İRANDA AZƏRBAYCAN DİLİNİN ARDINCA CƏNUBİ AZƏRBAYCAN ELİTASI DA SƏHNƏDƏN UZAQLAŞDIRILIR

26 xordad 1400/16 iyun 2021-ci il tarixində Təbrizdə seçiciərlə görüşündə “Azərbaycan bir kəlam, Rəisi vəssalam!!!” şüarı  hayqıran tərəfdarlarından dəstək alan, 28 xordad 1400/18 iyun 2021-ci il tarixində prezident  seçilən  və 14 mordad 1400/5 avqust 2021-ci il tarixində and içərək fəaliyyətə başlayan yeni 13-cü İran prezidenti ayətulla dr. İbrahim Rəisinin Cənubi Azərbaycana və azərbaycanlılara ilk “hədiyyəsi” Qərbi və Şərqi Azərbaycan ostanlarına (əyalətlərinə) təyin etdiyi kürd ostandarlar (valilər) oldu.

Cənubi Azərbaycan İranda sonuncu prezident seçkilərindən sonra tarixin ən ziddiyyətli mərhələsinə qədəm qoymişdur. İslam rejimi ilk günlərdən Pəhləvi rejiminin zorakı assimilyasia və millətçi şovinist siyasətini davam etdirərək Azərbaycan dilini ictimai həyatın bütün sahələrindən sıxışdırıb çıxarmağa, Azərbaycan xalqına qarşı etnosid/etnik kimliyi və linqvosid/etnik dili məhvetmə sahəsində əsaslı uğur qazanmağa paralel olaraq azərbaycanlıları hakimiyyətin bütün qollarından sıxışdırıb kənarlaşdırmaq siyasətini də davam etdirmişdir. 1978-1979-cu illər inqilabın gedişində və İran-İraq müharibəsi zamanı azərbaycanlıların xidmətindən müxtəlif sahələrdə və səviyyələrdə, ilk növbədə döyüş cəbhəsində  geniş şəkildə  istifadə edən rejim  müharibədən sonra meydana gələn nisbi təhlükəsizlik şəraitində ruhanilikdən/dindarlıqdan/islamçılıqdan şovinistliyə, millətçiliyə,  panfarsizmə keçidi sürətləndirdikcə və ya farslaşdıqca əsas rəqibləri olan  azərbaycanlıları hakimiyyətdə iştirakdan kənarlaşdırmağa əsasən  nail olmuşdu. Belə ki, İran-İraq müharibəsindən bu günə kimi keçən zaman ərzində  üç hakimiyyət qolundan heç birinə azərbaycanlı başçılıq etməmişdir. Ölkə əhalisinin 30-40%-ni təşkil edən azərbaycanlılar hakimiyyətdə bir-iki nazir və ostandarla təmsil olunurdular. Yeni  seçilmiş 13-cü prezident İbrahim Rəisi zahirən ruhani, lakin mahiyyətcə qatı fars şovinisti olmaqla azərbaycanlıları icra hakimiyyətinə buraxmamağı qərara alıb. O, azərbaycanlıları  nə nazirlər, nə də prezidentin çoxsaylı müavinləri arasında görmək istəmədi. Özünün bu qərarına qarşı heç bir müqavimətlə rastlaşmayan prezident bir qədər də qabağa gedərək, Qərbi və  Şərqi Azərbaycan əyalətlərinə  kürd ostandarlar/valilər təyin etdi.

Əslində azərbaycanlıların gəlmə ostandarlara münasibətini hələ əvvəllər də yoxlamışdılar. Belə ki, istənilən şəxsi Azərbaycan vilayətlərinə ostandar təyin edirdilər. Azərbaycanı parçalamaq məqsədi ilə hələ 1993-cü ildə o vaxtkı Şərqi Azərbaycan ostanından Ərdəbil şəhristanını ayıraraq onun əsasında   yeni yaradılan Ərdəbil ostanına heç kimə tanış olmayan, amma Rəhbərin etibarlı adamlarından olan sepahçı  M.Əhmədinejad ostandar təyin edilmişdi.

Bir ənənə olaraq  Qərbi və Şərqi Azərbaycan ostanlarına  azərbaycanlı ostandarlar təyin edilirdi. Lakin 2017-ci ildə prezident Həsən Ruhani Qərbi Azərbaycana Xorasndan gətirdiyi bir kürdü ostandar təyin etdi. Qərbi Azərbaycandan olan deputatların  bəzilərinin etiraz etməsinə heç bir dəstək olmadığından təyinat dəyişmədi. İndi də Qərbi Azərbaycana kürd ostanı olan Kermanşahdan ostandar təyin edilməsi heç bir etirazla qarşılaşmadı. Bunu nəzərə alan İbrahim Rəisi Şərqi Azərbaycana da kürd ostandar təyin etdi və həmin təyinata qarşı da heç bir etiraz özünü göstərmədi. Daxili işlər naziri təqdimat mərasimində bildirdi ki, əyalət valisi/ostanın ostandarı onun prezidentidir və bütün idarə başçıları onun rəyi ilə təyin ediləcək.

Beləliklə, Cənubi azərbaycanlılar nəinki öz dili, milli kimliyi, mərkəzi, o cümlədən icra hakimiyyətində iştirakdan, eləcə də həmin hakimiyyətə başçılıq edən prezidentin əyalətlərdə  əsas nümayəndəsi olan ostandar vəzifəsindən də məhrum edildilər. Bunula da  azərbaycanlıların hakimiyyətin əsas  mərkəzi və yerli səviyyələrindən uzaqlaşdırılması başa çatmış oldu. İndi azərbaycanlılar nəinki etnik/milli və mədəni hüquqlardan məhrum edilmiş xalq, eyni zamanda da  xaraktersiz, marginallaşmış elitası  siyasi cəhətdən ayrı-seçkiliyə  uğrayan məhkum bir xalq kimi təsbit edilmiş  oldu.

Qeyd etmək lazımdır ki, azərbaycanlılar mərkəzi hakimiyyətin zorakı assimilyasiya siyasəti həyata keçirməyə başladığı XX əsrin 30-cu illərindən bu yana  hələ belə acınacaqlı duruma düşməmişdilər. Belə ki, istər Rza şahın, istərsə də Məhəmməd Rza şahın hakimiyyəti illərində azərbaycan etnosuna qarşı  etno və linqvosid məhvetmə siyasəti həyata keçirilərkən, azərbaycanlı elita  hakimiyyətin bütün qollarında geniş şəkildə təmsil olunurdu. O zaman belə fikirləşilirdi ki, Cənubi  Azərbaycan elitası özünün dar siyasi, iqtisadi maraqlarını təmin etmək üçün öz xalqının, etnik birliyinin, öz  millətinin əsas, köklü maraqlarını – bir xalq kimi mövcud olma maraqlarını  qurban veridrdi. Hazırki vəziyyətdə isə elita nəinki milli maraqları qurban verir, hətta özünün dar siyasi, iqtisadi maraqlarını təmin etməyə belə qadir deyil. Yəni artıq hakim millətçi fars  rejimi azərbaycanlı elitanın belini tamamilə sındırmışdır.

Bu arada Cənubi Azərbaycanın  son yüz ildə düşdüyü vəziyyətə haqq qazandıran manqurt,  zahirən azərbaycanlı adlandırılan “azəri” ziyalıların “xidmətini” də unutmaq omaz.

Məlum olduğu kimi, həmin azsaylı ziyalılar qeyd edilən dövrün başlanmasından əvvəl  antimilli fəaliyyətə başlamış və özlərinin bu yöndə fəaliyyətlərinə  də azərbacanlı elitanın maraqlarının təmin edilməsinin vacibliyi ilə haqq qazandırmağa çalımışlar. Belə manqurt ziyalıların sayı istər Pəhləvi və istərsə mollakratiya rejiminin  səyi və “qayğısı” ilə daim artıış və son illərdə mütəşəkkil/institusional forma kəsb etmişdir. Manqurtluq/milli satqınlıq və xəyanət yolu tutmuş ziyalıların sistemdən asılı vəziyyətini nəzərə alaraq onların halına acımaq və qismən başa düşmək olar. Lakin onların Şimali Azərbaycanda dindarların hüququnu müdafiəyə qalxması, artıq onların rəzaləti və şərəfsizliyindən xəbər verir. Onlar özlərinin kölə vəziyyətindən narazılıq və narahatlıq ifadə etmək əvəzinə, dünyəvi dövlətdə  tam  dini azadlıq şəraitində yaşayan dindarların hüquqlarını müdafiəyə qalxdıqda kölə vəziyyətlərini bir daha təsdiqləmiş olurlar. Məşhur siyasi bir xadim demişdir ki, kölə vəziyyətindən narazı olan kölə əsil insandır, ona acımaq lazımdır, lakin köləliyi ilə fəxr edən, köləlikdən ötrü ağzının suyu axan kölə isə ən yaramaz, ən şərəfsiz və hər cür lənətə layiq olan kölədir ki, kölədir. İndi Cənubi Azərbaycanda belə kölələrin tam bir nəsli yetişmiş və onlar köləlikləri ilə fəxr etməklə kifayətlənməyərək azad insanlara da köləlik ruhu təlqin etməyə çalışırlar.

Bunlar doğrudan da köləliyi ilə fəxr edən “ziyalılar”dır. Əlbəttə, bunlar dırnaqarası ziyalılardır. Çünki ziyalı  hüququ pozulan, iqtisadi, ictimai vəziyyəti ağır olan xalqın, etnosun, sosial təbəqənin, ayrı-ayrı fərdlərin, yəni başqalarının həqiqi maraqlarına  təmənnasız xidmət edən insanlardır. Dar mənada ziya sözündən çıxış edilərsə,  ziyalı hadisə  və proseslərə elm və obyektivlik, həmçinin yüksək əxlaqi-mənəvi dəyərlər  işığında baxa bilən, düzü düz, əyrini əyri görən və gördüklərini olduğu kimi göstərən  insandır. Ona görə Cənubi Azərbaycanda mövcud olan və öz xalqının maraqlarının əleyhinə xidmət etməkdə dəridən-qabıqdan çıxan “ziyalılar”ı əsl və könülü  kölə adlandırmaq olar. Çünki onlar öz xalqının varlığı uğrunda mübarizə aparmağa qadir deyillərsə, heç olmasa, onun varlığına qarşı mübarizə aprmağa can atmayıb başqa bir işlə məşğul ola bilərlər. Onların  şüurlu şəkildə öz  köləliyinə haqq qazandırmaları və öz kölə vəziyyətləri ilə fəxr etmələri, eyni zamanda azad və müstəqil ölkənin azad və müstəqil  insanlarını  da özləri kimi  kölə görmək istəmələri və köləlik buxovları geyməyə təşviq etmələri isə artıq ən böyük MƏNƏVİYYATSIZLIQ, ƏXLAQSIZLIQ VƏ  RƏZALƏTDİR.

Vidadi Mustafayev,
Bakı, 26 oktyabr 2021

Şərhlər bağlıdır.