Azərbaycan-ruznamessi.org İran saytlarına istinad edərək xəbər verir ki, dekabrın 7-si və ya İran təqvimi ilə Azər ayının 16-ı İran İslam respublikasında Tələbə və Öyrənci günü kimi qeyd edilərkən tələbə xəbərdarlığı kimi yadda qalıb.
Həmin gün, bir qayda olaraq, İran rəsmiləri tələbələrlə görüşür, onların fikirləri ilə tanış olur, ölkə gənclərini narahat edən problemləri öyrənməyə çalışırlar. İran prezidenti İbrahim Rəisi də ənənəyə uyğun olaraq Tələbə Günündə ölkənin ən nüfuzlu və ən yüksək reytinqə malik universitetinə – Şərif Texnologiya Universitetinə gedib və bu təhsil ocağının müəllim və öyrənciləri ilə görüşüb. Görüş barədə geniş məlumat və fotoreportaj İran prezidentinin rəsmi saytında dərc olunub.
Yayılan məlumatdan aydın olur ki, Ayətullah Rəisi tələbələr qarşısında çıxış edərkən, hökumətin tənqidə ehtiyac duyduğunu bəyan edib. Amma o, elə həmin görüşdəcə yəqin ki, gözləmədiyi çox kəskin tənqidlə üzləşib. Elə bir tənqidlə ki, sadəcə ölkədəki nöqsanları və çatışmazlıqları çılpaq şəkildə ifadə etməyib, həm də Rəisinin təmsil etdiyi rejimin statusunu və varlığını sual altına alıb. Söhbət ölkə prezidenti ilə görüşdə Şərif Texnologiya Universiteti Tələbələrinin İslam Cəmiyyəti və ya Əncüməninin katibi Məhəmmədhüseyn Bayatın etdiyi çıxışdan gedir. Necə deyərlər, bomba kimi partlayan bu çıxışın tam mətni Cəmiyyətin sosial şəbəkə hesablarında paylaşıldıqdan sonra bir sıra İran saytlarında da dərc olundu, ölkə və dünya mediasının diqqətini cəlb etdi. Təkcə İran cəmiyyətinin deyil, həm də İran hakimiyyətinin düşdüyü ağır və böhranlı vəziyyətə sözün həqiqi mənasında güzgü tutan bu çıxışın əsas mahiyyəti ilə tanışlıq ölkənin təməl problemlərini anlamaq baxımından faydalı və ibrətamizdir.
Tələbə təşkilatının sədri çıxışının əvvəlində İbrahim Rəisinin prezident seçildiyi seçkilərin və bütövlükdə ölkədə Nəzarət Şurasının, yəni Şoura-ye Negəhbanın tam ixtiyarında olan seçki sisteminin legitimliyini və qanuniliyini sual altına alaraq deyib: “Cənab Rəisi, biz indi sizinlə ümumxalq səsverməsindən və azad seçkidən çıxan bir prezident kimi deyil, hakimiyyətin nümayəndəsi kimi danışırıq. Həmin hakimiyyət inqilabın azadlıq və ədalət ideallarına rəğmən, ötən 40 ildə nəinki xalqa davamlı inkişaf yolunu açmayıb, həm də təkcə İran və İran cəmiyyətini deyil, hətta özünü də müxtəlif böhranlara və superböhranlara qərq edib. Cənab Rəisi, sizdən xahiş edirik ki, xalqın adından danışmaq və ya hansısa siyasəti ona qəbul etdirmək istəyəndə, yadınıza salın ki, siz İslam Respublikası tarixində ən rəqabətsiz, ən aşağı seçici fəallığı ilə keçirilən seçkilərin bəhrəsi olmusunuz. Qüsurlu və səmərəsiz strukturların məhsulu olan bu seçkilər insanları İranda siyasətin formalaşması mexanizmində hər hansı dəyişiklik etmək imkanı ilə bağlı ümidsizliyə düçar etdi. Nəzarət Şurası bu illər ərzində siyasi totalitarizmin keşikçisi və xalqın demokratik seçim imkanı və iradəsinin boğulmasının aləti kimi ölkəni o yerə gətirib çıxarıb ki, vətəndaşların aşağı siyasi iştirakını ört-basdır etmək üçün hər cür əsaslandırmalardan istifadə etməli olur. Nəzarət Şurası yeganə qüsurlu bir qurum deyil. Ölkənin idarəçiliyində qeyri-demokratik siyasətə söykənən çoxsaylı strukturlar yaradılıb və onlar günbəgün səmərəsizlik nümayiş etdirməklə elə bir şərait yaratıblar ki, bir böhranı başqa bir böhranla unutmalı oluruq”.
Məhəmmədhüseyn Bayat daha sonra Rəisinin prezident postuna yiyələnməsindən sonra ölkədə yaranmış hökumətin xarakteri və mahiyyətindən söz açıb, onun korrupsiyaya və mafiya prinsiplərinə söykənən təbiətini birbaşa prezidentin üzünə deyib, onu cavab tələb edən ağır suallarla, necə deyərlər, divara dirəyərək, söyləyib: “Bu gün hökumət sizin əlinizdədir və siz onun hər hissəsini rüşvətxor və ya səriştəsiz güc və sərvət bandalarından birinin nümayəndəsinə vermisiniz. Bu gün Möhsün Rezayidən tutmuş Qazizadə Haşimiyə, Rüstəm Qasimiyə və general Vəhidiyə qədər hər kəs hakimiyyətdən öz payını alıb. Bu gün siz hər bir dövlət postuna Sepah komandanlarını təyin etməklə, İslam Cumhuriyyətinin tarixində təhlükəsizlik orqanları əməkdaşlarının ən çox üstünlük təşkil etdiyi bir kabinet formalaşdırmısınız. İndi sual olunur ki, bu tam yekcins hökumətdə vəd etdiyiniz korrupsiyaya qarşı mübarizə hanı? Haqqında danışdığınız kəskin təbəqələşmənin aradan qaldırılması və ədalətsizliklə mübarizə hanı? O rifah və xalqın minimum dolanışığını təmin etmək vədiniz hanı? O azadlıq və bütün insanların, qadınların və qızların hüquqlarının təmin olunması hanı? Sanksiyaları aradan qaldırmaq vədiniz nə oldu? Söz verdiyiniz o ləyaqətli həyat hanı?”
Tələbə fəalının öz çıxışında toxunduğu digər bir mövzu vətəndaş cəmiyyətinə, bütövlükdə etiraz səsini ucaldan hər kəsə qarşı amansız repressiya və basqı siyasəti olub. O, prezidentə müraciətlə deyib: “Cənab Rəisi, 2019-cu ilin noyabrında axan qanlardan yəqin ki, xəbərdarsınız, eləcə də susuz Xuzistan və İsfahan əhalisinə qarşı repressiyalardan xəbəriniz var. Siz bizə deyin, bu etirazların sərt şəkildə basqılara məruz qalması o deməkdir ki, hakimiyyət nəinki xalqla danışmaq qabiliyyətini itirib, həm də ümumiyyətlə özünü qorumaq üçün onu atəşə tutmalı olduğu fikrini qəbul edib? Sizin tələbələr və müəllimlərə cinayət işləri açılması haqqında məlumatınız varmı? Universitetimizin iki öyrəncisi Əli Yunesi və Əmir Hüseyn Moradinin iki ildən artıqdır ki, həbsdə olduğunu bilirsinizmi? Bilirsinizmi ki, məhkəmə hakimiyyətinə başçılıq etdiyiniz dövrdə məhkəmələr şəffaf və açıq məhkəmə prosesi keçirib Ukrayna sərnişin təyyarəsinin raketlə vurulmasının əsas günahkarlarına qarşı operativ və qəti tədbirlər görmək əvəzinə, bu cinayətə etiraz edən tələbələri mühakimə etdilər?”
Bu cavabsız sualların ardınca Tələbə Cəmiyyətinin sədri İbrahim Rəisiyə və onun simasında ümumən İslam rejimi başçılarına ciddi bir xəbərdarlıqla sözünə yekun vuraraq deyib: “Cənab Rəisi, əvvəldə dediyimiz kimi, biz sizi hakimiyyətin nümayəndəsi hesab edirik və sizə bu xəbərdarlığı etməyi lazım bilirik! Mövcud böhranlı vəziyyətdən qurtulmaq üçün rasional, təcrübəyə əsaslanan və təsirli bir həll yolu təklif etməsəniz, xalqdan elə bir cavab alacaqsınız ki, ola bilər, tez və sürətli olmasın, lakin mütləq inqilabi və qətiyyətli bir cavab olacaq”.
İranlı tələbənin əsas yerlərini işıqlandırdığımız bu çıxışı İslam Respublikası rejiminin düşmüş olduğu və İranda yaşayan xalqları da düçar etdiyi acınacaqlı durumun ümumi mənzərəsini çox dəqiqliklə ifadə edir və əsas cəhətləri ilə göz önündə canlandırır. O da nəzərə alınmalıdır ki, bu fikirləri İrandan xaricdə yaşayan hansısa şahçı, liberal və ya solçu siyasi şəxsiyyət deyil, ölkədə yaşayıb oxuyan bir gənc, özü də rejim təmsilçilərinin qarşısında tribunadan deyir. Yəni onun yanılmaq, gerçəkliyə uyğun olmayan fikirlər söyləmək ixtiyarı yoxdur. Odur ki, İran rejiminin təbliğatının təsiri altında onu az qala ideal dövlət modeli kimi görənlərin, İslam Respublikasını dinin qalası, müsəlman aləminin, ən azı dünya şiələrinin pənahı kimi təsəvvür edənlərin bu cəsur gəncin sözlərinə qulaq asması çox faydalı olar.
Şərhlər bağlıdır.