QAZAXISTANDA HADİSƏLƏR DRAMATİK ŞƏKİL ALIR

Qazaxıstanda baş verən hadisələr, təəssüf ki, getdikcə daha çox dramatik xarakter alır və olduqca təhlükəli ssenari üzrə cərəyan edir. Mövcud problemlər hələ ki, tərəflər arasında dialoq, müzakirə və vətəndaş həmrəyliyi yoluyla deyil, daha çox qarşıdurma və silahlı güc tətbiqi vasitəsilə həll edilməyə çalışılır. Artıq ölən və çoxsaylı yaralananlar var. Və məlumat agentliklərinin verdiyi xəbərə görə, vəzyiyyəti nizama salmaq məqsədilə hakimiyyət ölkəyə xarici dövlətlərin hərbi qüvvəsini cəlb etmək barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət göndərib. Və artıq hərbi qüvvələr ölkəyə gəlməkdədir.

Ölkənin qarşısında duran daxili problemlərin öz xalqı ilə dialoq və müzakirə yoluyla həll edilə bilinməməsi, bunun üçün xarici ölkələrin hərbi qüvvəsinin cəlb edilməsi, təəssüf ki, Qazaxıstanın suveren dövlət imicinə müəyyən kölgə salmaya bilməz. Bu, acı bir həqiqətdir.

İlk görünüşdə birdən-birə, gözlənilməz şəkildə ölkədə yaranan bu ictimai-siyasi böhran, bəzən deyildiyi kimi, sadəcə xarici qüvvələrin təxribatı və planları nəticəsində meydana çıxa bilməzdi. Əgər bu versiya, yəni xarici agenturanın ölkədə bu dərəcədə təsir gücünə sahib olması qəbul edilərsə, o zaman hər kəs razılaşmağa məcbur olar ki, Qazaxıstan dövlətinin tarixi və ictimai bünövrəsi olduqca zəif, dayaqları kövrəkdir.

Zənnimcə, elə deyil. Bu gün yaranmış acınacaqlı vəziyyət, əslində, ölkənin iqtisadi, ictimai və siyasi həyatında illər və onillərlə ciddi problemlərin yığılıb gərəkli həllini tapmaması səbəbindən son günlər vətəndaş qarşıdarması şəklində özünü göstərir. Çünki tarix, onu sevməyənləri, onun dərslərini inkar edənləri, onun təcrübəsindən ibrət almayanları hər zaman ağır şəkildə cəzalandırır.

Minillik tarixi təcrübənin birinci dərsi isə ondan ibarətdir ki, “Ədələt mülkün təməlidir”. Yəni ictimai-siyasi sabitliyin əsası sosial ədalətdir. İnsanlar o zaman həyatlarından razı olurlar ki, özlərini cəmiyyətin tam hüquqlu üzvü hiss edir, qanunun aliliyini, onun var-dövləti və vəzifəsindən asılı olmayaraq hər kəs üçün eyni tətbiq olunduğunu görür, ictimai sərvətin cəmiyyətin bütün təbəqələri və üzvləri arasında ədalətli bölündüyünün şahidi olurlar. Belə olan halda dövlətlə vətəndaş arasında üzvi əlaqə, doğmalıq hissi yaranır, insanlar dövlətə ögəy nəzərlə baxmır, əksinə, onun keşiyində durur.

Çox təəssüflər olsun ki, yeraltı və yerüstü sərvətlərinə və ərazisinin genişliyinə görə dünyanın ən zəngin və böyük ölkələrindən biri olan Qazaxıstanda, görünür, bu həqiqətlər onilliklərlə kifayət qədər nəzərə alınmayıb. Şübhəsiz, bu qardaş ölkənin iqtisadi inkişaf baxımından uğurları da böyükdür. Ancaq son hadisələr və insanların qəzəbi göstərir ki, sosial ədalət prinsipləri lazımi səviyyədə gözlənilməyib, mövcud elitalar dövlətin və cəmiyyətin maraqlarından çox özlərinin şəxsi maraqlarını təmin etməklə məşğul olublar.

Bu hadisələrdə xarici qüvvələrin təsiri varmı? Şübhəsiz. Qazaxıstan kimi zəngin, lakin kifayət qədər güclü olmayan bir ölkədə ortaya çıxan belə ciddi qarşıdurma şəraitində mütləq müxtəlif xarici qüvvələr vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Şübhəm yoxdur ki, ümumiyyətlə, bu qüvvələrin mənafeyi ilə qazax xalqının maraqları üst-üstə düşmür.

Son illərdə Ukraina, Suriya, Liviya və digər bir sıra ölkələrdə bu qəbildən olan hadisələr göstərdi ki, əgər ölkədə kifayət qədər vətənpərvər, maarifpərvər və ağıllı elita yoxdursa və bu elita mövcud problemləri daxildə dövlətin və xalqın mənafeyi istiqamətində öz gücü ilə həll etməyə qadir deyilsə, o zaman, xarici güclərin müdaxiləsi iqtisadiyyatın talan olunması, ictimai və etnik-dini qarşıdurmanın yaranması, bəzən isə vətəndaş müharibəsi və dövlətin parçalanması ilə nəticələnə bilər.

Dünya və beynəlxalq siyasət güllü-gülüstan deyil, ağıl və təmkin tələb edən mürəkkəb bir şahmat oyunudur. Bəzən isə daha çox vəhşi cəngəllikləri xatırladır. Beş-on addım irəlini görməyən, önündəki təhlükələri vaxtında sezib tədbirini almayanları bağışlamır.

İnanıram ki, müdrik qazax xalqı, qardaş Qazaxıstan dövləti özünü bu mümkün qaramsar ssenarilərdən qoruya biləcək. Bu, ağır bir sınaqdır və hamının nəzərə almalı və öyrənməli olduğu tarixi təcrübədir.

Şahin Mustafayev,

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik

Şərhlər bağlıdır.