1 YANVARDA DÜNYAYA GÖZ AÇANLARIMIZ

GÖRKƏMLİ ALİM RAFİQ ƏLİYEVİN 75 YAŞINI...

Çox hörmətli  və dəyərli Rafiq Yəhya oğlu Əliyev, 75 yaşınız mübarək!

Siz bu dünyaya bizim və bir çox dünya xalqlarının, dövlətlərimizin fəaliyətində rəsmi olaraq istifadə edilən Milad təqviminin ilk ayının ilk günündə – Yanvar ayının 1-də dünyaya gəldiniz. Bu təqvimə uyğun olaraq, bütün dünya bu gün yeni ilin bayram axşamını, xalqımız isə yeni qələbələr qazanmaq ümidi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük təntənə ilə qeyd edir.

Bu əziz gündə mən də Sizi doğum gününüz münasibətilə təbrik edirəm! Sizə möhkəm cansağlığı arzu edirəm və məncə, insan üçün ən mühüm olanı budur!

Sağlam bədən sağlam ruhun daşıyıcısıdır. Allahın insanlara əmanət etdiyi həmin ruhu sağlam bədəndə daşımaq, ona xidmət etmək ən böyük məsuliyyətdir.

Siz bu məsuliyyəti yaşadığınız bütün ömrünüz boyu çox ciddi bir şəkildə daşıdınız, Allahın sizə əmanət etdiyi ruha layiqincə və şərəflə xidmət etdiniz.

Sizə gözəl günlər arzulayıram, bununla belə sizi tanıdığım qədər onu da bilirəm ki, Siz özünüz gözəl günləri yaradan və onu başqalarına bəxş edən insanlar sırasındasınız!

Xalqına, millətinə və ümumiyyətlə insanlığa səmimiyyət və sədaqətlə xidmət etmək dünyada gözəl günləri yaratmaq işlərindəndir. İnsanlar üçün gözəl günlər və gözəl şəraitlər yaratmaq ən şərəfli xidmətlərdəndir. Bu iş Allaha da xoşdur, onun bəndəsinə də!

Uca Allahın insanlara yerdə gözəl yaşayışlarını qurmaq və onu idarə etmək üçün göndərdiyi müqəddəs “Qurani-Kərim” kitabını, onun məzmun və məqsədini, ondakı fikirləri 1400 ildən artıq bir müddətdir ki, tərcümələrdə, təfsirlərdə, cild-cild elmi-tədqiqat əsərlərində, insanlarla birbaşa ünsiyyətdə, elmi və dini toplantılarda, moizələrdə, xütbələrdə, filmlərdə izah edib başa salmağa çalışan minlərlə alim, tədqiqatçı, təbliğatçı, dinşünaslar və mədəniyyət xadimləri olub. Həmin fəaliyyətlərin və onların nəticələrinin məzmunu ilə qədərincə tanışam, amma bu müqəddəs məram və məqsədləri, onları ifadə edən fikirləri ən sadə və səmimi dillə yazan, insanlara ən doğru və düzgün olanını deyən sizi gördüm.

Bugünkü yeni gənc nəsil üçün həyatımızda baş verən hadisələri, onların elmi-fəlsəfi məzmununu və dini mənasını ən sadə və anlaşılan bir dildə açıqlayan, minlər və milyonlarla oxucu ilə birbaşa ünsiyyət qura bilən sizi gördüm.

Siz əslində bu gün üçün böyük bir fəlsəfi məktəb yaratmısınız! Sizin yaratdığınız və insanlar üçün miras qoyduğunuz əsərləriniz bu məktəbi, ideyalarınızı, məram və məqsədinizi uzun illər yaşadacaqdır, yeni gənc nəslə həyatı olduğu kimi qavramaq, yaşamaq məsuliyyətini dərk etmək, düzgün münasibətlər qura bilmək işində böyük yardımçı olacaqdır.

Allah, kainat və günümüzdə baş verən ən mühüm və lazımlı hadisələrı, onların məzmun və mənası, baş vermə səbəbləri barədə xəbərləri insanlara çatdıran şəxslər həmişə müqəddəslər sırasında dayanmışlar (“peyğam” və ya “peyam” xəbər deməkdir, “bər” isə daşıyan mənasındadır. “Peyğəmbər” və ya “peyambər”, yəni insanlar üçün “xəbər daşıyan” və ya “xəbər aparan”). Bu gün Siz insanlara belə bir xidməti göstərirsiniz, həm də təmənnasız, reklamsız və təbliğatsız!

Yazıb-yaratdığınız əsərləriniz, saysız elmi və publisistik məqalələriniz buna əyani misaldır.

1) “Demokratik Yəmən ictimai tərəqqi yolunda”, Bakı, “Elm”, 1975.

2) İslam “Milli sosializm” konsepsiyasında (Əlcəzair, Misir, Cənubi Yəmənin timsalında), Bakı, “Elm”, 1986.

3) “İslam və ərəb ölkələrində milli azadlıq hərəkatı” (azərbaycan dilində), Bakı, “Elm”, 1985.

4) “İslamizm, ərəbizm, sosializm” (rus dilində), Bakı, “Elm”, 1994 kimi tarixi-fəlsəfi və fəlsəfi-siyasi məzmunlu kitabları və bir sıra müvafiq məzmunlu məqalələri yazıb ortaya qoymaqla 20-30 il oncədən Yaxın və Orta Şərqdə bu gün baş verən hadisələri proqnozlaşdırmış oldunuz, onların mahiyyətini və mümkün nəticələrini izah etdiniz.

5) “Kasıbçılıq, diktatura, ədalətsizlik” (rus dilində), Bakı, “Apostroff”, 2011.

6) “Kapitalizmsiz yeni Avropa” (rus dilində), Bakı, “Apostroff”, 2011 kimi əsərlərinizdə Avropada baş verəcək dərin iqtisadi böhranları öncədən insanlara açıqladınız.

7) “İslam və Azərbaycan mədəniyyəti” (ərəb dilində), Dubay, 1996;

8) “İslam və Azərbaycan mədəniyyəti” (Orta əsr Azərbaycanının mədəni inkişafının əsas xüsusiyyətləri – tarixi-elmi analiz), (ingilis, fransız və ərəb dillərində, 1 kitabda), ISESCO, Rabat, Mərakeş, 1996 kimi kitabların çapı ilə Azərbaycan milli varlığını, milli-mənəvi dəyərlərini bütün dünyaya tanıtmağa ciddi cəhdlər etdiniz, əsl vətənpərvərlik nümunəsi göstərdiniz.

9) “İslam” (azərb. dilində), Bakı, “İrşad” Mərkəzi, 2000.

10) “Dinin əsasları” (azərb. və rus dillərində, 2 kitabda), dərslik, Bakı, 2001-2004.

11) “Dövlət və din” (azərbaycan, rus və ingilis dillərində, 3 kitabda), Bakı, 2004 kimi əsər və dərslikləri yazıb ortaya qoymaqla din-dövıət münasibətlərinin Vətənimizdə düzgün əsaslarda tənzimlənməsinə, dini konsepsiyanın əsaslarının işlənib hazırlanmasına, qarşıdakı uzun illər ərzində düzgün dini siyasətin yeridilməsi üçün əsaslı zəmin yaradılması işinə böyük xidmət göstərmiş oldunuz.

12) “İslamda ailə-nikah münasibətləri” (azərbaycan dilində). Bakı, “İrşad” Mərkəzi, 1999.

13) “Romantizm körpəsi” (rus və ingilis dillərində, 2 kitabda), Bakı, 2009.

14) “Səmimi söhbət” (rus və ingilis dillərində, 2 kitabda), Bakı, 2009.

15) “Varliq sandığında” (rus dilində), Bakı, “Apostroff”, 2011 adlı əsərlərinizdə Allah-isan, kainat-insan, cəmiyyət-insan, insan-insan kimi ciddi, mürəkkəb və çətin münasibətlər sistemini çox sadə və səmimi elmi bir dildə ortaya qoydunuz və hətta, birbaşa ünsiyyət qurmaqla saysız oxucularınızla bölüşdünüz də!

Rafiq müəllim, yaratdığınız bu fəlsəfi məktəbin adı:

– sadəlikdir;

– səmimiyyətdir;

– ünsiyyətdir;

– təvazökarlıqdır;

– xeyirxahlıqdır;

– gözəl davranış və əxlaqdır;

– yorulmaz və davamlı elmi araşdırmalar və axtarışlardır;

– xalqa təmənnasız xidmətdir;

– vətənpərvərlikdir;

Siz bu gözəl işləriniz və əməllərinizlə gözəl günləri yaratdınız. Gözəl günləri yaradanlara isə heykəllər ucaldırlar. Bu heykəli də özünüz yaratdınız – daşsız, kəsəksiz, çəkicsiz, baltasız və külüngsüz. Bu cür heykəllər heç bir xarici təsirə məruz qalmadan əbədi yaşayır, uçmur, dağılmır!

Bir daha doğum günü münasibətilə təbrik edirəm. Var olun!!!

Mən də Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2022-ci Milad ili münasibətilə bir daha təbrik edirəm, cansağlığı arzulayıram.

Dərin hörmətlə,
Səməd Bayramzadə

Şərhlər bağlıdır.