Gəlin, Azərbaycanın həmişə yaşar və əbədi qalması üçün hamımız birlikdə müqəddəs milli əsgər paltarını əynimizə geyinək və azadlıq paqonlarını tam bir iftixarla çiyinlərimizə taxaq.
Əziz həmvətənlər, ey azərbaycanlı cavanlar, ey Səttarxan oğulları, ey milli fədailər, ey iftixarlı nəsil, ey azadlıqsevərlər odrusunun öndərləri, hərəkətə gəlin və mərd addımlarla irəli gedin. Bütün gücümüzlə elə bir milli ordu yaradaq ki, əziz Azərbaycanımızın azadlığını və müxtariyyatını əbədi olaraq qoruya bilsin, beynəlxalq irtica bizim milli qüdrətimizdən və gücümüzdən qorxsun.
Ey Azərbaycan oğulları, öz iştirakınızla vətən fədailəri sırasında və Azərbaycanın azadlıq tarixində şərəfli yer tutmağınızın vaxtıdır. Bu gün Vətən sizi, qəhrəman və döyüşkən Mad oğullarını səsləyir, Vətənin sizin varlığınıza ehtiyacı var. Gəlin, ayağa qalxıb birlikdə Vətənimizin qədim qalalarının atəşgahlarında və bürclərində azadlıq alovunu şölələndirək, milli bayrağımızı yenidən Muxtar Azərbaycanımızın tarixi qala divarlarının üzərində dalğalandıraq.
Əziz yoldaşlar, mehriban yurddaşlar! Qara Tehran, qorxulu Tehran, bir neçə ay öncə bizim qanuni tələblərimizi eşitməyə belə hazır olmayan Tehran bu gün xalqımızın vəhdəti, ittifaqı və məğlubedilməz gücü qarşısında dizə çökmüş və öz məyusluğunu ifadə edir. Bu, bizim iftixar mənbəyimizdir. Bu gün Orta Şərqdə yalnız biz ayağa qalxıb açıqcasına daxili və xarici irticanın zülmünə qarşı müharibə elan etmişik. Biz azad və muxtar olmaq istəyirik. Bu milli qərara və xalq hərəkatına qarşı olan hər bir kəs və hər bir vəzifə sahibi Azərbaycanın düşmənidir və Azərbaycanın düşmənlərinə burada yer yoxdur.
Bizik ki, ayağa qalxdıq və yalın əllə cəlladları, qatilləri tərk-silah etməyə başladıq və irticanın şər qüvvələrini bir-birinin ardınca məğlub edib qaçmağa vadar etdik. Bu milli qiyama istehza ilə baxanlar bu gün qədim dostluqdan danışırlar, amma biz Azərbaycanın azadlığına düşmən olanlara güzəşt etməyəcəyik.
Ey Azərbaycanın şir ürəkli oğulları, bu tarixi qələbələri qorumaq üçün ordu sıralarına yazılın. Bilin ki, bizim ordumuz döyüşən bir ordu olacaq və o, azadlığı qoruyacaqdır, o, xalqa söykənəcəkdir, o, Azərbaycanın milli ordusu olacaqdır.
Hələlik, siz könüllülərə verilən hərbi kömək azdırsa da, bu müvəqqətidir. Dövlətimizin maliyyə qaynaqları möhkəmləndikdən sonra sizin əmək haqlarınız artırılacaqdır.
Azadlıqsevərlərin pul və mal sevgisi olmur, onlar hamısı Vətən tərəqqisinin aşiqləridirlər.
Biz də öz milli və tarixi vəzifəmizi yerinə yetirmək üçün xalq qoşunu sıralarına adımızı yazdıracağıq. Ola bilsin ki, bir gün vəzifəmizi yerinə yetirmək imkanı yaranacaq. Vətən əziz xələf Azərbaycan övladının intizarındadır ki, tezliklə Gilandakı, Mazandarandakı, Xuzistandakı, bir sözlə, bütün İrandakı digər qardaşlarının da köməyinə yetişsin və öz süngüsü ilə irticanı İrandan bayıra töksün.
Yaşasın Milli Ordumuz!
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 83, 21 dekabr 1945-ci il
Təqdim etdi: Səməd Bayramzadə
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.