İRANIN ƏMƏLLƏRİNƏ NƏ AD VERMƏK OLAR?

İran İslam Respublikası çox millətli ölkədir. Burada böyüklü-kiçikli 80-dən çox millət və xalq yaşayır ki, bunlar dil, milli kimlik, tarix, ənənə və bəziləri hətta dini məzhəb cəhətdən biri digərindən, o cümlədən farslardan fərqli olsa da onların hamısı “iranlı” və ya “İran milləti” adlandırılır. Farslardan əlavə bu ölkədə 30-35 milyon nəfər türk, 5 milyondan çox kürd, 3-4 milyon ərəb, bəluc, mazandaranlı, gilək, talış, türkmən və s. millətlər yaşayır. İran əhalisinin böyük əksəriyyətini təşkil edən bu xalqların öz ana dillərində nümunə üçün bir sinif səviyyəsində belə təhsilləri yoxdur.

Ermənilərdən başqa (onların sayı 120-150 min arasında göstərilir) qeyri müsəlmanlar təqib olunur, onlara qarşı həbs və zorakılıqlardan belə çəkinilmir. Milli, dini və məzhəb ayrı-seçkiliyi ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Müsəlman Azərbaycan Respublikasına qarşı düşmən olan, onun ərazisinin 20%-ini işğal edən, 1 milyona qədər vətəndaşını öz doğma yurdundan qaçqın və didərgin salan erməni qatillərinə qonşu İran İslam Respublikasında geniş meydan verilib. Onlara 30-dan çox erməni dilli məktəbdə öz ana dillərində təhsil almaq ixtiyarı verilib. İsfahan və Tehran universitetlərində erməni dilində fakültələr fəaliyyət göstərir. Azərbaycan əleyhinə, onun tarixinə, ədəbiyyatına, milli varlığı əleyhinə erməni müəlliflərinin çoxsaylı kitab, dərgi və qəzetlərinin çapına icazə verilib. İran nəşriyyatları erməni müəlliflərinin türk dünyası (o cümlədən Azərbaycan) əleyhinə yazılmış əsərlərini məmnuniyyətlə çap etdikləri halda azərbaycanlı müəlliflərinin milli ruhlu yazıları basqılara məruz qalır. Qara Kilsə adlanan yerdə (Güney Azərbaycanın Qərb bölgəsindədir) erməni keşişinin “tarixi” qəbri İran və dünya erməniləri tərəfindən hər ilin iyun ayının 24-də təntənəli şəkildə ziyarət olunduğu halda, Azərbaycanın milli qəhrəmanı Babəkin adını daşıyan “Babək qalası”na ziyarətə getmək, orada kütləvi görüşlər keçirmək artıq neçə ildir yasaq olunub, bu işə təşəbbüs göstərənlər basqılara məruz qalırlar. BMT tərəfindən elan olunmuş “Ana dili günü”nün Güney Azərbaycanda və qeyri fars əyalətlərində qeyd olunmasına icazə verilmir. Ermənilərin “Araks” adlı dərgi və qəzetlərinin çapına icazə verildiyi halda Təbrizdə, Urmiyada, Ərdəbildə çap olunan dərgi və qəzetlərin redaksiyaları bağlanmış və yazarlarından bir qismi həbs olunmuş və ya böyük məbləğdə pulla cərimələnmişlər.

Müasir İranda İslam prinsiplərinə və müqəddəs kitabımız Qurani-Kərimdəki buyruqlara çox zaman əməl olunmur. İnsan azadlığı, hüquqlar və bəşər haqları “islam” adı altında tapdalanır. Ailə və məişət məsələlərində, əxlaq, davranış işlərində zorakılıq və haqsızlıq hökm sürür. İran konstitusiyasında insanlara verilmiş yarımçıq hüquqlar belə onların əlindən alınır. Konstitusiyada bərabərlikdən, insani haqlardan, insan azadlıqlarından bəhs olunduğu halda əməldə onlar yerinə yetirilmir. Azərbaycan türklərinə və qeyri farslara konstitusiyada dil haqqında, bərabərlik haqqında təsbit olunmuş 15-ci və 19-cu maddələrin (yarımçıq da olsa) icrasına yol verilmir.

Özünü Azərbaycanın “dostu” və din qardaşı adlandıran İran rəhbərliyi quru bəyanatlar verib Azərbaycanın ərazi bütövlüyünü “tanımaq” kimi həqiqətdən uzaq deyimlərlə Türk dünyasını, müsəlman aləmini açıq-aydın aldadır. İran Azərbaycana qarşı təcavüzkar müharibə aparan Ermənistanı ərzaqdan başlamış neft və qaza qədər hər cür lazımi şeylərlə təmin edir. Son 20 ildə İranla Ermənistan arasında salınmış körpülər, yollar, tunellər İranın Ermənistana yolladıqlarını mənzil başına tez çatdırmaq üçün İranın dostu Ermənistana mərhəmət və qayğısına misaldır. İranın statistikasındakı rəqəmlərə inansaq, İran-Ermənistan ticarət dövriyyəsinin ilbəil artdığına şahid olarıq.

Ulu öndərimiz Heydər Əliyev Şərqi Azərbaycan ostandarını (əyalət başçısını) qəbul edərkən dediyi sözlər İranın Ermənistana necə dəstək verdiyinə yaxşı misaldır. H.Əliyev nitqlərinin birində Ermənistanın prezidenti (keçmiş) Ter-Petrosyanın “Əgər İran bircə həftə bizə ərzaq göndərməsə, İrəvan acından ölər” etirafını açıqlayaraq İran-Ermənistan münasibətlərini ən aydın və açıq bir dildə şərh etmişdir.

İranın Ermənistanla ticarətinin tərkibini nəzərdən keçirdikdə məlum olur ki, Rusiyadan sonra bu təcavüzkar ölkəni “yemləyən” qonşu müsəlman İrandır.

Çox qəribə olsa da bu təkzibedilməz bir faktdır ki, İran-Ermənistan işğalçıları tərəfindən 30 ilə qədər olan müddətdə Ermənistanla 132 kilometrlik sərhəddini həmişə ermənilər üçün açıq saxlamışdır.

Azərbaycan ordusu Ermənistanın işğalçı qoşunu üzərində tarixi qələbə qazandıqdan sonra İran rejimi erməni qardaşlarına kömək üçün yollar axtarmağa başlamışlar. Azərbaycan ərazisindən keçərək Ermənistana hər cürə ləvazimat, yanacaq, ərzaq və çoxlu çeşiddə mallar aparan İran maşınlarının qeyri-qanuni hərəkətinə Azərbaycan yol vermədikdə İran Ermənistana yeni yol çəkilişində əlindən gələn yardımı edir ki, bu yol tez başa çatsın. Bu az imiş kimi İran müstəqil qonşusu – Azərbaycanın sərhəddi boyunca qoşun çəkib hərbi manevrlər etməklə qarşı tərəfi (Azərbaycanı) hərbi xofda saxlayır. Bu da nəticə etibarı ilə İranla Azərbaycanın qonşuluq münasibətlərində gərginlik yaradır.

Fars rejimi özünün ağlasığmaz əməllərinə müxtəlif bəhanələr və əsası olmayan tezislərlə haqq qazandırmaq istəyir. Azərbaycan prezidenti İlham Əliyev cənabları “İrana Azərbaycandan hər hansı təhlükənin mövcudluğu haqda kiçik bir faktın olmaması onu göstərir ki, İran Azərbaycanla münasibətlərində qəsdən gərginlik yaratmaq istəyindədir” deməklə son dövrlərdə İranın pərdə dalında gizlədilmiş antiazərbaycan əməllərini tam çılpaqlığı ilə aşkara çıxarmışdır. İrana qarşı Azərbaycan ərazisindən heç vaxt başqa dövlətin iştirak etməsinə yol verilməyəcəyini dönə-dönə etiraf edən İrandakı molla rejiminə bir daha xatırlatmaq yerinə düşər ki,  İranın hər tərəfdən embarqolarla üzləşdiyi bir vaxtda Azərbaycan bu embarqolara nəinki qoşulmamışdır, o bu ağır vaxtlarda həmişə İranın yanında olmuşdur. Bu xoş qonşuluq münasibətləri qarşısında İranın Azərbaycana qarşı fitnəkar addımlarına və qeyri-səmimi əməllərinə nə ad vermək olar? Xəyanət, gözü götürməmək, riyakarlıq, real həqiqətin üzərinə pərdə çəkmək əməlləri kimi qiymətləndirmək olar.

Əkrəm Rəhimli,
AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçi,
Bakı, 13 oktyabr 2021

Şərhlər bağlıdır.