M.C.BAĞIROVUN NƏSİLLƏRƏ NÜMUNƏ MİSALI

TƏLƏBƏ BALODYANI MAŞINSIZ, PULSUZ, ÇANTA İLƏ MƏKTƏBƏ GÖNDƏRDİ

Mir Cəfər Bağırovun oğlu Volodya şagird olanda məktəbdə özünü pis aparır, lovğa-lovğa gəzir, ona-buna sataşır, dərs oxumur, müəllimlərin sözünə baxmır, məktəbə maşınla gəliridi… Ancaq onu intizama dəvət etməyə, barəsində pedaqoji-tərbiyəvi tədbir görməyə, valideyninə xəbər eləməyə heç kəsin cəsarəti çatmır. Necə yəni, Mir Cəfər Bağırova söz demək olardı?

Günlərin bir günü səbr kasası daşmış müəllimə – sinif rəhbəri, hamının gözü qabağında “Volodya, qalx ayağa, sabah səhər valideyninlə gəlməsən, səni dərsə – sinfə buraxmaycağam. Eşitdin?!” deyir. Qulaqlarına inanmayan bu ərköyün, ipə-sapa yatmayan uşaq yavaşdan “bəli, eşitdim” deyə cavab verir.

Sabahkı gün… Məktəb direktorunun otağının qapısı astaca döyülür.

– Buyurun.

Çeşməyinin şüşələri bərq vuran Bağırovun bir addımlıqda oğlu Volodyanın əlindən tutaraq onun qarşısında adi, mülayim görkəmdə dayandığını görən direktor istəyir yerindən qalxsın, qalxa bilmir, istəyir danışsın, danışa da bilmir.

Bağırov deyir: “Müəllim, mən də müəllim olmuşam, narahat olmayın, özünüzə gəlin. Sizin qarşınızda sizin yüzlərlə şagirdinizdən birinin – əlindən tutduğum bu uşağın atasıdır dayanan. Mən adicə bir valideynəm. Volodyanın sinif rəhbəri məni çağırtdırıb” deyir. Bir təhər özünə gələn direktor deyir:

– Axı o, nə cürətlə, yoldaş Bağırov, belə dəhşətli özbaşınalığa yol verib. Yoldaş Bağırov, indi bir nəfərin ucbatından hamımız…

– Xeyr, əksinə. Sizə təşəkkür edirəm ki, məni xəbərdar etmisiniz, ailəmizdən övlad faciəsini uzaqlaşdırmısınız… Xahiş edirəm sinif rəhbərini bura dəvət edin.Sinif rəhbəri belə görüşə daxilən hazır olduğu üçün özünü itirmir, ancaq, hər halda vücudundan xəfif bir üşütmə keçir. Zarafat deyil… Olmadı elə, oldu belə.

– Yoldaş Bağırov, ayrı əlacım yox idi, Volodya əldən gedirdi.- Aydındır, müəllimə, çox sağ olun.

Görünür cəsarət, kişilik nəinki ölkə rəhbərinə – hətta, yox, “hətta” nə üçün, hökmən sinif rəhbərinə də lazımmış. O vaxtdan Volodya (Vladimir Bağırov) məktəbə maşınsız, pulsuz, iddiasız, hamı kimi əlində-çiynində şagird çantası gəlib-gedir. Volodyanın qəlbini bir iftixar hissi də bürümüşdü. Onun sinif rəhbəri məktəbin direktoru olmuşdu…

 Şahlar Əsgərov

Şərhlər bağlıdır.