BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

TAPDALANAN, HÜQUQLARI POZULAN AZƏRBAYCAN DİLİ

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dil millətin simasını səciyyələndirən amillərdən birincisidir. O, hər bir millətin varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup 193 dövlətin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 106-ya bərabərdir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.

Dünyada tapdalanan, hüquqları pozulan dillər içərisində Azərbaycan dili önəmli yeri tutur. Əlbəttə söhbət Güneyimimizdən gedir. Çünki o yeganə dildir ki, alternativi yoxdur. Pəhləvi rejimindən bu günədək ölkədə sayca üstünlük təşkil edən bir dil total hücuma məruz qalıb.

Təqribən 100 ilə yaxındır azərbaycanlılara öz dillərini unutdurmaq, ictimai yerlərdə o dildə danışmaq yasaq edilib. Yalnız 1945-1946-cı illərdə xalq bu dili maneəsiz işlətməklə Azərbaycan dilinin əsl ləzzətini dadıb. Sonra isə hücumlar başlayıb və bu günədək şah rejimini molla rejimi əvəzləsə də vəziyyət daha da ağırlaşmaqdadır. Biz bu barədə Beynəlxalq Ana Dili Gününə həsr etdiyimiz tədbirdə Clubhause-də geniş söhbət açdıq. Ürəyimizdəki bütün nisgillərə nəzər saldıq. Böyük ümüdlə bu sözləri dilə gətirdik: Yaşasın, daim var olsun, dogma dilimiz!

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.