TƏBRİZDƏ YAQUB SADİQ CAMALININ QURULUŞUNDA “KOROĞLU” TAMAŞASININ AFİŞASI ASILIB

“Təbriz-e Bidar” (Oyaq Təbriz) saytının məlumatına görə, “Koroğlu” tamaşasının yazıçısı və rejissoru Yaqub Sadiq Camali media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib: “Bu tamaşa 2000-ci ildə Təbrizdə tanınmış sənətkarların iştirakı ilə səhnəyə qoyuldu və tamaşaçılar tərəfindən böyük maraq və o dərəcədə rəğbətlə qarşılandı ki, səhnədə 58 dəfə ifa edildi”.

Bu tamaşanın Naxçıvan Muxtar Respublikasında və Türkiyədə səhnəyə qoyulmasına toxunan Sadiq Camali bildirdi ki, həmin ildə Koroğlu tamaşası Təbrizi ölkənin teatr sahəsində ən populyar şəhərinə çevirdi.

“Koroğlu” tamaşasının müəllifi müsahibəsində əlavə olaraq dedi: “İllər keçəndən sonra biz hiss etdik ki, tamaşanın yenidən nümayişi üçün məkan hazırdır və onu səhnəyə çıxara bilərik”.

O, daha sonra qeyd etdi: “Təbrizdə teatr tamaşaları üçün böyük ixtisaslaşdırılmış zal yoxdur.

İranda teatr iki ilə yaxın idi ki, bağlanmışdı. Teatr və musiqi nümayiş edilən salonlarında bütün sağlamlıq protokollarına əməl olunur, çünki bütün yaxınlarımızın sağlamlığı bizim əsas prioritetimizdir”.

“Koroğlu” tamaşasının aktyorlarından Camal Saqinejad bunu belə izah edib: “Korona olmasaydı, məncə, bu tamaşa 3-4 ay səhnədə olacaqdı. Ümid edirik ki, media yenə bizə kömək edəcək ki, insanlar yenə də əsəri yaxşı qarşılasınlar”.

“Koroğlu” tamaşasının xoreoqrafı Pedram Nazer Ədl deyib: “Bu tamaşada biz Azərbaycan xalqına Azərbaycanın tarixini və mədəniyyətini göstərəcəyik. Gözəl milli musiqi, rəqs və məharətli aktyor hərəkətlərindən istifadə etməklə səhnəyə yaxşı bir tamaşa gətirəcəyik”.

Rejissorun müşaviri Səidə Hamed sözünə belə davam edib: “Bir çox problemlərə baxmayaraq, biz komanda olaraq 120 tamaşa səhnələşdirə bildik və ümid edirik ki, bu tamaşa ilə mədəniyyətimizi gənc nəslə ötürə biləcəyik”.

Tamaşanın bəstəkarı Qulamrza Mirzəzadə bildirmişdir: Musiqinin hərəkət və rəqsləri tamaşa ilə uzlaşdırılaraq əvvəlki tamaşaya nisbətən yenilənmiş və Koroğlunun musiqisini ifa edərkən biz də tardan, qara neydən, qarmondan bəhrələnmişik”.

Tamaşanın digər aktyorlarından Solmaz Haşimi sonda dedi: “Bir neçə ildən sonra professorların və dostların köməyi ilə bu möhtəşəm əsəri səhnəyə çıxara bildik”.

“Koroğlu” tamaşası yanvar ayının 27-dən fevralın 19-a kimi Təbrizin “29 Bəhmən” Mədəniyyət-Bədii Kompleksində səhnəyə qoyulacaqdır.

Şərhlər bağlıdır.