Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi faktını beynəlxalq ictimaiyyət və vasitəçilər də təsdiqləyiblər. Ayrı-ayrı dövlətlərin başçılarının rəsmi Bakıya təbrik məktublarında və əməkdaşlığa dair bəyanatlarda bu məsələ də öz əksini tapır. Bundan başqa, Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə bunu bir daha təsdiqləyir. Azərbaycan tərəfi torpaqların işğaldan təmizlənməsi ilə bağlı apardığı 44 günlük əks-həmlə əməliyyatı ilə həm də BMT-nin və beynəlxalq hüququn düşən nüfuzunu qaldırdı.
Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə kifayətlənməyib. Həmin ərazidəki binaları – yaşayış evlərini, mülkləri, inzibati binaları, məktəbləri, xəstəxanalar, uşaq bağçalarını, müxtəlif istirahət mərkəzlərini, dini ibadət yerlərini və s. yerlə bir edib. Qəbiristanlıqları dağıdıb, əkin yerlərini yandırıb, meşələri talan etməklə ekologiyaya ziyan vurub. Ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara etdiyi cinayət əməllərinə toxunmadan qeyd etmək istərdik ki, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib. Nəticədə dinc sakinləri qətlə yetirib yaşayış məntəqələrini dağıdıb, talan edib, yandırıb.
Yeri gəlmişkən, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi dağıdılıb. Ağdam Çörək Muzeyi yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb. Şuşanın işğalı nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi viran edilib. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək eksponatı, dahi bəstəkar Üzeyir Hacıbəylinin, böyük müğənni BüIbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin, Ağdam, Qubadlı və Zəngilan Tarix-Diyarşünaslıq muzeylərinin fondları qarət edilib. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı Xatirə Muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının Tarix-Diyarşünaslıq muzeyləri də dağıdılıb. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında qeyri-qanuni arxeoloji qazıntılar aparıb, məzarlar, qəbirüstü abidələr dağıdılıb. Otuz ilə yaxındır ki, işğal altında qalan ərazilərdə ekoloji cinayətlər törədilib. Bölgədəki biomüxtəliflik məhv edilib, meşələr qırılıb, faydalı qazıntı yataqları talan edilib, su anbarları və ətraf mühit qəsdən çirkləndirilib. Ən əsası isə təcavüz nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub və yaralanıb, bir milyondan çox insan isə doğma yurdundan didərgin düşüb. Törətdiyi bu bəşəri cinayətlərə görə Ermənistanın keçmiş və indiki rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycana vurulan maddi-mənəvi ziyanın ödənilməsi beynəlxalq hüquq və təşkilatlar səviyyəsində gündəmə gətirilməlidir.
Ermənistan işğal dövründə 50 min azərbaycanlını soyqırımına və təcavüzə məruz qoyub. Erməni vəhşiliyini təsdiqləyəcək çoxsaylı cinayətlərdən ikisini yada salmaq istərdik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırımı törədilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan digər soyqırımı isə 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində törədib. Ermənilər törətdiyi cinayət nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıblar. Onlar kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verib, 67 nəfəri isə amansızlıqla qətlə yetiriblər. Bundan əlavə, 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb.
Ermənistan bu əməlləri ilə beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə cinayətlər törədib. Ermənistanın əməllərində “adamöldürmə”, “əhalini məhvetmə”, “işgəncə” , “qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa ciddi ziyan vurmaqdan ibarət olan digər analoji xarakterli qeyri-insani hərəkətlər” və s. cinayət əməlləri var. Bu və başqa belə ittihamlar onun Beynəlxalq Ədalət Məhkəməsi qarşısında məsuliyyət daşımasına əsas verir. Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Statutunun 38-ci maddəsinə uyğun olaraq, Beynəlxalq Məhkəmə öz qərarlarında aşağıdakılara əsaslanır: beynəlxalq konvensiyalar və sazişlərə; beynəlxalq ənənəyə; hüququn mədəni millətlər tərəfindən qəbul edilmiş ümumi prinsiplərinə; hüquq normalarını müəyyənləşdirmək üçün yardımçı vəsait kimi məhkəmə qərarları və ən görkəmli mütəxəssislərin doktrinalarına. Bundan əlavə tərəflərin razılığı olarsa, məhkəmə işi formal qanun üzrə yox, ədalətlilik prinsiplərinə uyğun (yəni “ex aequo et bono”) həll edə bilər. Bu Məhkəmə beynəlxalq öhdəliyə zidd bir hərəkət nəticəsində hər növ zərər ilə əlaqədar məsələləri də həll edir.
BMT-nin 2000-ci ildəki İnsan İnkişafı Hesabatında göstərilib ki, Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində Azərbaycana təxminən 53,5 milyard dollar məbləğində ümumi iqtisadi zərər vurub. Azərbaycan ekologiyasına isə 265 milyard 281 milyon 198 min 203 dollara yaxın ziyan dəyib. Hüquq ekspertləri hesab edirlər ki, dünyada baş verən hərbi münaqişələrdən sonra vurulan ziyanı ödəmək üçün ölkələr qarşısında öhdəlik yaradan bir sıra digər hüquqi aktlar da var. Belə konvensiyalar da, başqa beynəlxalq hüquqi normativlər də tarixi və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.
Azərbaycan torpaqlarını işğaldan azad etməklə Ermənistanın işğalçı olduğunu bir daha isbat etdi. Deməli, bütün beynəlxalq sənədlərə və ədalət prinsiplərinə əsasən, Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə görə Ermənistan məsuliyyətə cəlb olunub əməllərinə uyğun cəzasını almalıdır. Hətta Xocalı, Ağdabanda və başqa bölgələrdə soyqırımı törədənlər, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları Haaqa Məhkəməsində mühakimə olunmalıdır. Tarixdə belə hadisələrin analogiyaları var. Serbiya liderlərinin Bosniya müsəlmanlarına və Kosova albanlarına qarşı törətdikləri cinayətlərə görə cəzalandılmalarını örnək göstərmək olar: Qoran Xaciç, Ratko Mladiç, Radovan Karaciç, Voislav Şeşelya, Yadranko Praliç və s. İraqın keçmiş prezidenti Səddam Hüseyn barəsində edam hökmünün çıxarılması da buna nümunə ola bilər.
Hər halda törətdiyi cinayət əməlləri Ermənistanın Azərbaycana vurduğu maddi ziyana görə təzminat verməsini şərtləndirir. Son 30 ildə bu kimi hadisələr olub. İraqın Küveyt torpaqlarını işğalı zamanı (1990-cı il 17 yanvar – 1991-ci il 28 fevral) tərəflərin bir-birinə vurduğu ziyanın ödənilməsi ilə bağlı BMT tərəfindən komissiya yaradılmışdı. Onda Təzminat Komissiyasının iddiasına əsasən, İraq 1990-1991-ci illərdə Küveyt iqtisadiyyatına və vətəndaşlarına vurduğu ziyana görə 50 milyard dollardan çox təzminat ödəmişdi. 1951-ci ildə İsrail hakimiyyəti Almaniyaya təzminat üçün iddia qaldırıb. Hesablamalara görə, kompensasiya adambaşına 3 000 ABŞ dolları (2020-ci ildə 29 900 dollar) olduğundan Almaniyanın onlara 1,5 milyard dollar (2020-ci ildə 15 milyard dollara bərabər) borcu olub. Almaniya Federativ Respublikası faşistlərə görə müharibə dövründə ziyan dəyən yəhudilərə təzminat ödəyib.
Beləliklə, bütün şərtlər Ermənistanın Azərbaycana təzminat ödəməsinə və azərbaycanlılara qarşı cinayətlər törətmiş siyasi, yaxud dövlət xadimlərinin cəzalandırılmasına əsas verir. Bir dövlət olaraq, Ermənistanın və onu idarə etmişlərin cinayətə cəlb edilməsi müasir dünyada təcavüzkar dövlətlərə də özünəməxsus dərs olar. Bununla da insanlığa qarşı cinayətə görə heç kimin cəzasız qalmayacağı prinsipi təsdiqlənər. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə nə qədər haqlı idisə, Ermənistandan təzminat istəməkdə də o dərəcədə haqlıdır.
Sədrəddin İsmayılov,
analitik
Şərhlər bağlıdır.