VAŞİNQTONDAN TEHRANA GÖZLƏNİLMƏZ JEST: 

“ABŞ İRANA BIR GÜLƏN DIŞINI GÖSTƏRSƏ, İRAN...”

ABŞ Vyana danışıqlarının davam etdiyi bir məqamda İrana tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edib.

Co Bayden administrasiyası Tehranla danışıqların 2015-ci il nüvə sazişinin bərpasının son mərhələsinə daxil olması ilə əlaqədar İranın mülki nüvə fəaliyyətlərinə dair bəzi sanksiyalardan imtinanı bərpa edib. ABŞ-ın Dövlət katibi Entoni Blinken mülki məqsədlərlə nüvə fəaliyyəti ilə bağlı fərman imzalayıb. Dövlət Departamenti bəyan edib ki, bu addım siyasi mülahizələrə əsasən atılıb.

Sanksiya istisnaları xarici ölkələrə və şirkətlərə İranın Buşehr Atom Elektrik Stansiyasında, Ərak ağır su stansiyasında və Tehran tədqiqat reaktorunda mülki layihələrdə işləməyə imkan verir. Bu imtina Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində İranın nüvə proqramının qeyri-hərbi hissələri ilə bağlı əməkdaşlıq edən Rusiya, Çin və Avropa ölkələrinə qarşı sanksiyaları ləğv edir.

Lakin İran nüvə proqramənda ABŞ-ın konsensusa gəlmək cəhdlərinin qarşılığında heç bir güzəştə getməyəcəyini bəyan edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani bəyan edib ki, ölkənin sülhməramlı nüvə hüququ heç bir razılaşma ilə məhdudlaşdırılmayacaq.

Bu barədə Şəmxani özünün “Twitter” hesabında etdiyi paylaşımda qeyd edib:

“İranın sülhməramlı nüvə sahəsindəki imkanlarını və nailiyyətlərini qorumaq və inkişaf etdirmək, təhlükəsizliyini zərərli hərəkətlərdən qorumaq İranın qanuni haqqıdır və heç bir razılaşma ilə məhdudlaşdırıla bilməz”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə Prezident İbrahim Rəisinin son aylar həyata keçirdiyi səfərləri zamanı Qərbə rəsmi Tehranın Vyana danışıqlarında fəal iştirak etdiyinə dair mesaj verdiyini və sanksiyaların ləğvi üçün danışıqlar masası arxasında siyasi oyunları qəbul etməyəcəyini deyib.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın Cebhe.info-ya açıqlamasını Azerbaycan-ruznamesi.org təqdim edir.

İranın nüvə proqramı ilə bağlı kompromisin əldə olunması üçün yekun qərarı bu ölkənin ali lideri Ayətullah Seyid Əli Xameneyi vermək səlahiyyətinə malikdir:

“Xameneyi hələlik məsələyə münasibət bildirmədiyinə görə, İran rəsmilərinin açıqlamaları həlledici təsirə malik deyil. İran hakimiyyətindəki qüvvələr birmənalı deyil. Bir qüvvə mühafizəkardır, ənənəvi xəttin tərəfdarıdır və ABŞ-a İsrailə, Qərbə qarşı sərt mövqe tutur. Qərblə əməkdaşlığı qəbul etmirlər. Digərə tərəf isə ABŞ-la, İsraillə münasibətlərin yumşalmasının tərəfdarıdır.

Əli Şəmxani kimdir? O, müşavirdir və hökumətdə təmsil olunmur. Əsas söz sahibi Ayətullah Seyid Əli Xameneyidir. Heç kim İranı təhdid etmir. Əksinə bu addımlar İranın iqtisadiyyatının düşdüyü ağır böhrandan xilas olmasına yönəlib. İranın iqtisadiyyatı çökür və ciddi problemləri var. Belə şəriatdə İranın təhlükəsizliyi üçün daha çox təhlükə yaranır, nəinki mühafizəkar mövqedən çıxış edərək heç bir kompromisə gedilmədiyi halda.

Bir müddət əvvəl İran rəsmiləri bəyan edirdilər ki, Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı irəliləyişlər var və bu proses yekunlaşmaq üzrədir. Bu gün həmin mərhələlər həyata keçirilir. ABŞ-ın İrana qarşı bir sıra sanksiyaları yumşaltmasında məqsəd həm Yaxın və Orta Şərqdə, həm də Rusiya-Ukrayna münasibətlərində yaranmış gərginliklə bağlıdır.

Ola bilsin ki, İranın energetika sahəsinə tətbiq olunan sanksiya yumşaldılsın. Bu qərar da Rusiyaya qarşı tədbirlərlə bağlı ola bilər. Ona görə də İran rəsmilərinin bu cür hay-küy salan açıqlamaları daxildəki qüvvələri və müttəfiq dövlətləri sakitləşdirmək məqsədi daşıyır. Əgər ABŞ İrana bir gülən dişini göstərsə, İran Amerikaya 32 dişini göstərər. Yəni İran hakimiyyəti ABŞ-la münasibətləri normallaşdırmağın çoxdan tərəfdarıdır.

Çünki ABŞ-la İranın tarixi müttəfiqliyi olub. Rusiya isə İranın tarixən İranla rəqib olub, hətta bu iki ölkə arasında düşmənçilik də olub. Rusiya ilə İranın müttəfiqliyi uzun sürmür. Hesab edirəm ki, istər Əli Şəmxaninin, istər Hüseyn Əmir Abdullahianın bəyanatları daha çox ictimai məzmun daşıyır. Əgər Xameneyi bu fikirdə olsaydı, o halda bu mövqe ilə hesablıaşmaq olardı. Ancaq Xameneyi öz fikrini deməyib. Bu proses ABŞ-ın istədiyi istiqamətdə və İran hakimiyyətində qərbyönlü qüvvələrin istədiyi yöndə davam edir”.

Şərhlər bağlıdır.