraq, bu dəfə də  prezident seçklərində azərbaycanlı-türk seçicilər seçimini milli kimlik, etnik mənsubluq əsasında etməmişlər. Bu faktdır.

Nəzərə alınmalıdır ki, hər hansı bir hüquqsuz etnik birlik milli məsələni o vaxt həll etməyə qadir ola bilər ki, milli azlığın hakim elitada təmsil olunan nümayəndələrinin müəyyən qrupu milli məsələni daim gündəmdə saxlamağa səy göstərsin. Belə olmayan halda milli məsələnin həlli perspektivi qaranlıq qalır və hər dəfə siyasi sistemin dəyişməsi ilə əlaqələndirilir. Qeyd edilən sistemdaxili  milli qrup mövcud olmadığı halda sistem dəyişdikdə milli azlığı təmsil edən yeni siyasi qüvvələr milli məsələyə ciddi əhəmiyyət vermədiyindən, onun həlli yenidən təxirə düşür. Yalnız indi və burada milli məsələnin aktual saxlanması onun istənilən siyasi sistem  daxilində, xüsusən də onun dəyişməsi zamanı, həllinə zəmin yaradır.

Vidadi Mustafayev,
24 sentyabr 2021

Şərhlər bağlıdır.