PƏRVİZ HADİ AZƏRBAYCAN İDMANÇILARINA QARŞI AYRISEÇKİLİKDƏN DANIŞDI

Təbriz Şəhər Şurasının İdman və Gənclər Komissiyasının başçısı, tanınmış güləşçi Pərviz Hadi hökumətin Azərbaycanın Güneyinin Şərq əyalətində idman sahəsinə etdiyi ayrıseçkiliklərdən danışıb. Onun fikirləri Təbriz TV-də yayımlanıb.

Təbrizli idmançı bildirib ki: “Ruhani hökumətinin Azərbaycan idmançılarına etdiyi zülmü unutmayacağıq”.

Pərviz Hadi illər öncə Təbrizin İdman Təşkilatının ləğv edildiyinə narazılığını bildirib.

“Nəticədə bir çox idmançıların başqa yerlərə köçməsinə, bu sahənin acınacaqlı duruma düşməsinə səbəb olub”.

Pərviz Hadi ayrıseçkiliyi Ruhani hökumətinin başçılıq etdiyi keçmiş iqtidarın Təbrizin idmanına etdiyi zülmlərlə bağlayıb. O deyib ki, bunu heç zaman unutmayacağıq.

Qeyd edək ki, Pərviz Hadi Təbrizin ən güclü güləşçilərindən biri sayılır və İran çempionatları ilə yanaşı müxtəlif beynəlxalq yarışlarda dəfələrlə qızıl medal qazanıb.

2021-ci ildə Asiya çempionatının seçmə mərhələsində bütün rəqiblərinə qalib gəlməsinə baxmayaraq, onun yarışlarda iştirakına icazə verilməyib.

İdmançının hökumətə qarşı tənqidi fikirlər səsləndirməsi, İdman Nazirliyinin fəaliyyətinin yarıtmaz olmasıyla bağlı çıxışları ilə əlaqələndirilir.

Pərviz Hadi oktyabr ayında da Təbrizin idman sahəsindəki ağır durumu ilə bağlı çıxış edərək, bu sahənin son illər məhvə doğru aparıldığını dilə gətirmişdi: “Son 4 ildə Təbriz bələdiyyəsi nəzdində fəaliyyət göstərən və idmançılarının 95%-nın yerli olduğu 40 idman komandası dağıldı. Belə gedərsə olub-qalan idman komandaları və klubları da dağılacaq”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.